16 aprel 2026 23:35
145

Dostluq, səmərəli əməkdaşlıq münasibətləri yeni perspektivlər vəd edir - Bakı-Vaşinqton

Hazırda ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qarşılıqlı maraqlar əsasında inkişaf edir. 2025-ci il avqustun 8-də Anlaşma Memorandumunun imzalanmasından sonra, Azərbaycan-ABŞ iqtisadi münasibətləri strateji investisiya və regional əlaqələr üzrə yeni dinamika qazanıb. Əməkdaşlıq enerji, ticarət və tranzit istiqamətlərini, eləcə də enerji investisiyaları və regional infrastruktur layihələrini, həmçinin süni intellekt və rəqəmsal infrastruktur sahələrini əhatə edir. Azərbaycan və ABŞ arasındakı iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın vacib komponentlərindən birini təşkil edir. 2025-ci ilin 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub. Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib.

Bakı ilə Vaşinqton arasında münasibətlər demək olar ki, yeni mərhələyə qədəm qoyub. Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzanlanması bunun bariz göstəricisidir.

Prezident İlham Əliyev 2026-cı il fevralın 10-da ölkəmizdə səfərdə olan ABŞ-ın Vitse-prezidenti Ceymis Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradıb: “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq. Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ- ın müttəfiqləridir”.

ABŞ-ın Vitse-prezidenti Ceymis Devid Vens Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib ki, burada-Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var: “Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq”.

İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsindən irəli gələn məsələlər, o cümlədən enerji və ticarət sahəsində əməkdaşlıq, regional əlaqələrin inkişafı və iqtisadi investisiyalar davamlı olaraq müzakirə olunur. Aprelin 15-də Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələrinin nəqliyyat, rəqəmsallaşdırma, süni intellekt və digər sahələrdə potensial layihələrin, Azərbaycanın regional enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolunun, Orta Dəhliz daxilində ticarət yollarının şaxələndirilməsinin, ölkədəki əlverişli biznes və investisiya mühitinin və yeni əlaqələrin qurulması imkanlarının müzakirə etmələri bunun əyani təsdiqidir.

Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib ki, Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür: “Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatı. ABŞ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması səylərinə də töhfə verib. Siyasi qarşılıqlı fəaliyyət və sülhməramlı səylərlə yanaşı, tərəfdaşlıq yeni nəqliyyat marşrutlarının inkişaf etdirilməsinə yönəlib. Lakin bu, yeganə məsələ deyil. Məqsəd gələcəkdə Şərqi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qərbi Avropa ilə birləşdirəcək yeni və ya alternativ bir əlaqə yolu yaratmaqdır”.

Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. Bakı Vaşinqtonla təhlükəsizlik, süni intellekt, terrorizmə qarşı mübarizə, nəqliyyat-lokistika, enerji sahələrində, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Zahid Rza, “İki sahil”