Xarici siyasəti başqaları tərəfindən idarə olunan Ermənistanda daxili vəziyyət daha bərbaddır. Yanvar ayının sonunda «Gallup» Beynəlxalq Araşdırmalar Mərkəzinin apardığı sorğuların nəticələri göstərir ki, baş nazir Nikol Paşinyan bataqlıq içərisində çabalayan ölkəni idarə edəcək səviyyəyə malik dövlət başçısı deyil. Siyasi partiyalar arasındakı fikir ayrılıqları, əhalinin mövcud hakimiyyətə etimadının getdikcə aşağı düşməsi ölkədəki onsuz da neqativ olan siyasi situasiyanı daha da mürəkkəbləşdirir. Avropa İttifaqının (Aİ) Ermənistanda yerləşdirdiyi Mülki Müşahidə Missiyasına arxalanaraq hətta NATO-ya üzvlük sevdasına düşən Paşinyanın bu mövqeyini dəstəkləyən ermənilərin sayının getdikcə azalması ölkədəki siyasi palitranı tündləşdirir. İqtidarda olan «Vətəndaş müqaviləsi» partiyasına inamın 11 faizə enməsindən aydın olur ki, Ermənistanda iqtidarın siyasətinə inam çox aşağıdır. Rəsmi İrəvanın artıq arxa çevirdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətini dəstəkləyənlərlə (16,9) bu ölkənin NATO-ya üzvlüyünü istəyənlər (29,0) arasındakı fərqdən də aydın olur ki, ermənilər hələ də talelərini kimlərə əmanət etdiklərini müəyyənləşdirməyiblər. Respondentlərin 58,5 faizi hesab edir ki, Ermənistan yanlış yolla gedir. Ölkənin indiki kursunu isə yalnız respondentlərin 24,2 faizi dəstəkləyir.
Göründüyü kimi, əhali arasında gələcəklərinə inamsızlıq getdikcə artır. Ümumiyyətlə Ermənistanda hamı təşviş içərisindədir. Ağlı başında olan hər kəs bilir ki, Ermənistana Fransadan, Hindistandan, Avropa İttifaqının «Sülh fondu»dan , Yunanıstandan alınan silahlar yeni müharbəyə hazırlıq məqsədi ilə toplanılır. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərinin ağrı-acısını hələ də unutmayan ermənilər arabir anonsu səsləndirilən yeni müharibənin hansı itkilərlə nəticələnəcəyini bəri başdan bilirlər. Dəmir yumruğun, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, nəyə qadir olduğunu hələ də unutmayan Nikol Paşinyan və havadarları, bütünlükdə erməni toplumu onları gözləyən məğlubiyyətin təkrarını istəməzlər. Buna görə də təhlükəsizlik məsələsinə diqqəti sosial-iqtisadi problemlərdən daha vacib sayan haylar müharibə istəmirlər. Buna baxmayaraq Paşinyan hələ də onun-bunun qoltuğuna sığınaraq dəstək, etibarlı ağa axtarışındadır.
Ermənistan əhalisinin 16,9 faizinin KTMT-də qalmağın tərəfdarıdırsa, 29 faiz Ermənistanın NATO-ya üzv olmağa çalışmalı olduğunu düşünür. Yəni, yerli əhalidə KTMT-yə etimad azalıb, NATO ilə əməkdaşlığa dəstək çoxalıb.
Fikir müxtəlifliyindən də aydın olur ki, Ermənistanda siyasi böhran dərinləşir. Cəmiyyət ölkədəki böhranlı vəziyyətdən ciddi narazıdır. Acınacaqlı hal budur ki, vəziyyətin normallaşdırılması üçün konkret addımların atılması da gözlənilmir. Artıq tarixə çevrilən Bayden administrasiyasının son günlərində Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sazişini özü üçün çıxış yolu hesab edən Paşinyanın Aİ-yə müvəqqəti arxa çevirməsi uzun sürmədi. Bəzi haylar Ermənistanın Avropa İttifaqına inteqrasiyasını və ABŞ-la imzalanmış strateji tərəfdaşlıq sənədini ölkənin təhlükəsizliyi baxımından çıxış yolu hesab etsələr də çoxluq əksinə olaraq bu cür «isti münasibətlərin» gələcəkdə yeni risklər yaradacağını düşünür. Ermənistanın heç bir hərbi bloka qoşulmamalı və neytral siyasət yürütməli olduğunu bildirənlər də vardır. Göründüyü kimi, daim küləyin əsdiyi tərəfə boyun əyən Ermənistan cəmiyyəti hələ də Avrasiya İqtisadi Birliyindən çıxmağın və Aİ-yə üzvlüyün mümkün nəticələrini tam anlamır. Hazırkı hökumət üçün isə bu fərqlilik önəm daşımır. Bəllidir ki, Avropaya inteqrasiya ilə bağlı şişirdilmiş rəqəmlər, diskussiyalar daha çox hakimiyyətin düşən reytinqini artırmaq məqsədinə xidmət edir.
«... Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası, hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir... Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü mümkün olan sülhü poza bilər» sözləri ilə rəsmi İrəvana xəbərdarlıq edən Prezident İlham Əliyev Nikolu Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı bir daha düşünməyə çağırır.
Ermənistanda makroiqtisadi vəziyyətin getdikcə pisləşməsi, büdcə gəlirlərinin azalması kimi faktlar nəzərə alınsa Paşinyan hökumətinin girdiyi labirintin çıxılmaz olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Əvvəllər Azərbaycanın işğal edilmiş torpaqlarını talamaqla güzəranlarını təmin edən ermənilər indi nə edəcəklərini bilmirlər. Ölkədə işsizlik ildən-ilə artır. Yeni iş yerlərinin açılması məsələsi hələ də əsas problem olaraq qalmaqdadır. Nəticədə, ermənilərin bir çoxu daha təminatlı həyat axtarış ümidi ilə ölkəni kütləvi şəkildə tərk edir. Təkcə Şirak rayonunun kişi cinsli əhalisinin 70 faizi çörəyini Rusiyada qazanır. Lori və Zəngəzur da boşalır. Statistikaya görə, Rusiyada miqrantların 20 faizi Ermənistanı tərk edənlərdir. Hələ ötən əsrin 90-cı illərində Rusiyaya gedən ermənilər orda yerləşiblər və yaxın qohum-əqrəbalarının da bu ölkəyə gəlməsinə dəstək göstərirlər. Ermənistan əhalisi arasında kütləviləşən miqrasiyanın digər səbəbi isə yeni müharibə qorxusudur. Sakinlər arasında kifayət qədər ümidsizlik əhval-ruhiyyəsi hökm sürür. Ona görə də Ermənistanı tərk edənlərin sayı artmaqdadır. Miqrantların xeyli hissəsi, xüsusən də hərbi xidmətə çağırış yaşında olan gənclər vətəndaşlıqdan imtina etmək yolunu tuturlar. Bu səbəbdən Ermənistan ordusunda kadr çatışmazlığı yaranıb. Erməni ekspertlərin açıqlamalarına görə, çağırış resursunun bu cür azalması ölkədə demoqrafiya, miqrasiya, sosial-iqtisadi sahələri əhatə edən sistemli problemlərin nəticəsidir. Sosial problemlərin artması, iqtisadi tənəzzül köçün daha böyük rəqəmlərlə ifadə olunacağına zəmin yaradır. Statistik rəqəmlərə görə, kağız üzərində müstəqil olan Ermənistanı tərk edənlərin sayı 2 milyona yaxındır. Ermənistan əhalisinin ölkəni tərk etməsi dayanıqlı prosesə çevrilib. BMT-nin proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı ən optimist ssenari üzrə 2,7 milyon, pessimist ssenari üzrə isə 1,5 milyon nəfər təşkil edəcək. Bunun əsas səbəbləri yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanda doğum səviyyəsinin azalması, əhalinin qocalması və ölkəni sürətlə tərk etməsidir. Siyasi şərhçilərin açıqladıqları kimi, rəsmi İrəvan gələcəkdə ciddi demoqrafiya problemi ilə üzləşməmək üçün bu mənzərədən nəticə çıxarmalıdır. Təkcə iqtisadi islahatlarla birgə regionda qonşularla sülh və əməkdaşlıq siyasəti həyata keçirməlidir. Əks təqdirdə, ölkənin hansı gələcəyə üz tutacağı qaranlıq qalacaq.
Ən əsası odur ki, Ermənistana dəstək göstərənlər də tarixin səhifəsindən silinirlər. Rəsmi İrəvanın ən yaxın havadarı Fransanın siyasi səhnəsində baş verənlər heç də Ermənistandakı vəziyyətdən geri qalmır. Nikolun başqa güvən yeri olan ABŞ-da Soros üsulu ilə idarə edilən Bayden administrasiyasının da dövrü başa çatdı. Ermənistanın Yaxın Şərqdəki dəstəkçisi və müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərildi. Beləliklə, tarixi təcrübə göstərdi ki, başqalarına möhtac olanlar Əsədin taleyini yaşayacaqlar.
Buna görə də Ermənistan bölgə dövlətləri ilə sülh şəraitində yaşamaq variantını düşünməlidir. «Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın» söyləyən Prezident İlham Əliyev bu sözləri ilə əslində Ermənistanın gələcəyini zərgər dəqiqliyi ilə göstərir. Necə deyərlər, söyləməyi bizdən, əməl etməyi Nikoldan.
Xuraman İsmayılqızı, «İki sahil»