Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təbrik edib. O, bu barədə X hesabında belə bir paylaşım edib: "Azərbaycan Respublikasını və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram". Bu, Paşinyanın Azərbaycanla bağlı sosial şəbəkə üzərindən yayımladığı ilk bayram təbrikidir. Paşinyan bu təbrikində səmimidirmi? Yeri gəlmişkən xatırladaq ki, Ermənistanın əvvəlki liderlərindən heç biri Azərbaycan xalqını bayram münasibətilə təbrik etməyib.
İlk baxışdan Paşinyanın Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı bu təbrikini, başqa sözlə desək jestini müsbət dəyərləndirmək olar. Amma unutmayaq ki, 44 günlük Vətən müharibəsindən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaratmaqda davam edir. Təcavüzkar ölkə öz havadarları, xüsisilə Fransa və Hindistanla əlbir olaraq sürətlə silahlanır, Avropa İttifaqının “mülki missiya”sı adı altında şərti sərhəddə təxribatlarla məşğul olur. Halbuki, bu ilin martında Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb. Amma hələ də Azərbaycanın ərazi bütövlüyünə olan iddialar Ermənistan konstitusiyasından çıxarılmayıb, o cümlədən uzun illər iflic vəziyyətində olan Minsk qrupu ləğv edilməyib. Hətta Ermənistan rəsmiləri bu gün də beynəlxalq tribunlarda çıxış edərkən Minsk qrupuna istinad edir və onu "əvəzolunmaz format" kimi təqdim etməyə çalışırlar. Görünən odur ki, Paşinyan sülhü və firavanlığı yalnız sözdə görür, amma əməllərində buna riayət etmir. O hələ də anlamır ki, real sülh üçün yalnız təbrik kifayət etmir.
Halbuki, Paşinyan da yaxşı bilir ki, bu iki şərt regionda dayanıqlı sülhün əldə olunması üçün başlıca şərtlərdir. Yəni, bu gün sülh və firavanlılğın açarı Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarını ehtiva edən maddələrin dəyişdirilməsi, Minsk Qrupunun ləğvi və sülh müqaviləsinin imzalanmasıdır. Amma o, hələ də bunlara məhəl qoymur. Üstəlik, müxtəlif bəhanələrlə beynəlxalq ictimaiyyəti çaşdırmaqda, özünü “sülh göyəçini” kimi aparmaqdadır. Belə olan təqdirdə bu şəxsin “ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq” arzulaması olduqca absurd deyilmi? Şübhəsiz, bu onun növbəti yalanından başqa bir şey deyil.
Əslində isə Paşinyanın bu təbrikinin arxasında başqa niyyətlər dayanır. Yəni, o bununla bir daha “sülh göyərçini” olduğunu beynəlxalq aləmə nümayiş etdirməyə, daha doğrusu, sülhün əldə olunmamasını Azərbaycanla bağlamağa çalışıb. Yəni, o bu təbriklə demək istəyib ki, guya Ermənistan sülh istəyir, amma Azərbaycan bunun əleyhinədir. Bununla da Paşinyan Ermənstanın "sülhpərvər" obrazına yeni çalarlar əlavə edir. Şübhəsiz, bu da onun məkrli erməni xislətindən irəli gəlir. Bu mənada Paşinyanın səmimilikdən uzaq olan bu təbrikini təxribat xarakterli təbrik kimi dəyərləndirmək olar.
Qvami Məhəbbətoğlu, “İki sahil”