13 fevral 2025 02:59
157

Təpəbaşı mirası yox olur!

Bəs UNESCO haradadır?

İcma: Beynəlxalq təşkilatları Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq

Ermənistanda azərbaycanlılara məxsus mədəni və dini irsin sistematik şəkildə məhv edilməsi təkcə tarixi və mədəni dəyərlərin dağıdılması deyil, eyni zamanda, bir xalqın keçmişinin, izlərinin silinməsi deməkdir.  Ermənistan ərazisində azərbaycanlılara məxsus məscidlər, qəbiristanlıqlar, tarixi abidələr və yaşayış məskənləri uzun illər ərzində ya dağıdılıb, ya da məqsədli şəkildə erməni izləri ilə əvəz edilib. İrəvan xanlığının tarixi irsi, “Göy məscid”, “Sərdar sarayı” kimi abidələr məhz bu siyasətin qurbanı olub. Xüsusilə 1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası bu prosesin daha aqressiv fazaya keçdiyini göstərir.  Belə halların qarşısını almaq üçün Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində bu məsələləri qaldırır, mədəni irsin qorunması ilə bağlı davamlı çağırışlar edir. Çünki mədəni irs təkcə bir xalqa deyil, ümumbəşəri tarixə aiddir və onun məhv edilməsi bütövlükdə insanlığın mirasına vurulan zərbədir.

Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. İrəvandakı “Göy məscid”in "fars məscidi" kimi təqdim edilməsi və Təpəbaşı məhəlləsinin məhv edilməsi bu siyasətin tərkib hissəsidir. İrəvandakı “Göy məscid” XVIII əsrdə inşa edilib və orada əsasən azərbaycanlılar ibadət ediblər. İrəvan xanlığının tərkibində olan bu şəhər XIX əsrə qədər demoqrafik baxımdan azərbaycanlıların üstünlük təşkil etdiyi bir məkan olub. Ermənistanda salamat qalmış yeganə məscid olan “Göy məscid”in "fars məscidi" kimi təqdim edilməsi, əslində onun Azərbaycan mədəni irsinə aid olduğunu gizlətmək məqsədi daşıyır. Bu, Ermənistanın azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət nümunələrini özününküləşdirmək siyasətinin bariz nümunəsidir. Bu yanaşma təkcə “Göy məscid”lə məhdudlaşmır. Ümumiyyətlə, Ermənistanda azərbaycanlıların irsinə aid olan abidələrin ya tamamilə dağıdılması, ya da saxtalaşdırılaraq başqa etnoslara aid edilməsi geniş yayılmış praktikadır. Məqsəd isə azərbaycanlıların bu torpaqlarda tarixən yaşadıqlarına dair bütün izləri silməkdir.

Təpəbaşı məhəlləsi isə  İrəvanın ən qədim yaşayış məhəllələrindən biridir və XVII əsrdən etibarən burada azərbaycanlılar məskunlaşıb. 1831-1832-ci illərə aid kameral təsvirlər və XIX əsrin arxiv sənədləri göstərir ki, şəhərin bu hissəsində küçə adları və etnik tərkib dəyişmədən qalıb. Burada yerləşən Dərəkənd, Axund, Xan bağları, Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı kimi küçələrin adları da həmin dövrün Azərbaycan irsini təsdiqləyən tarixi sübutlardır. Ancaq sonrakı dövrlərdə – 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və ən nəhayət 1988-ci ildə erməni hökumətinin həyata keçirdiyi deportasiya siyasəti nəticəsində Təpəbaşı tamamilə azərbaycanlılardan təmizlənib. Bu məhəllədə yaşayanların yerinə Ermənistana köçürülən ermənilər yerləşdirilib və bununla da etnik tərkib süni şəkildə dəyişdirilib. İndiki vəziyyətdə bu tarixi abidənin tamamilə baxımsız qalması və vandalizmin hədəfinə çevrilməsi Ermənistanın həqiqi niyyətlərini bir daha ifşa edir. Bu günlərdə sosial şəbəkələrdə bir blogerin İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb. Blogerin paylaşdığı görüntülər məscidin tamamilə sahibsiz qaldığını və tarixi-dini abidə kimi deyil, içki içilən bir yer kimi istifadə edildiyini sübut edir. Bu, sadəcə etinasızlıq deyil, açıq şəkildə mədəni və dini təhqirdir. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir ki, bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir.

“Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq”,- deyə bəyan edən Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən, Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edib.

Qeyd edək, mədəni irsin qorunması təkcə tarixi ədalətin bərpası deyil, həm də fundamental insan hüquqlarının təmin edilməsi məsələsidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq sənədlər insanın mədəniyyətə və mədəni irsə çıxış hüququnu təsbit edir. Burada əsas vurğulanmalı məqam ondan ibarətdir ki, mədəni hüquqlar təkcə fərdi deyil, həm də kollektiv hüquqdur. Yəni, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququ kimi oradakı tarixi-mədəni irsdən istifadə etmək hüququ da pozulmazdır.

Ermənistanın Qərbi azərbaycanlıların qayıdışından əvvəl, qayıdış dövründə və sonra onların mədəni irsini qorumaq və bərpa etmək kimi hüquqi öhdəlikləri var. Beynəlxalq Paktlar və Konvensiyalar da bunu açıq şəkildə tələb edir. UNESCO bu məsələdə daha aktiv rol oynamalıdır. UNESCO-nun əsas missiyalarından biri mədəni irsin qorunması olsa da təşkilat indiyə qədər Ermənistanın Azərbaycan mədəni irsinə qarşı həyata keçirdiyi sistematik vandalizm aktlarına qarşı yetərli və prinsipial mövqe ortaya qoymayıb. Ermənistanın Qərbi Azərbaycandakı Azərbaycan irsini məqsədyönlü şəkildə məhv etməsi, tarixi abidələri saxtalaşdırması, dini məkanlarımızı təhqir etməsi və azərbaycanlılara məxsus izləri tamamilə silməyə çalışması UNESCO-nun nizamnaməsinə və beynəlxalq hüquqa açıq-aşkar ziddir. Bütün bu cinayətlərə baxmayaraq UNESCO Ermənistana heç bir ciddi xəbərdarlıq etməyib, monitorinq aparmaq üçün real addımlar atmayıb və bu vandallığın qarşısının alınması üçün effektiv mexanizmləri işə salmayıb. Təşkilatın susqunluğu, faktiki olaraq, Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi vandalizm siyasətinə dolayısı ilə legitimlik qazandırır. Belə olan halda UNESCO-nun obyektivliyi və mədəni irsin qorunması sahəsindəki missiyası ciddi şübhə altına düşür. Ermənistanın törətdiyi mədəni cinayətlər beynəlxalq təşkilatlar tərəfindən cavabsız qalmamalıdır!

Nigar Orucova, “İki sahil”