Uzun illərdir ki Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanıb. Bu iyrənc siyasət yerli əhalini öz mədəniyyətindən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə, onları köklərindən, tarixlərindən uzaqlaşdırmaq məqsədi daşıyır. Fransa hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir. Özünü dünyaya "demokratik" ölkə kimi sırımaq istəyən bu ölkə beynəlxalq hüququ ayaqlar altına ataraq azadlıq, müstəqillik tələb edən yerli xalqların istəklərini qanla boğmaqdan belə çəkinmir.
Təbii ehtiyatlarla zəngin olan bu ölkələrin xalqları Fransadan dəfələrlə çətin şəraitdə yaşayır. Həmin ölkələrdə işsizlik və yoxsulluq səviyyəsi Fransadan dəfələrlə yüksəkdir. Fransanın bu ərazilərdə həyata keçirdiyi nüvə sınaqları, uranın zənginləşdirilməsi istiqamətində fəaliyyəti əhalinin səhhətində ciddi fəsadlar yaradıb, ətraf mühitə böyük ziyan vurub.
Hazırda Azərbaycan XXI əsrdə neokolonializmin hələ də davam etdirilməsinə son qoyulması, dünya ictimaiyyətinin diqqətinin bu problemə cəlb olunması üçün ardıcıl və fəal iş həyata keçirir.
Təsadüfi deyil ki, bu gün Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə zülmündən əziyyət çəkən xalqların azadlıq səslərinin çatdırılması, Fransa kolonializminin dünyada tanıdılması istiqamətində mütəşəkkil mübarizə platformasına çevrilib. Fransanın neokolonial siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə Parisdə olduqca ağrılı bir şəkildə qəbul olunur. Buna qarşı çıxmaq məqsədilə Fransanın atdığı bütün addımlar fiasko ilə nəticələnir. Çünki, Azərbaycan Fransanın müstəmləkə ərazilərində törətdiyi cinayətlərin müvafiq hüquqi qiymətinin alması, koloniya zülmü altında yaşayanların öz azadlığına qovuşması istiqamətində fəaliyyətini davam etdirməkdə qətiyyətlidir.
Hazırda Bakıdan başlayan beynəlxalq təşəbbüs, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz bəhrəsini verməkdədir. BTQ "Oğurlanmış firavanlıq: Müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub” adlı hesabat hazırlayıb. Hesabatda Fransanın müstəmləkə siyasətinin onun dənizaşırı ərazilərinə mənfi təsiri ətraflı təhlil edilir. Fransanın bu regionlarında təbii sərvətlərin necə məhv edildiyi və istismar olunduğu göstərilir. Xüsusilə qeyd olunur ki, meşələrin qanunsuz qırılması, suyun çirklənməsi və Fransa hakimiyyətinin göz yumduğu digər ekoloji cinayətlər dənizaşırı ərazilərdə ətraf mühitin deqradasiyasına səbəb olur. Bundan əlavə, Fransanın müstəmləkə siyasəti mədəni kimliyi məhv edir və dənizaşırı ərazilərin yerli əhalisinin sayının azalmasına gətirib çıxarır.
Hesabatda vurğulanır ki, davamlı və ədalətli gələcəyə nail olmaq üçün müstəmləkəçiliyin bütün formaları, o cümlədən onun müasir təzahürü olan neomüstəmləkəçilik aradan qaldırılmalıdır.
BTQ açıq mənbələrə istinad edərək, iqtisadi azadlığın boğulmasının bariz nümunəsi kimi dənizaşırı ərazilərə turist axınının azalmasını əks etdirən rəqəmləri təqdim edir. "Əvvəllər Qvadelupa və Martinikanın əsas ziyarətçiləri olan şimali amerikalı turistlərin sayı azalıb. Əgər 1967-ci ildə ziyarətçilərin 50 %-i bu qitədən idisə, 2012-ci ildə Qvadelupada onların sayı 5 %-ə düşüb. Kəskin azalma Martinikada da qeydə alınıb – burada turistlərin sayı 1970-ci ildəki təxminən 50 %-dən 2006-cı ildə 1,9 %-ə enib. Görünür, fransızlar istisna olmaqla, avropalı turistlərin də zövqü dəyişib. 2006-cı ildə onlar Reyunyon və Martinikadakı turistlərin müvafiq olaraq yalnız 3,4 %-ni və 5,4 %-ni təşkil ediblər", - hesabatda qeyd olunur. Müəlliflər vurğulayırlar ki, bu ərazilər üçün mühüm turizm növü olan kruiz gəmiçiliyi də böyük zərərə uğrayır: "Cəmi 15 il ərzində Qvadelupa və Martinika kruiz gəmiləri ilə gələn turistlərin 85 %-ni itirib".
Hesabata görə, yüksək qiymətlər təkcə potensial müştəriləri regionlara səfər etməkdən çəkindirmir, həm də dənizaşırı ərazilərə investisiya axınını məhdudlaşdırır. Bundan əlavə, dövlət sektorunda iş yerlərinin məhdud sayda olması insanların işlə təminatını qeyri-mümkün edir ki, bu da regionlar üçün ciddi təhlükə olan işsizlik problemini daha da ağırlaşdırır. Belə ki, 2020-ci ildə La-Reyunyon və Qvadelupada işsizlik səviyyəsi yüksək olaraq qalmaqla 22 % təşkil edib. Problem xüsusilə gənclər arasında özünü kəskin şəkildə göstərir: 2020-ci ildə Martinikada rəsmi qeydiyyatda olan işsizlərin yarıdan çoxunu (45 %) 15-24 yaş arası gənclər təşkil edib.
BTQ mövcud materiallara əsaslanaraq belə nəticəyə gəlir ki, müasir müstəmləkə dövlətləri, o cümlədən Fransanın bu əraziləri özündə saxlamaqda əsas marağı təbii sərvətlər və siyasi fayda əldə etməyə yönəlibdir.
Şəmsiyyə Əliqızı, “İki sahil”