23 yanvar 2025 11:14
156

Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi və bildirdi ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. “ Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.”

Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Bundan başqa, Gürcüstana yatırılan birbaşa investisiyaların həcmini nəzərə alsaq, Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli investisiya tərəfdaşlarından olduğunu da görərik. Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Baş nazir İrakli Kobaxidzenin Bakıya işgüzar səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcəkdir. Eyni zamanda bu səfər ölkələrimiz arasında əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bildiyiniz kimi, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü