12 fevral 2025 01:26
104

USAID-in Ermənistandakı ofisinin bağlanması Paşinyanı təşvişə salıb

Törətdiyi bəşəri cinayətlərlə beynəlxalq aləmdə nüfuzu ləkələnmiş USAID-in kitabı ABŞ Prezidenti Donald Tramp və onun müttəfiqi, amerikalı milyarder iş adamı İlon Mask tərəfindən bağlandı. Uzun illərdən bəri Əfqanıstanda qurduğu sistem üzərindən narkotik istehsalını artırılmasını hədəfləyən, “Əl-Qaidə” terror təşkilatını yemləyən, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuziklinə milyonlar sərf edən USAID-in vəsaitlərindən ən çox faydalanan ölkələrdən biri, bəlkə də də birincisi Ermənistan olub. Bu təşkilat 1992-ci ildən Ermənistanda fəaliyyətə başlayıb və 2005-ci ilə qədər yalnız humanitar yardım göstərib. Qurum dövlətlə birbaşa əməkdaşlığa isə 2013-cü ildən başlayıb. Ermənistanda media və təhsil proqramlarının hazırlanması ilə məşğul olan bir çox KİV və QHT ABŞ Dövlət Departamentindən layihələr üçün vəsait alıb. USAID 1992-ci ildən bu günə qədər Ermənistana təxminən 3,3 milyard dollar vəsait ayırıb. Ekspertlərin bildirdiyinə görə, hazırda bu təşkilat Ermənistanda 22 layihəni maliyyələşdirir.

Ermənipərəst Samanta Pauerin rəhbərlik etdiyi USAID 2024-cü ildə Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Məlumata görə, vəsaitlər guya demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək. Təbii ki, qeyd olunanlar sadəcə aysberqin görünən tərəfidir.  USAID-in maliyyə dəstəyi, əslində, Qərbin işğalçı ölkəyə irimiqyaslı dəstəyinin bir hissəsidir və bu riyakar planın əsası ötən il aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşündə qoyulub. Qeyri-şəffaf, qeyri-inklüziv xarakter daşıyan bu görüş Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmadı.

Ermənistan parlamentinin deputatı, “Alternativ layihələr qrupu”nun üzvü Elinar Vardanyan USAID-lə bağlı yazdığı məqalədə qeyd edib ki, bu təşkilat Ermənistanda çoxsaylı layihələri maliyyələşdirib: “2022-ci ildə agentlik ilə Ermənistan arasında 120 milyon dollar, 2024-cü ilin sentyabrında isə əlavə olaraq 130 milyon ABŞ dolları məbləğində qrantın ayrılması ilə bağlı saziş imzalanıb, nəticədə Ermənistana verilən qrantın ümumi məbləği 250 milyon dollar təşkil edir. USAID-in onilliklər ərzində bir çox ölkələrdə, o cümlədən Ermənistanda gördüyü nəhəng işi qiymətləndirməmək mümkün deyil. Çoxsaylı qrantlar çərçivəsində təhsil, media və insan hüquqları proqramları həyata keçirilib. Bunlara “Hetq” və “Civilnet” misaldır. Amma bununla paralel olaraq agentlikdən maliyyələşən vətəndaş cəmiyyəti təşkilatları və şəxslərdən ibarət böyük bir qrup formalaşıb, onların fəaliyyəti nə vaxtsa dövlət və milli maraqlar prizmasından araşdırma obyektinə çevriləcək”. 

Elinar Vardanyan, həmçinin vurğulayıb ki, USAID-in fəaliyyətinin dayandırılması vətəndaş cəmiyyətinin ab-havasını və palitrasını əhəmiyyətli dərəcədə dəyişəcək.

USAID-in bu günlərdə Hayastanda fəaliyyətinin dayandırılması erməniləri təşvişə salıb. Bu barədə yerli mətbuat orqanları da maraqlı məlumatlar yayıblar. Məlumatlara görə, qurumun Ermənistan ofisi maliyyədən məhrum olub. “Hraparak” erməni nəşri yazır ki, USAID-in Ermənistana ayırdığı külli miqdarda vəsaitin nə dərəcədə effektli olması o qədər də əhəmiyyətli olmasa da, erməni təşkilatlarının ABŞ agentliyindən “yağlı tikələr” alması faktı, onların bu və ya digər şəkildə USAID-lə əlaqəsi olan erməni təşkilatları tərəfindən həyata keçirilən çoxsaylı proqramların taleyi ilə bağlı çaşqınlıq içərisindədirlər. Qəzetin məlumatına görə, USAID ofislərinin bağlanması ilə bağlı qərar illərdir Amerika proqramlarından istifadə edən erməni fəallar arasında panikaya səbəb olub. Panika hakimiyyət dairələrini də əhatə edib.Çünki onlar başa düşürlər ki, indi xarici dəstəkdən məhrum olanlar üçün maliyyə mənbəyi rolunu özləri oynamalıdırlar.

İfadə Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyan bildirib ki, CPFE də USAID proqramlarından istifadə edib və yanvarın 25-də Internyus-Armenia onlara proqramın 90 gün ərzində dondurulduğunu və USAID-in “ölüm məktubu”nun verilməsinə qədər heç bir xərcin həyata keçirilməyəcəyini bildirib. O, bildirib ki, D.Trampın bu qərarı Ermənistanın vətəndaş cəmiyyəti və mediası üçün çətin vəziyyət yaradıb. “CivilNet”-in məlumatına görə, 2023-cü ildə USAID Ermənistanda 15 milyon dollar dəyərində 5 illik proqrama başlayıb. 

İş orasındadır ki, USAID-in Ermənistandakı ofisinin bağlanması N.Paşinyan hökumətini də ciddi narahat edib. Erməni mətbuatının verdiyi məlumatda görə, təşkilatın fəaliyyətinin dayandırılmasından sonra Ermənistanda bəzi təşkilatlar üzləşdikləri itkilərə görə ölkə hökumətindən kompensasiya tələb etmək niyyətindədir. Ermənistan hökuməti USAID-in qrantlarından məhrum olmuş QHT-lərin fəaliyyətlərini davam etdirmələri üçün, necə deyərlər, çarə tapıb. Yerli “Hraparak” qəzeti mənbələrə istinadən yazıb ki, rəsmilər bu təşkilatları dövlət vəsaitləri hesabına deyil, hökumətə yaxın oliqarxların pulları hesabına maliyyələşdirməyi qərara alıblar: “Hakimiyyətin yuxarı eşelonlarında təxminən on oliqarx artıq Qərb agent şəbəkəsini maliyyələşdirməyə hazır olduğunu bildirib. Məqsəd bu şəbəkənin maliyyə çatışmazlığı yaşamadan ölkənin bütün media vasitələrində Paşinyan hakimiyyətini müdafiə etməyə davam edə bilməsidir”.

Təbii ki, bütün bunlar ilkin məlumatlardır. Sular durulduqca çox şeylər üzə çıxacaq. USAID-lə N.Paşinyan hökumətinin gizli sövdələşmələri ilə bağlı çox mətləblərin üstünə işıq düşəcək…

Zahid Rza, “İki sahil”