Ən kəskin zəhərlənmə verən preparatlar şəkər, təzyiq və ürək dərmanlarıdır
Bəzən səhhətimizdə yaranan problemlərə görə həkimlərin yazdığı dərman vasitələrini qəbul etməyə məcbur oluruq. Əksər insanlar isə dərmanları “necə gəldi” qəbul edir. Nəticədə dərmanlar lazımi effekti vermir. Hətta düzgün istifadə edilmədikdə, aptekdən alındıqdan sonra evdə normal şəraitdə saxlanılmadıqda, son istifadə tarixinə nəzarət etmədikdə dərmanlardan zəhərlənmələr halları da baş verir.
Cari ilin yanvar ayı ərzində 48 nəfər dərmandan zəhərlənib
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsindən “İki sahil”ə verilən məlumata görə, cari ilin yanvar ayı ərzində zəhərlənmə səbəbindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 102 nəfər qəbul edilib. Qəbul edilən şəxslərdən 48 nəfəri dərmandan zəhərlənən şəxslərdir. Onların hər birinə zəruri tibbi yardım göstərilib, stasionar müalicələri aparılıb. Səhhətləri tam yaxşılaşdıqdan sonra evə buraxılıblar. Qeyd edilən tarixdə dərmandan zəhərlənmə səbəbi ilə ölüm halı baş verməyib.
Uşaqlar arasında dərman zəhərlənmələri əsasən onlar nəzarətsiz və diqqətsiz qalanda baş verir
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son zamanlar dərmandan zəhərlənmə hallarında az da olsa artım var: “Zəhərlənmələrə həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir. Uşaqlar arasında dərman zəhərlənmələri əsasən onlar nəzarətsiz və diqqətsiz qalanda baş verir. Belə ki, uşaqlar valideynlərinin dərmanları haradan götürüb içdiyini, sonra hara qoyduğunu görürlər. Uşaqlar bu dərmanların nə qədər təhlükəli olduğunu dərk etmədən qəbul edirlər”.
Ən çox kəskin zəhərlənmə verən preparatlar şəkər, təzyiq və ürək dərmanlarıdır
Həmsöhbətimiz diqqətə çatdırdı ki, ən çox kəskin zəhərlənmə verən preparatlar şəkər, qan təzyiqi və ürək dərmanlarıdır: “Hər dərmanın özünəxas zəhərlənməni bildirən əlaməti var. Şəkər dərmanından zəhərlənmə halı baş verdikdə soyuq tərin gəlməsi, ürək bulanma, təzyiqin düşməsi, rəngin avazıması, şəkərin kritik minumuma düşməsi ehtimalı, huşun itməsi, qıc olma, beyin ödəmi olur. Yuxu dərmanından zəhərlənmə halında xəstə yuxulu və halsız olur, huşun pozulması hətta komaya qədər gətirib çıxara bilər. Təzyiq dərmanından zəhərlənmə halında isə xəstənin qan təzyiqi aşağı düşür, halsızlıq, süstlük, başgicəllənmə, ürək bulanma, qusma və hətta ürək dayanmasına qədər gətirib çıxara bilir. Dərmandan zəhərlənmə hallarında ən böyük fəsad isə kəskin ürək-damar, tənəffüs çatışmazlığı, beyin ödəmi, koma vəziyyəti olur. Qızdırma salıcı, ağrıkəsici dərman çox içdikdə isə mədədə göynəmə, qusma kimi əlamətlər olur. Ən çox yuxu və təzyiq dərmanlarından zəhərlənmə halları olur ”.
Dərman zəhərlənmələri baş verən kimi dərhal xəstəxanaya müraciət etmək vacibdir
Dərman zəhərlənməsi, qida zəhərlənməsindən daha ağır olduğu üçün ev şəraitində müalicəsi mümkünsüzdür. Bu səbəbdən də dərman zəhərlənməsi zamanı xəstə vəziyyətinin ağır və ya yüngül olmasından asılı olmayaraq dərhal xəstəxanaya aparılmalıdır.
Mütəxəssis vurğuladı ki, dərman zəhərlənmələrini baş verən kimi dərhal xəstəxanaya müraciət etmək vacibdir: “ Xəstəxanaya qədər isə hər 10 kiloqram çəki üçün 1 tablet aktivləşmiş kömür qəbul etmək lazımdır. Məsələn, zəhərlənən şəxsin 50 kiloqram çəkisi varsa 5 tablet aktivləşmiş kömür içməlidir”.
Həkim-toksikoloq qeyd etdi ki, dərmanları uşaqların əlinin altında saxlamaq olmaz: “Uşaqlarda rast gəlinən dərman zəhərlənmələri daha təhlükəlidir. Valideynlərə hər zaman xəbərdarlıq edirik ki, dərmanları əl altında saxlamasınlar”.
Dərmanı su ilə içmək məsləhətlidir ona görə ki…
“Bəzən dərmanları su ilə deyil, müxtəlif spirtli içkilərlə, yaxud enerji içkiləri ilə qəbul edirlər. Bəs, bu orqanizmə necə təsir edə bilər” sualına isə müsahibimizin cavabı belə oldu: “Hər dərmanın özünün içilmə qaydası var. İsti su ilə dərman içmək mədəni qıcıqlandırır. Dərmanı enerji içkisi ilə içdikdə onun tərkibində olan kofein ürək döyüntüsünün artmasına və ürək bulanma halının yaranmasına gətirib çıxarır. Sedativ antidepresanlar və antibiotikləri qəti şəkildə spirtli içki ilə qəbul etmək olmaz. Bu zaman zəhərlənmə baş verə bilər. Ümumiyyətlə, müalicə müddətində spirtli içki qəbulu məsləhət deyil. Dərmanları müxtəlif spirtli içkilərlə, yaxud enerji içkiləri ilə qəbul etdikdə kimyəvi reaksiyaya daxil olub zəhərlənmə simptomları yaradır. Ona görə də dərmanı su ilə içmək məsləhətlidir”.
Keyfiyyətlə bağlı dərman zəhərlənmələri baş vermir
A.Məmmədovanın sözlərinə görə, dərmanlar insanların səhlənkarlığına görə xarab ola bilər: "Keyfiyyətlə bağlı dərman zəhərlənmələri baş vermir. Hələ bu vaxta qədər belə bir halla qarşılaşmamışıq. Sadəcə, bəzən olur ki, insanlar dərmanları düzgün şəraitdə saxlamırlar. Günəş şüası təmas etdikdə, yaxud soyuq halda saxlanılmalı olan dərman isti şəraitdə qaldıqda xarab olur. Bu dərmanları qəbul etdikdə xəstədə ürək bulanması, diskomfort əlamətlər baş verir. Ona görə dərmanları üzərilərində qeyd edildiyi qaydada saxlamaq lazımdır".
Dərman zəhərlənmələri ölümə səbəb ola bilər
Toksikoloq qeyd etdi ki, dərman zəhərlənmələri ölümə səbəb ola bilər. Amma bu, təsadüfi hallarda olur: "Əksər hallarda xəstə həkimə tez gəldikdə müdaxilə edib vəziyyətdən çıxara bilirik. Əsas risk qrupuna uşaqlar, hamilə qadınlar və yanaşı somatik xəstəlikləri olan şəxslər aiddir. Şəkər, ürək-damar, dializ xəstəliyi, ağır xroniki gedişatlı olan xəstələrdə dərman zəhərlənmələri ağır hallara gətirib çıxarır".
Yaqut Ağaşahqızı, “İki sahil”