26 yanvar 2025 00:43
172

Polşa ilə Macarıstan arasında diplomatik gərginlik artır

Polşanın xarici işlər naziri Radoslav Sikorski macar həmkarı Peter Siyartonun Polşanın baş naziri Donald Tusku amerikalı milyarder Corc Sorosun agenti olmaqda ittiham etməsindən qəzəblənib.

“İki sahil” xəbər verir ki, polşalı nazir “X”də yazıb: "Peter, özünüzə baxın. Corc Soros Donaldın mənim Oksforddakı kollecimdə oxuması üçün pul ödəmədi, lakin (Macarıstanın Baş naziri) Viktor (Orban) üçün ödədi".

Bundan əvvəl Tuskun Aİ-nin Rusiyaya qarşı sanksiyaları ilə bağlı mövqeyinə görə Macarıstanı Rusiyanın komandasında yer almaqda ittiham etməsindən sonra Siyarto Tusku "Soros agenti" adlandırmışdı: “Soros agenti üçün bunu başa düşmək çətin ola bilər, amma komandalara gəldikdə, biz Macarıstan komandasında oynayırıq. Buna görə də biz Macarıstanın maraqlarını təmsil edirik: biz başqalarının müharibələrinin əvəzini ödəməyə davam etmək istəmirik və heç kimə enerji təchizatımızın təhlükəsizliyini təhlükəyə atmasına icazə verməyəcəyik. Çünki bizim üçün birinci yerdə Macarıstan gəlir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”