12 fevral 2025 10:21
105

Prezident İlham Əliyev: İmperialist keçmişi olan ölkələr diktə etməyə davam etmək istəyir

Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbinin imperialist keçmişi olan ölkələrin diktə etməyə davam etmək istəyi ilə bağlı olduğunu bildirib:

"Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişə malik ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır".

O, qeyd edib ki, Azərbaycan özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olub:

"Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı".