Gizli geosiyasi marağın olmaması və səmimi əməkdaşlıq təklifi Afrika dövlətlərində ölkəmizə böyük simpatiya yaradıb
Azərbaycan-Somali münasibətlərində iqtisadiyyat, investisiya, təhsil və müdafiə sahələri prioritet təşkil edəcək
Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hər zaman prioritet olub. Afrika dövlətləri də Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük əhəmiyyət verirlər. Elə bu səbəbdən Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Şübhəsiz, ölkəmizin Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi Afrika ölkələri ilə əməkdaşlığımıza yeni təkan verib. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və onlarla əlaqələrinin inkişafına böyük səylər göstərib. Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da rəsmi Bakı bu ölkələrin maraqlarına sadiq olduğunu nümayiş etdirib. Həm də Prezident İlham Əliyev üzləşdirkləri problemləri aradan qaldırmaq məqsədilə həmin dövlətlərə dəstək göstərilməsinin vacibliyini bütün dünyaya bəyan edib.
Hələ 2021-ci ildə Seneqalın xarici işlər naziri Dudu Tiam demişdi ki, Afrika dövlətlərinin inkişafdan geri qalmalarının səbəbi rəsmi Parisdir. Bu dövlətin kolonial siyasəti xalqların sosial vəziyyətinin ağırlaşmasının əsas səbəbidir. Afrika dövlətlərinə dəstək verən azsaylı ölkələrdən biri olan Azərbaycan Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə neokolonializm siyasətini davam etdirən, bu dövlətlərin təbii sərvətlərini talayan Fransanın zülmündən əziyyət çəkən Afrika ölkələrinin səsinin dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də ciddi addımlar atır. Ölkəmizin mənəvi dəstəyi ilə Afrikanın bir sıra bölgələrində müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizəsini davam etdirməsi bu faktı bir daha sübut edir. Azərbaycanın bu kimi təşəbbüsləri, yəni həm diplomatik, həm də humanitar addımları da Afrikada müsbət qarşılanır.
Bir məsələni də vurğulayaq ki, Makron Fransası Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı bu uğurlu mübarizəni həzm edə bilmir. Odur ki, ölkəmizə qarşı hədyanlar yağdırmaqda davam edir.
Bəli, bu gün Afrika dövlətləri Azərbaycana daha çox yaxınlaşmaqdadır. Bunun əsas səbəblərindən biri ölkəmizin heç bir gizli geosiyasi gündəliyinin olmaması və həmin ölkələrə səmimi əməkdaşlıq təklif etməsidir. Bu amil Afrika dövlətlərində Azərbaycana qarşı böyük simpatiya yaradıb. Hazırda bu dövlətlər öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm aktorlara çevrilmək məqsədilə Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsindən, xüsusilə enerji resursları modelindən yararlanmaq niyyətindədirlər. Son illər bu dövlətlərin rəsmilərinin ölkəmizə mütəmadi səfərləri, müxtəlif istiqamətlərdə fikir mübadilələri aparmaları da bir daha bundan xəbər verir. Qeyd olunanlar Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, ölkəmizin də beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Yeri gəlmişkən, rəsmi Bakı Afrika ölkələrinin enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində inkişaf etməsinə töhfə vermək məqsədilə ortaq layihələrlə yanaşı, iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün biznes forumlar və sərgilər təşkil edərək, onların qlobal bazarlara inteqrasiyasını dəstəkləyir. Həmçinin Afrika ölkələrinin təhsil sahəsində inkişafını dəstəkləmək üçün tələbələrə təqaüdlər ayırır və akademik mübadilə proqramlarını təşviq edir. Azərbaycan həm də türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı kimi çıxış etməklə bu ölkələrə yeni töhfələr bəxş etmək niyyətindədir.
Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Şübhəsiz, Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Yeri gəlmişkən qeyd edək ki, fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında (yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahələri ilə əlaqədar) imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını əminliklə vurğulayıb: “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq”. “Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir” deyən dövlətimizin başçısı, həmçinin bildirib ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır. Buna rəğmən, dövlətimizin başçısı Somalidə sərmayə imkanlarının müzakirəsinin davam etdirilməsinin vacibliyini də qeyd edib.
“Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaq mənim üçün həqiqətən də böyük şərəfdir” deyən Somali Prezidenti Hasan Şeyx Mahmud çox məhsuldar keçən görüşü Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı kimi dəyərləndirib. Somalinin çətin dövrdən çox parlaq gələcəyə keçid edən, zəngin resurslara və böyük potensiala malik ölkə olduğunu vurğulayan Hasan Şeyx Mahmud bildirib ki, lakin şərait inkişaf etməyə imkan verməyib: “Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir”.
İmzalanmış sənədlərdən söz açan Somali Prezidenti bildirib ki, imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır: “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq.”
Qeyd edək ki, Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Xatırladaq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub.
Qvami Məhəbbətoğlu, “İki sahil”