Səudiyyə Ərəbistanındakı Kral Faysal Mütəxəssis Xəstəxanası və Araşdırma Mərkəzi (KFSHRC) robot yardımından istifadə edərək süni ürək pompası implantasiyasını uğurla həyata keçirdiyini açıqlayıb.
Xəstəxanadan verilən açıqlamada bildirilir ki, cərrahiyyə əməliyyatı 35 yaşlı ürək çatışmazlığı, böyrək və ağ ciyərində ağırlaşmaları olan xəstə üzərində aparılıb. Əməliyyatda ABŞ-ın sağlamlıq texnologiyaları şirkəti "Abbott" tərəfindən hazırlanmış "HeartMate 3" süni ürək pompasından istifadə edilib. Xroniki ürək çatışmazlığı olan xəstələrə dəstək üçün nəzərdə tutulmuş "HeartMate 3" cihazı robot köməyi ilə cərrahi travmanı azaltmaqla sağalma prosesini sürətləndirir.
Əməliyyat KFSHRC Ürək Cərrahiyyəsi Departamentinin rəhbəri və Robotik Minimal İnvaziv Cərrahiyyə Proqramının direktoru Feras Khaliel tərəfindən həyata keçirilib. Əməliyyatdan sonra cəmi 4 gün reanimasiyada qalan xəstənin 10 gün ərzində evə buraxılması planlaşdırılır. Kral Faysal Mütəxəssis Xəstəxanası və Araşdırma Mərkəzinin rəsmisi Byorn Zoeqa bu əməliyyatı səhiyyədə dönüş nöqtəsi adlandırıb: "Bu nailiyyət cəsarətli yenilikləri ciddi təhlükəsizlik tədbirləri ilə birləşdirmək qabiliyyətimizi nümayiş etdirir. Eyni zamanda, Səudiyyə Ərəbistanının qlobal səhiyyə innovasiyasında liderliyini daha da möhkəmləndirir."
Feras Khaliel, robot texnologiyasının təqdim etdiyi dəqiqlik və təhlükəsizlik üstünlüklərinə diqqət çəkib. Bildirib ki, robot texnologiyasının qabaqcıl imkanları sayəsində xəstələr infeksiya, qanaxma və ya digər fəsadlar yaşamadan minimal çapıqlarla əməliyyat edilə bilir.
Vüsal Cahanov, “İki sahil”