04 iyul 2025 19:05
170

Xarici ölkələrə çıxışı olan hər bir gənc Azərbaycanı layiqincə təmsil etməlidir - MÜSAHİBƏ

Əlviz Abdullayev: Ölkəmizi beynəlxalq platformalarda uğurla təmsil edən peşəkar diplomat kimi fəaliyyət göstərməyi hədəfləyirəm

Müasir dövrdə dövlətin həyata keçirdiyi məqsədyönlü gənclər siyasəti çərçivəsində gənclərə göstərilən dəstək onların fərdi inkişafına və cəmiyyətə inteqrasiyasına mühüm zəmin yaradır. Bu siyasətin davamlılığı istedadlı və təşəbbüskar gənclərin üzə çıxarılmasını və ictimaiyyətə təqdim olunmasını zəruri edir.

Bu amalı rəhbər tutan “İki sahil” gənclərə dəstək ənənəsinə sadiq qalaraq bu dəfə də uğurlu Azərbaycan gəncliyinin simasını oxucularımıza tanıdır. Budəfəki müsahibimiz ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunu, 2024-cü ildə “İlin gənci” mükafatına layiq görülmüş Əlviz Abdullayev dövlətin  etimadını doğruldan, bilik və bacarığını cəmiyyətin inkişafına yönəltməyi bacaran nümunəvi gənclərdəndir.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-Mən, Əlviz Abdullayev  ictimai fəallığı, diplomatiyaya olan dərin marağı və ölkəmin beynəlxalq aləmdə uğurla təmsil olunması arzusu ilə seçilən bir gəncəm. Beynəlxalq münasibətlər sahəsində bakalavr təhsilini bitirmiş və bu istiqamətdə həm nəzəri biliklər, həm də praktiki təcrübə qazanmışam. ADA Universitetində formalaşan akademik və liderlik bacarıqlarım, iştirak etdiyim diplomatik missiyalar və beynəlxalq tədbirlər mənə geniş dünyagörüşü bəxş etmişdir. Özümü daim inkişaf etdirməyə çalışan və əldə etdiyi bilik və təcrübələri cəmiyyətə faydalı şəkildə yönəltməyi qarşısına məqsəd qoyan bir gənc kimi təqdim edə bilərəm.

-Beynəlxalq münasibətlər sahəsini seçməyinizə səbəb nə olub?

-Beynəlxalq münasibətlər sahəsi, yəni diplomatiya mənim uşaqlıq arzum idi. Uşaqlığımdan ölkəmi xaricdə layiqincə təmsil etmək, beynəlxalq arenalarda ölkəmin  mənafeyini qorumaq bu sahəni seçmək məqsədlərimdən biri olmuşdur.

-Təhsil müddətində iştirak etdiyiniz təcrübə proqramları və diplomatik missiyalar sizə hansı bacarıqları qazandırdı?

-Təhsil aldığım müddətdə Milli Məclisdə, Gənclər və İdman Nazirliyində fəaliyyət göstərib qazandığım təcrübələr mənim bu sahəyə marağımı artırmaqla yanaşı, bir çox beynəlxalq layihələrin təşkilində iştirak etməyim, xarici ölkə nümayəndələri ilə birgə fəaliyyət göstərməyim bir çox fərqli mədəniyyətlər haqqında yeni bilgilər qazanmağımda dəstək göstərmişdir. Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş konsulluğunda keçdiyim diplomatik missiyada mənim təhsil müddətində öyrəndiyim diplomatiya bacarıqlarımı sahə təcrübəsində istifadə etməyimə dəstək oldu və biliklərimi dərinləşdirməyə şərait yaratdı.

-Könüllü və təşkilatçı kimi fəaliyyət göstərdiyiniz tədbirlər arasında ən yadda qalanı hansıdır?

-2019-cu ildə ictimai fəaliyyətə başladıqdan indiyədək bir çox fərqli tədbirlərdə həm könüllü, həm də təşkilatçı kimi fəaliyyət göstərmişəm lakin bu tədbirlər arasında mənim üçün ən yaddaqalan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hər il təşkil etdiyi Qlobal Bakı Forumunu misal göstərə bilərəm. Bu Forumu digər tədbirlərdən ayıran əsas cəhət kimi onu deyə bilərəm ki, Qlobal Bakı Forumu beynəlxalq müstəvidə Azərbaycanın da problemlərin həll prosesində iştirakındakı rolunu göstərir və danışıqların aparılmasında platforma rolunu oynayır. Bu tədbirdə bir çox xarici ölkələrdən gəlmiş sabiq prezidəntləri və nazirləri müşayiət etmişəm. Bu tədbirin mənim üçün ən yaddaqalan olma səbəbi ondan ibarətdir ki, bir çox ölkələrin aparıcı dövlət xadimləri və o cümlədən bizim nazirlərimizin iştirak etdiyi bir tədbirin təşkilində fəaliyyət göstərmək mənim üçün yadda qalan olmuşdur.

-ADA Universitetinin sizə qazandırdığı ən dəyərli təcrübə nə oldu?

-ADA Universitetində təhsil almaq mənə yalnız akademik biliklər deyil, eyni zamanda, analitik düşüncə, liderlik və məsələlərə qlobal yanaşma kimi vacib bacarıqlar qazandırdı. Multikultural mühitdə təhsil almağım, müxtəlif ölkələrdən gələn tələbələrlə birgə layihələrdə işləməyim mənim beynəlxalq münasibətlərin praktik tərəflərini dərindən anlamağıma kömək etdi. Ən önəmlisi isə ADA Universiteti məni təşəbbüskar, məsuliyyətli və ictimai proseslərə həssas bir gənc kimi formalaşdırdı.

-Bəs, könüllülük fəaliyyətinizin sizə qazandırdığı ən önəmli dəyər nə olub?

-Könüllülük fəaliyyətləri mənə ictimai məsuliyyət hissi, komanda işi bacarığı və liderlik keyfiyyətləri qazandırdı. İnsanlarla işləmək, müxtəlif sosial təbəqələrdən olan şəxslərlə ünsiyyət qurmaq mənim empatiya qabiliyyətimi artırdı və cəmiyyətə fayda verməyin nə qədər dəyərli olduğunu göstərdi. Könüllülük mənim həyatımda sadəcə bir mərhələ deyil, şəxsiyyətimin formalaşmasında əsas rol oynayan bir məktəb oldu.

-Diplomatik sahədə gələcək planlarınız nələrdən ibarətdir?

-Gələcəkdə Azərbaycanı beynəlxalq platformalarda uğurla təmsil edən peşəkar diplomat kimi fəaliyyət göstərməyi hədəfləyirəm. Xüsusilə beynəlxalq təşkilatlarda və regional əməkdaşlıq layihələrində ölkəmin maraqlarını müdafiə etmək, diplomatik danışıqlarda effektiv rol almaq istəyirəm. Bunun üçün həm nəzəri biliklərimi, həm də sahə təcrübəmi artırmaqda davam edirəm.

-Sizcə, Azərbaycan gəncləri ölkəmizi xaricdə necə təmsil edirlər?

-Azərbaycan gəncləri ölkəmizin mədəniyyətini, tarixini və mövqeyini beynəlxalq aləmdə tanıtmaq üçün mühüm potensiala malikdirlər. Xaricdə təhsil alan və ya beynəlxalq tədbirlərdə iştirak edən gənclər bir növ “xalq diplomatiyası” rolunu oynayır. Onların uğurları Azərbaycanın imicinə də müsbət təsir göstərir. Bu səbəbdən həmin gənclərin dəstəklənməsi və onların təmsilçiliyi üçün geniş imkanların yaradılması olduqca vacibdir.

-Gənclərin cəmiyyətə təsir gücünü artırmaq üçün hansı təşəbbüsləri vacib hesab edirsiniz?

-Gənclərin qərarvermə proseslərinə cəlb olunması, onların səsini eşidən platformaların yaradılması və gənclərə inamın artırılması əsas təşəbbüslər sırasındadır. Eyni zamanda, təhsil, təşəbbüskarlıq və ictimai iştirakçılıq istiqamətində proqramların genişləndirilməsi də vacibdir. Gənclərə öz ideyalarını reallaşdırmaq üçün dəstək verilməli və onların liderlik bacarıqları erkən yaşlardan etibarən inkişaf etdirilməlidir.

-Həmyaşıdlarına nələri  tövsiyə edərdiniz?

-Gənclərə tövsiyəm budur ki, heç zaman öz hədəflərindən vaz keçməsinlər, daim öz üzərində çalışsınlar və fürsətləri düzgün dəyərləndirsinlər. Könüllülük, davamlı öyrənmə və özünü inkişaf etdirmə yolu ilə həm fərdi, həm də cəmiyyət üçün faydalı ola bilərlər. Unutmasınlar ki, ölkemizin gələcəyi onların əllərindədir.

-Müsahibə üçün sizə təşəkkür edir, uğurlar arzulayırıq!

Yaqut Ağaşahqızı, “İki sahil”