25 yanvar 2025 00:57
245

Əsrlərin sınağında möhkəmlənən dostluq

Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətlər və qarşılıqlı etimad prinsipləri əsasında daha inamla davam etdirilir

Cənubi Qafqazın ölkələri olan Azərbaycanla Gürcüstanın əsrlərdən bəri möhkəmlənən dostluğu səmimi münasibətlər əsasında davam edir. Müstəqilliklərinin bərpasından sonra da bölgədə baş verən hadisələrə birgə münasibət bildirən, təmsil olunduqları beynəlxalq təşkilarlarda qarşılıqlı olaraq eyni mövqedən çıxış edən hər iki dövlət artıq bütün dünyanın diqqət göstərdiyi enerji və nəqliyyat layihələrinin reallşması ilə daha sıx təmasda olurlar. Təməli Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulan, hər iki ölkənin dövlət və hökumət başçıları tərəfindən davam etdirilən qarşılıqlı səfərlər, parlament diplomatiyaları, imzalanan sənədlər nəticəsində daha da möhkəmlənən əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Dünyanın enerji və nəqliyyat xəritələrini dəyişən layihələrinin reallaşması ilə daha da möhkəmlənən Azərbaycan –Gürcüstan münasibətləri son vaxtlar yeni keyfiyyət istiqamətləri, mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə davam etdirilir. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyinin fəaliyyətə başlaması ilə yaranan diplomatik əlaqələr bölgədə sabitliyin təminatına önəmli töhfələr vermişdir. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb”. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında hər iki ölkəni birləşdirən iqtisadi amillər siyasi əlaqələrin möhkəmlənməsi ilə tarazlanır. Azərbaycanın, Türkiyənin, Gürcüstanın birgə səyinin nəticəsi olan enerji və nəqliyyat-logistika layihələrinin reallaşdırılması ilə Avropa dövlətlərinin enerji təhlükəsizlinin təminatında mühüm rolu olan bu üçlüyün səyi ilə bölgədə siyasi sabitlik təmin edilir. Bu üçlüyün birgə səyinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilis-Ərzurum, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə əvəzsiz töhfədir. Uzaq məsafələri qısaldan Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq və Qərb arasında iqtisadi körpüdür. Tranzit ölkə kimi Azərbaycanın təbii qazını 11 ölkəyə çatdıran Gürcüstan yaxın tərəfdaş kimi koordinasiya rolunu uğurla ifa edir. Siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığı dinamik inkişaf yolu ilə davam etdirən tərəflər milli maraqların, dövlətçilik mənafenin qorunmasında qarşılıqlı etimad prinsiplərinə ciddi əməl edirlər.

Ötən ilin sonlarında qardaş ölkədə baş verən siyasi gərginlik zamanı gürcü xalqı ilə həmrəylik göstərən Azərbaycan bu sahədə də dəstəyini əsirgəmədi. Gürcü xalqının haqq səsini müdafiə edərək həmrəylik göstərdi. Demokratiya, insan hüquqlarının qoruması bəhanəsi ilə təsir və təzyiqetmə mexanizmindən istifadə etməklə siyasi maraqlarını istədikləri ölkədə tətbiq etmək təcrübəsini hələ də sınaqdan çıxaran, 2008-ci il hadisələrini təkrarlamaq istəyən ABŞ-ın keçmiş administrasiyasının, Qərbin Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək cəhdləri iflasa uğradı. Qərbin aparıcı gücü hesab olunan Fransanın, Almaniyanın çirkin oyunlarının qarşısı xalqın iradəsi ilə alındı. Dost ölkədə keçirilən parlament seçkiləri ərəfəsində öyrədilmiş qrupların Tbilisinin küçələrində törətdikləri iğtişaşların nəticə vermədiyini görən Qərb günü bu gün də Cənubi Qafqazda sabitliyi pozmaq üçün dəridən-qabıqdan çıxır. Gürcüstanda yaşayan azərbaycanlılar gürcü xalqı ilə birlikdə yad təsirlərə qarşı mübarizə apardılar. Ötən il «Xarici təsirin şəffaflığı haqqında» qanun layihəsinin parlamentdə müzakirəsindən sonra hərəkətə keçən Qərb dairələrinin trol dəstələri iğtişaşlarını radikal formada davam etdirsələr də onlara dəstək verən etirazçıların sayının azalması ilə mənfur niyyət baş tutmadı. Bununla da Ermənistandan sonra Gürcüstanda oyuncaq hökumət formalaşdırmaq istəyən Qərb dövlətlərinin Cənubi Qafqazı münaqişə poliqonuna çevirmək cəhdləri iflasa uğradı.
 Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb etməklə bir daha bütün dünyaya göstərdi ki, iki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu ilin 17 yanvar tarixində ölkəmizə rəsmi səfəri zamanı cənab Prezident İlham Əliyevlə İrakli Kabaxidzenin görüşü və mətbuata birgə bəyantlarında səsləndirdikləri fikirlər bu reallığın təsdiqi idi. Çox güclü və sarsılmaz dostluğa əsaslanan münasibətlər bir daha diqqətə çatdırıldı. «Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər» sözləri ilə iki ölkə arasında yaranan enerji və nəqliyyat sahəsindəki işbirliyini, iki ölkə başçılarının birgə səyi ilə uğurla davam etdirilən əməkdaşlığı yüksək dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxunun Azərbaycan mənşəli olması iki ölkə arasındakı iqtisadi əlaqələrin məntiqi nəticələrindəndir. Təbii qazın ixracı ilə paralel olaraq yaşıl enerji layihələrinin də iki dövlətin bircə səyi ilə həyata keçirilməsi enerji bazarında bu birliyin geniş mənada uğuru olacaq. İki ölkənin Orta Dəhliz layihəsində birgə iştirakı əlaqələrin yeni istiqamətlər üzrə inkişafının davamıdır.

«Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır» sözləri ilə dost ölkədə nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə bağlı görülən işləri bu birliyin məntiqi nəticəsi kimi dəyərləndirən Prezident İlham Əliyev hər iki xalq arasındakı mənəvi dostluğun sarsılmazlığını bölgə üçün sabitlik faktoru kimi dəyərləndirmişdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətlərin möhkəmlənməsində xüsusi rolu olan Prezident İlham Əliyevin xidmətlərini «Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur» sözləri ilə dəyərləndirmişdir.

Bəllidir ki, qlobal problemlərlə üzləşən müasir dünyamızda ən mühüm məsələ dövlətlərarası iqtisadi münasibətlərin tənzimlənməsidir. Azərbaycanla Gürcüstan arasında bu məsələ ilə bağlı heç bir problem yoxdur. İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın keçirdiyi iclaslarda qarşıya çıxan çəitinliklər hər iki dövlətin mənayelərinə uyğun həll edilir. «Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır. Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm» sözləri ilə ikitərəfli münasibətləri yüksək dəyərləndirən İrakli Kabaxidze bu dostluğu Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik baxımından müstəsna əhəmiyyətə malik nümunə adlandırdı: «Eyni zamanda, bizim münasibətlərin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var. Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.»

Azərbaycanı Gürcüstanın beş əsas ticarət tərəfdaşından biri kimi dəyərləndirən İrakli Kobaxidze iki ölkə arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu diqqətə çatdırmaqla siyasi tərəfdaşlığın dərinləşdirilməsi üçün rəsmi Tbilisinin səylərini artıracağını bildirdi.

Xuraman İsmayılqızı, «İki sahil»