Dövlət başçısı İlham Əliyev Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının beynəlxalq gündəliyə salındığını önə çəkərək bildirir ki, hər şeyin ardıcıllığı var və sıra artıq bu məsələ ilə ciddi məşğul olmağa gəlib çatıb
«Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük… Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik… Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.» Dövlətimizin başçısı İlham Əliyev hər bir məsələdə ədalət və beynəlxalq hüquq prinsiplərinin əsas olduğunu önə çəkir.
30 illik işğal dövrünün reallıqları bütün məqamlara işıq salır. Bu müddətdə dünyanın əksər gücləri, hansı ki, bu gün də Ermənistanı silahlandırmaqla vəziyyəti yenidən gərinləşdirməyə səy göstərirlər, işğalçı dövlətə dəstək olmaqla münaqişənin həlli prosesinin uzanmasına, yeni ərazilər uğrunda müharibə planlarının hazırlanmasına səbəb oldular. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri üzərlərinə düşən vəzifəni yerinə yetirməkdən yayınaraq məsuliyyəti tərəflərin üzərinə qoyurdular. Bildirirdilər ki, tərəflər öz aralarında razılığa gəlməlidirlər. Daim bu sual yaranırdı ki, tərəflər özləri münaqişəni nizamlamaq imkanında olsaydı, Minsk qrupunun yaradılmasına ehtiyac var idimi? Hər zaman bu reallığı təkrar-təkrar qeyd etməyi özümüzə borc bilirik ki, daim ədalətin yanında olan Azərbaycan işğal illərində dünya güclərindən ədalətli yanaşma gözlədi. Dövlətimizin başçısı çıxışlarında bu məqama xüsusi diqqət yönəldərək bildirir ki, işğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında bu barədə bir neçə dəfə demişəm. Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır: «Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.»
Dörd il bundan öncə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, onun ardınca 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlara yol açdı. Bu reallıqları yaradan qalib, bütövləşən Azərbaycandır. Ölkəmiz məhz ədalətə, beynəlxalq hüquqa söykənərək bu zəfərləri reallığa çevirdi. Əlbəttə, öncə Azərbaycan bütün sahələrdə gücləndi, davamlı uğurlara, zəngin təcrübəyə malik oldu. Diplomatik mübarizədə qələbəsini təmin etməklə haqqın, ədalətin kimin tərəfində olduğunu nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının qətnamələri 28 il kağız üzərində saralsa da, Azərbaycan bu sənədə söykənərək istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyü ələ aldı. Torpaqları işğal altında qalan, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda ermənilərin və erməni diasporunun apardığı yanlış, qərəzli təbliğata uyğun olaraq ölkəmiz işğalçı tərəf kimi təqdim edilirdi. Tarixi Zəfərimiz ermənilərin illərdir yaratdıqları bütün mifləri darmadağın etdi. Sübut olundu ki, işğala məruz qalan Azərbaycandır. Torpaqlarımızı istənilən yolla azad etmək suveren hüququmuzdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına özü icra etdi. Tarixi ədalət bərpa olundu. Dünyanın əksər gücləri, onların dəstək verdikləri Ermənistan dərk etmək məcburiyyətində qaldı ki, ədalət və beynəlxalq hüquq var. Onların tətbiqi münaqişələrin həllində vahid mexanizmin müəyyənləşdirilməsini, ən əsası dünya güclərini öz maraqlarını bir kənara qoyub hadisələrə real baxmağa sövq edə bilər.
Hazırda tarixi Zəfərimizin, suverenliyimizin yaratdığı reallıqlar əsasında azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Hər zaman qeyd etdiyimiz kimi, vaxtilə söylənilən «Gün gələcək Azərbaycan Bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq» əminliyə bu gün bu reallığı da əlavə edirik ki, artıq Qarabağımız, Zəngəzurumuz dirçəlir, Böyük Qayıdış Proqramı uğurla icra edilir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Laçın rayonunun Sus və Zabux kəndlərində, Füzuli, Şuşa, Laçın, Cəbrayıl Xocalı şəhərlərində, həmçinin Xocalı rayonunun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən artıq insan yaşayır. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanlara bu müjdəni də çatdırdı ki, 2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq: «Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar.»
30 il düşmən tapdağı altında qalan torpaqlarımız bu gün tikinti meydanına çevrilib. Genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni salınan yollar, tikilən Beynəlxalq Hava limanları bizi, ölkəmizə maraq göstərən hər kəsi bu ərazilərimizə qovuşdurur. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz ermənilərin 30 ildə bu torpaqlarda törətdikləri vəhşiliklərə şahidlik edir. Bu ərazilərə ayaq basanda xarabalıqların yerində inşa edilmiş və öz sakinlərinə qovuşmuş müasir şəhərləri, kəndləri görürük.
Onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bu torpaqlarda enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpaolunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Son 4 ildə 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxıldı və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Təkcə 2024-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda 7 su elektrik stansiyasının açılışı oldu. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq «Yuxarı Vəng», 4,3 MVt-lıq «Zar», Laçın rayonunda 2,8 MVt-lıq «Zabux», 4,6 MVt-lıq «Qarıqışlaq», Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla «Şayıflı», «Zəngilan» və «Sarıqışlaq» su elektrik stansiyaları istismara verildi. Digər statistik rəqəmlərə də diqqəti yönəltmək istərdik. Belə ki, ötən il Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında «AzərEnerji» tərəfindən 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Həmin 550 milyon kilovat-saat enerjinin üçdəbiri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Göründüyü kimi, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi üçün geniş imkanlar yaranır. Azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli içstifadə etmək məqsədilə mühüm addımlar atılır. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də bütün regionlar üzrə hədəflər və onlara nail olmağın mexanizmləri öz əksini tapıb. Cənab İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların bölgüsünün yenidən aparılması da mövcud potensialdan səmərəli istifadə də əhəmiyyətli rol oynayır.
Təbii ki, bu torpaqlarda görülən işlər bunlarla məhdudlaşmır. Cənab İlham Əliyev bu hədəfi açıqlayır ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkün öz doğma yurd-yuvasına qayıdacaq. Bu hədəf bu günədək və bundan sonrakı mərhələdə görüləcək işlərin aydın mənzərəsini yaradır.
Bunları sadalamaqda məqsədimiz başqadır. Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənərək torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Tarixi Zəfərimizdən dərhal sonra bu torpaqlarda bərpa-quruculuq işlərinə start verildi. Artıq növbəti missiyanın yerinə yetirilməsi istiqamətində addımlar atılır. Söhbət Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışından gedir. Dövlətimizin başçısı İlham Əliyev ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində «İndiki şərtlər altında bu perspektivlər nə qədər real görünür» sualını cavablandıraraq bildirdi ki, o, bizdən asılıdır. Biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq. Təbii ki, Qarabağın işğalı dövründə bu məsələ ilə fəal məşğul ola bilməzdik. Halbuki hələ 10 il bundan əvvəl bu mövzu artıq siyasi gündəliyə gətirildi və cənab İlham Əliyevin tövsiyəsi ilə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradıldı. Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması, tarixi xəritələrin çap etdirilməsi və sair kimi məqamlar xüsusi diqqətdə oldu. Dövlətimizin başçısı qeyd etdiklərimizi o vaxtlarda gördüyümüzü önə çəkərək bildirir ki, bu, bizim haqlı istəyimiz idi. Amma hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı ilə ciddi məşğul olmağa başlamışıq.
İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti daha da təkmilləşdi. Bir çox beynəlxalq təşkilatlarla təmaslar yaratdı, bu məsələ artıq beynəlxalq gündəliyə salınıb. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.
İndiki Ermənistan ərazisi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu günün əsas çağırışlarından biri budur ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, o bölgədən çıxmış, bu gün Azərbaycanın müxtəlif yerlərində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. XIX əsr rus imperiyasının xəritələrindən də məlumdur ki, oradakı bütün toponimlər Azərbaycan mənşəlidir. «Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi» söyləyən cənab İlham Əliyev bildirir ki, XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan qoparılıb və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Gün gələcək Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.
Göründüyü kimi, ədalət və beynəlxalq hüquq öz sözünü deyir. Bəzi dünya gücləri bu prinsipləri maraqlarının arxasında nə qədər gizlətməyə çalışsalar da hazırda bunun mümkünsüzlüyünün fərqindədirlər. 44 gündə tarixi ədaləti bərpa edən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına təkbaşına nail olan Azərbaycan hər zaman ədalətə söykənərək qarşısına qoyduğu hədəflərə doğru inamla addımlayır. Prezident İlham Əliyev bildirir ki, Azərbaycan Qərbi Azərbaycana qayıdışı sülh yolu ilə həyata keçirəcək. Bu məqsədə çatmaq üçün beynəlxalq hüququn imkanlarından maksimum faydalanacağıq.
Yeganə Əliyeva, «İki sahil»