16 mart 2025 17:11
130

Latakiyada partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Suriya şəhəri Latakiyanın cənubunda şənbə günü baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 18 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Watan” qəzeti Mülki Müdafiə Xidmətinin bəyanatına istinadən bildirib.

Məlumata görə, ölənlər arasında beş qadın və beş uşaq var. Bəyanatda vurğulanıb ki, bu məlumatlar ilkindir, çünki xilasetmə işləri davam edir. Dağılmış binanın altında hələ də meyitlər qalır.

Daha öncə hadisə nəticəsində 3 nəfərin öldüyü deyilirdi.

Yerli Mülki Müdafiə Xidmətinin məlumatına görə, partlayışa metal tullantıları anbarında partlamamış böyükkalibrli mərminin detonasiyası səbəb olub. O, partlayış nəticəsində uçmuş Ər-Raml məhəlləsindəki dördmərtəbəli evin yaxınlığında yerləşirdi.