Rəşad Fəttahov: Naxçıvan iqtisadi rayonunda bu il mayın 31-dək salınan meyvə bağlarına görə verilən subsidiya əmsallarında diferensial yanaşma tətbiq olunacaq
Ölkəmizdə iqtisadiyyatın müxtəlif qollarının inkişaf etdirilməsi istiqamətində işlər görülür. Bu məqsədlə kənd təsərrüfatını inkişaf etdirmək, həmçinin gənclərdə bu sahəyə maraq oyatmaq üçün bir sıra stimullaşdırıcı addımlar atılır. Bunlardan biri də Aqrar Subsidiya Şurası tərəfindən əkin subsidiyalarının ödənişi üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüləri ilə bağlı yeni qərarın qəbul edilməsidir.
Əkin subsidiyaları fermerlərə birbaşa maliyyə dəstəyini təmin edir ki, bu da onların məhsul istehsalını artırmalarına imkan verir. Subsidiyaların verilməsi müddətinin artırılması istehsal xərclərini azaldır və məhsuldarlığı daha da artırır. Bu, kənd təsərrüfatı istehsalının daha rentabelli olmasına səbəb ola bilər. Belə tədbirlər kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırmağa, fermerlərin daha səmərəli fəaliyyət göstərmələrinə və ölkənin qida təhlükəsizliyinin təmin edilməsinə kömək edir.
Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi çərçivəsində bir çox subsidiyalar tətbiq edilir. Belə ki, becərilən torpaq sahəsinin hər hektarına və məhsul yığımına, əkin növünə görə subsidiyalar verilir. Əkinə verilən subsidiyalara görə maya dəyəri aşağı düşür və fermerlər daha çox qazanc əldə edə bilirlər. Bu gün təsərrüfatlarda əkin üçün müasir üsullardan istifadə edilir. Əvvəllər əkin sahələrinin suvarılmasında böyük su itkisi baş verirdisə, indi müasir damcı üsulu ilə həm suya qənaət etmək, həm də effektiv nəticə əldə etmək mümkündür.
10 hektar və ya daha artıq əkin sahələri sığortalanmalıdır
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yeni qərara əsasən birillik bitkilər - arpa, buğda, çəltik və qarğıdalı üçün əsas və təkrar əkin subsidiyalarının alınması üçün ümumi əkin sahəsi 10 hektar və ya daha artıq olan sahələr sığortalanmalıdır. İntensiv və hiper-intensiv meyvə bağları - üzüm, çay, fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, alma, armud, gilas, xurma (xirnik), badam və qoz bağları üçün minimum əkin ölçülərinə uyğun olaraq sığortalanma tələb olunur.
Bəzi bitkilər üzrə subsidiyanın artırılması planlaşdırılır
AKİA-nın şöbə müdiri onu da əlavə etdi ki, bu ildən həmçinin bəzi bitkilər üzrə subsidiyanın artırılması planlaşdırılır: “Belə ki, qaragilə (mavigilə) bitkisi üzrə birdəfəyə məxsus əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarındakı əkinlərlə yanaşı, Quba-Xaçmaz iqtisadi rayonundakı əkinlərə də şamil ediləcək. Bu ildən torf və perlit qarışığında dibçəklərdə əkilən bağların hər hektarına 15 000 manat, turşuluq (PH) səviyyəsi 6,5-dən artıq olmayan torpaqlarda, damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 3 400 tingin əkildiyi qaragilə bağlarına isə 7 500 manat bir dəfəyə məxsus əkin subsidiyası veriləcək.”
Qurum rəsmisi əlavə etdi ki, eləcə də şəkər çuğunduru üzrə məhsul əmsallarında da dəyişiklik edilib: “Belə ki, müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələrində istehsal olunan tədarük məntəqələrinə təhvil verilən şəkər çuğundurunun hər tonuna görə ödənilən məhsul subsidiyası 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə isə 18 manatdan 19 manata qədər artırılıb.”
Naxçıvanda aqrar sahə üzrə veriləcək subsidiya əmsalları ilə bağlı yeni qərar
Rəşad Fəttahov vurğuladı ki, bu sahədə ən böyük yeniliklərdən biri də Naxçıvan Muxtar Respublikası ilə bağlıdır: “Aqrar Subsidiya Şurası Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə veriləcək subsidiya əmsalları ilə bağlı yeni qərar qəbul edib. Naxçıvan iqtisadi rayonunda bu il mayın 31-dək salınan meyvə bağlarına görə verilən subsidiya əmsallarında diferensial yanaşma tətbiq olunacaq. Məsələn, damcı suvarma sistemi ilə təmin olunmuş hiperintensiv şaftalı (nektarin) və ərik bağlarının hər hektarına görə 24 500 manat, alma bağları üçün 32 200 manat və armud bağlarına görə 25 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.”
Məlumat üçün bildirək ki, fermerlər subsidiya ödənişləri ilə bağlı tələb və şərtlər, həmçinin digər bitkilərlə bağlı ətraflı məlumatı https://akia.gov.az/ saytından əldə edə bilərlər.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”