Prezident İlham Əliyev Davosda Çin telekanalına Azərbaycanın illər ərzində yürütdüyü siyasət də daxil olmaqla şaxələndirilmiş xarici siyasət konsepsiyası ilə bağlı olduqca geniş müsahibə verib. Prezidentin müsahibəsindən irəli gələn mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan uğurlu xarici siyasət kursu ilə dünyada nüfuzunu artırıb və bu xətt də davam edəcək. Prezident Çinin də üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi yer ayırıb. Bəyan edib ki, ölkəmizin təşkilatda statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır: “Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var”. Müsahibədə Azərbaycanın Çinlə iqtisadi əlaqələrindən bəhs edilib. Çinin həm siyasi, həm iqtisadi, həm infrastruktur ticarət sahəsində əlaqələrin genişləndiyini bildirib və bununla yanaşı, Çin şirkətlərinin Çin kapitalının Azərbaycanda yerləşdirilməsi, sərmayələrin qoyulması barədə məlumat verib .
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
Kamran Bayramov qeyd edib ki, dövlət başçısı müsahibəsində dünyanın iki nəhəngi - Çin və ABŞ-nin bir-biri ilə münasibətlərinə də toxunub. Bildirib ki, Çin və ABŞ rəhbərlərinin yenidən təmasda olması dünya üçün yaxşı xəbər idi: “Bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir”. Ölkə rəhbəri vurğulayıb ki, müxtəlif məsələlərdə Çin və ABŞ arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması, sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq.
Bəzi qərəzli ölkələr Ermənistan, Fransa və başqaları Azərbaycanın müharibəyə hazırlaşdığına dair yalan, saxta məlumatlar, fikirlər, açıqlamalar yayırlar. Dövlət başçımız bu müsahibədə dünyanın qarşıdurmaya, biri-birinin daxili işinə müdaxiləyə, müharibəyə, təcavüzə deyil, həmişəki kimi, sabitliyə, sülhə, əmin-amanlığa, əməkdaşlığa ehtiyacının olduğunu qeyd edib.
Deputat diqqətə çatdırıb ki, dövlət başçımız bəzi müstəmləkə keçmişi olanları davranışlarına, başqa ölkənin işlərinə müdaxilə etməyə görə tənqid edərək deyib ki, onların bu hərəkəti olmazsa, münaqişələr, narazılıqlar, müharibələr olmaz: “Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diqtə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır".
Deputat əlavə edib ki, müsahibədə diqqətçəkən məqamlardan biri də odur ki, Prezident bütün ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verdiyini bildirib. Məsələn, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması da Azərbaycanın çoxvektorlu siyasətinin nəticəsidir. Dövlət başçısı vurğulayıb ki, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır: “Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır”.
Səbinə Kazımova, “İki sahil”