10 fevral 2025 18:10
478

Sənədsiz evlərin aqibəti: Qanun onların “üzünə güləcək” yoxsa?..

Lalə Əkbərova: Özbaşına tikintilərin (fərdi yaşayış evləri) sənədləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər olacağı təqdirdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən səlahiyyətlər daxilində tədbirlərin görülməsi təmin ediləcək

“İki sahil”in müsahibi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərovadır. Həmsöhbətimizlə  hələ də tam həllini tapmayan sənədsiz evlər problemi ilə bağlı mühüm məqamlara aydınlıq gətirəcəyik.

-Ölkədə aktual məsələlərdən biri də sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması ilə bağlıdır. Bu evlərin sənədləşdirilməsi  istiqamətində müəyyən addımlar atılsa da, məsələ tam həllini tapmayıb. Prosesi çətinləşdirən məqamlardan söz açmağınızı istərdik…

 -Bir çox hallarda sənədsiz evlər təyinatı üzrə tikinti aparılması üçün nəzərdə tutulmamış torpaq sahələrində inşa edilmişdir. Misal olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, meşə fondu torpaqlarında, yaxud magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin mühafizə zonalarında yerləşən yaşayış evlərini göstərə bilərik.  Adları çəkilən torpaq sahələrinin təyinatı onlarda tikinti aparılması ilə bağlı olmadığından bu evlərin sənədləşdirilməsi mümkün olmur.

Mülki Məcəllənin 180.1-ci maddəsində özbaşına tikintiyə anlayış verilərkən göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bəzi torpaq sahələri isə sürüşmə zonasında yerləşir. Bu da təbii olaraq onlar üzərində mülkiyyət hüququnun  qeydiyyatını mümkünsüz edir. Aydındır ki, sürüşmə ərazisi təhlükəli zona olmaqla, orada yaşayış evlərinin tikilməsi də özündə böyük risklər daşıyır. Bu baxımdan sürüşmə zonasında yerləşən torpaq sahələrinin vətəndaşlara ayrılması, habelə orada yaşayış evlərinin inşa olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.

- Çıxarışsız evdə yaşayan vətəndaş çıxarış almaq üçün ilk növbədə hara müraciət etməlidir? Bu yöndə işlər hansı ardıcıllıqla həyata keçiriləcək?

 - Hazırki qanunvericiliyə əsasən, fərdi yaşayış evləri üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərlə “ASAN xidmət” mərkəzlərinə, bu mərkəzlərin olmadığı rayon və şəhərlərdə isə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə, yaxud onun rayon şöbəsinə müraciət olunmalıdır.

-Hazırda sənədsiz evlərin sənədləşdirilməsi hansı mərhələdədir? Proses necə həyata keçiriləcək?

-Özbaşına tikintilərlə bağlı problemin köklü şəkildə həllinin aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında normativ-hüquqi akt layihələrinin hazırlanması üçün müxtəlif qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Müvafiq məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təhlillər aparılmışdır. Hazırda özbaşına tikintilərlə bağlı məsələnin tənzimlənməsi məqsədilə müvafiq normativ-hüquqi akt layihəsinin hazırlanması istiqamətində işlər həyata keçirilir.

Eyni zamanda, bu günədək inşa edilmiş fərdi yaşayış evləri üzərində hüquqların dövlət qeydiyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman layihəsi hazırlanmış və aidiyyəti qurumlara razılaşdırma üçün göndərilmişdir.

Əlavə olaraq fərdi yaşayış evlərinin qeydiyyatı üçün əsas məsələlərdən biri üzərində yerləşdiyi torpaq sahələrinin mülkiyyətə verilməsi prosedurlarının sadələşdirilməsi və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsidir. Bu məqsədlə “Torpaq islahatı haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsanamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və əlaqəli Fərman layihələri aidiyyəti qurumlarla razılaşdırılması məqsədilə göndərilmişdir.

Göstərilənlərə əsasən, özbaşına tikintilərin (fərdi yaşayış evləri) sənədləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edildiyi təqdirdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən səlahiyyətlər daxilində tədbirlərin görülməsi təmin ediləcək.

- Sənədsiz evlərin təyin olunaraq dövlət qeydiyyatına alınması məqsədilə yaradılması nəzərdə tutulan elektron portalın nə zaman istifadəyə verilməsi gözlənilir? Hazırda işlər hansı mərhələdədir?

 -Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2354 nömrəli Fərmanında nəzərdə tutulmuş “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı yoxdur. Belə ki, sistemin yaradılmasında məqsəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş sənədlərin (məlumatların) bu sistemə daxil edilməsi və həmin sənədlərdən (məlumatlardan) istifadə edilməsidir.

Adıçəkilən qanunun müvafiq maddələrində nəzərdə tutulmuş sənədlər daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlərdir. Bu sistem sənədsiz evlərin deyil, hüquqmüəyyənedici sənədlərin olduğu daşınmaz əmlakların qeydiyyatı prosesinin tam elektronlaşdırılmasını həyata keçirəcəkdir.

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2354 nömrəli Fərmanının icrası çərçivəsində müvafiq informasiya sisteminin Əsasnamə layihəsi, həmçinin sistemin yaradılması ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sahələrində normative-hüquqi aktların təkmilləşdirilməsinə dair bir sıra normativ-hüquqi akt layihələri hazırlanaraq aidiyyəti dövlət qurumlarına razılaşdırma məqsədilə təqdim edilmişdir.

- Son olaraq istərdik ki, qanunla evin necə tikilməli və qeydiyyata alınmalı olduğunu oxucularımızın diqqətinə çatdırasınız…

-Fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması üçün tələb olunan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş sənədlər Siyahısı ilə müəyyən edilmişdir. Hər iki normativ-hüquqi aktla e-qanun.az saytında tanış olmaq olar (linkləri müvafiq olaraq: https://e-qanun.az/framework/5456#_edn46  və https://e-qanun.az/framework/29097 ).

Məlumat üçün qeyd edə bilərik ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə görə, 2013-cü il yanvarın 1-dək inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:

- icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evləri üçün torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, yaxud yaşayış evinin istismara qəbul aktı;

-məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.

Qanunun 8.0.10-cu maddəsinə əsasən, 2013-cü ilin yanvarın 1-dən sonra məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evinə çıxarışın alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”