Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və energetika sferalarında əməkdaşlığa əsaslanan dərin tarixi və mədəni kökləri var. Azərbaycan indiyə qədər Türkiyənin də iştirakı ilə reallaşdırdığı enerji layihələri ilə faktiki Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını təsdiq edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri dünya nizamında daha çox ehtiyac duyulan layihələrə çevrilib. Azərbaycan bu gün artıq 12 ölkəyə qaz ixracatçısı qismində çıxış edir. Bu ölkələrin də 10-u Avropa dövlətləridir. Bu cür nailiyyətlərin yükü məhz TANAP-ın üzərinə düşür. Çünki Cənub Qaz Dəhlizinin mərkəzi seqmenti Avropa istiqamətində inşa olunmuş ən yeni infrastrukturdur.
Xəbər verildiyi kimi, martın 5-də Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Qaz kəməri üzrə Anlaşma Memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Təməli isə 2023-cü il sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın iştirakı ilə qoyulub. İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyənin enerji sektoru ilə bir-birinə daha sıx bağlanmasını şərtləndirəcək. Çünki yeni xətt 30 il üçün Naxçıvanın enerji tələbatının ödənməsini nəzərdə tutur. Belə ki, Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürüləcək və regionun bir mənbədən asılılığını aradan qaldıracaq. Bu baxımdan kəmər respublikamız üçün həm iqtisadi, həm də geosiyasi baxımdan strateji çəkiyə sahibdir.
Xatırlatmaq yerinə düşər ki, İğdır-Naxçıvan qaz kəməri layihəsi 5 iyun 2023-cü ildə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən, İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.
İrandan uzun illər davam edən asılılığına son qoyan kəmər
Bu layihənin əhəmiyyətini yüksək dəyərləndirən iqtisadçı-ekspert Eldəniz Əmirov “İki sahil”ə bildirib ki, İğdır-Naxçıvan qaz kəməri Azərbaycanın Naxçıvanın enerji təminatında İrandan uzun illərdir davam edən asılılığına son qoyur: “Bu baxımdan kəmər Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi baxımdan uğurlu addımdır. Kəmərin işə düşməsi Naxçıvana bir mənbədən gələn qaz təminatını aradan qaldırır, onu şaxələndirir. İğdır-Naxçıvan qaz kəmərinin tikintisi ideya olaraq 2009-cu ildə formalaşmışdı. O zamanlar SOCAR-da çalışırdım. Qaz kəmərinin ideyası peşəkar mütəxəssis Fəxrəddin Kərimov tərəfindən SOCAR-ın mərhum birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə təqdim etmişdi. Sevindirici hal odur ki, həmin dövrdə bu məsələ ölkə Prezidentinə məruzə edilmişdi. Bu məsələnin strateji əhəmiyyəti hər zaman Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Bir neçə gün əvvəl artıq biz həmin kəmərin açılışının şahidi olduq. Bu kəmər Naxçıvan Muxtar Respublikasının təkcə istehlakçılarının deyil, eyni zamanda, iqtisadi təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin yüksək səviyyədə təmin olunmasında öz rolunu oynayacaqdır. Günlük 2 milyon, illik 730 milyon kubmetr həcmində bir idxal muxtar respublika iqtisadiyyatı üçün sözsüz ki qənaətbəxş hesab edilə bilər".
Zəngəzur dəhlizi açıldıqdan sonra...
E.Əmirov bu kəmərin perpektivdə gücünün 2 dəfədən çox artırılması imkanının olduğunu da vurğulayıb: "Eyni zamanda, Zəngəzur dəhlizi açıldıqdan sonra bu kəmər Azərbaycan qazını sözügedən dəhliz üzərindən Naxçıvan və Türkiyədən keçməklə geri istiqamətdə Türkiyə və Avropaya çatdıra biləcək. Məsələnin əsas tərəfi budur. Düşünürəm ki, bu kəmər bu gün Naxçıvana qaz tədarük edirsə, gələcəkdə Naxçıvandan qaz tədarükünü təmin edə biləcək".
Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasına ehtiyac var
Ekspert, həmçinin orta perspektivdə Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasının zəruri olduğunu vurğulayıb: "Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasına ehtiyac vardır. Çünki boru kəmərlərində müəyyən fasilələr yaranan zaman əhalinin, xüsusən də iqtisadi fəaliyyətlə məşğul olan təsərrüfat subyektlərinin enerji təminatının kəsilməsi ciddi problemlər yarada bilir. Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılması bu problemi sığortalamış olar. Bildiyimiz kimi, Naxçıvanda duz yataqları vardır və onlar qaz anbarlarının yaradılması üçün dünyada istifadə edilən bir neçə təbii şəraitlərdən biridir. Amma Naxçıvanda duz yataqları hətta buna imkan verməsə belə, izotermik qaz yataqlarının yaradılması mümkündür. Bununla bağlı Azərbaycanın kifayət qədər peşəkar mütəxəssisləri vardır. Hesab edirəm ki, orta perspektivdə bu məsələyə baxılması daha məqsədəuyğun olardı".
Qaz kəməri Naxçıvanın inkişafına yeni impuls verəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədovun fikrincə, İğdır-Naxçıvan qaz kəməri sadəcə bir kəmər deyil, həm də “Bir millət-iki dövlət” arasında qardaşlığı, dostluğu möhkəmləndirən növbəti bağdır: “Bu xətt Azərbaycan - Türkiyə strateji enerji tərəfdaşlığında yeni bir keçid olmaqla üçüncü qaz kəməridir: Bakı-Tiflis-Ərzurum, TANAP və İğdır-Naxçıvan.
Kəmər həm də Naxçıvan-İğdır istiqamətində enerji daşıyıcısı kimi
Azərbaycan və Türkiyəyə daha böyük dividendlər gətirə bilər
Qaz kəmərinin çəkilməsi Naxçıvanın inkişafına yeni impuls verərək muxtar respublikanın iqtisadi və siyasi təhlükəsizliyini təmin edilməsində strateji əhəmiyyət daşıyır. İğdır-Naxçıvan kəməri Azərbaycan qazını Türkiyə üzərindən svop mexanizmi ilə Naxçıvana çatdırır. Zəngəzur dəhlizinin açılmasından sonra isə Azərbaycanın əsas hissəsi ilə qədim torpağı olan Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizlərinə uyğun enerji dəhlizləri də reallaşdırılacaq. Bu zaman İğdır-Naxçıvan kəməri həm də Naxçıvan-İğdır istiqamətində enerji daşıyıcısı kimi Azərbaycan və Türkiyəyə daha böyük dividendlər gətirə bilər”.
Orxan Vahidoğlu, “İki sahil”