23 yanvar 2025 18:25
149

İnsultun artmasının kökündə hansı faktorlar dayanır? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: Son illərdə insult hallarına daha tez-tez rast gəlinməsi, ilk növbədə, dünya əhalisi arasında qocalma, prosesinin sürətlənməsi, xüsusən yaşlılar arasında yüksək qan təzyiqi, şəkərli diabet və digər damar risk faktorlarının yayılması ilə əlaqədardır

Ölüm səbəbinə görə insult dünyada ürək-damar xəstəliklərindən sonra ikinci yerdədir. Bütün insultların yarısı 70 yaşdan yuxarı insanlarda inkişaf edir. Bu xəstəliyin get-gedə həm artması, həm də cavanlaşması son vaxtlar Azərbaycanda da müşahidə edilir.

Mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirmək üçün  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Pərvin Allahyarova ilə həmsöhbət olduq. Mütəxəssis “İki sahil”ə müsahibəsi zamanı bir çox mühüm  məqamlara aydınlıq gətirdi.

İnsult əhəmiyyətli dərəcədə qarşısı alına, zamanında müalicə və idarə oluna bilən xəstəlikdir

-Son vaxtlar insult hallarının artma səbəbləri hansılardır və bu xəstəliyin yaranmasının kökündə hansı faktorlar dayanır?

-İnsult beyin qan dövranının kəskin pozulması nəticəsində yaranan xəstəlikdir. Ümumi olaraq, son illərdə insult hallarına daha tez-tez rast gəlinməsi, ilk növbədə, dünya əhalisi arasında qocalma prosesinin sürətlənməsi, xüsusən yaşlılar arasında yüksək qan təzyiqi, şəkərli diabet və digər damar risk faktorlarının yayılması ilə əlaqədardır. Qeyd etmək vacibdir ki, xoşbəxtlikdən insult əhəmiyyətli dərəcədə qarşısı alına, zamanında müalicə və idarə oluna bilən bir xəstəlikdir.

Bu xəstəliyin riskini artıran faktorları dəyişdirilə bilən və dəyişdirilə bilinməyən risk faktorlarına bölmək olar. “İnterstroke” adlı yeni bir araşdırma, insult hallarının 90 faizinin dəyişdirilə bilən risk faktorunun nəticəsi olduğunu təsbit edib. Yəni, bu araşdırma insultun profilaktika olunan xəstəlik olduğunu təsdiqləyib.

-Bəs dəyişdirilə bilən insult risk faktorlarının ən vacibi hansıdır?

-Böyük tədqiqatların nəticələri göstərir ki, yüksək qan təzyiqi insultun ən vacib dəyişdirilə bilən risk faktorudur və qlobal miqyasda insult yükünün azaldılmasında əsas hədəfdir. Arterial hipertenziya ilə yanaşı, insultun risk amillərinə aşağıdakılar daxildir: fiziki aktivliyin azalması (hipodinamiya), dislipidemiya (qan yağlarının yüksəlməsi), qeyri-sağlam qidalanma, piylənmə, tütün məhsullarından istifadə, ürək xəstəlikləri, o cümlədən səyrici aritmiya, alkoholizm, depressiya/psixoemosional stress, şəkərli diabet.Yuxarıda göstərilən insult risk faktorlarına nəzarət və onların  müalicəsi bu xəstəliyin profilaktikasının mühum hissəsidir.

 -İnsultun hansı növləri mövcuddur? 

-İnsultun əsas iki növü mövcuddur: işemik və hemorragik. İşemik insult baş beynin bir və ya bir neçə damarının tıxanması nəticəsində yaranan xəstəlikdir. Hemorragik insult isə adətən beyindəki qan damarının yırtılması ilə əlaqəli qanaxma nəticəsində baş verir.

-Bəs, insultun əlamətləri özünü necə büruzə verir?

-İşemik insultun əlamətləri müxtəlifdir və qan dövranı pozulmasının beynin hansı nahiyyəsində baş verməyindən asılıdır. Əksər hallarda insult əlamətləri qəflətən meydana çıxır. İnsultun ən çox rast gəlinən əlamətləri bunlardır: bir və ya bir neçə ətrafda zəiflik, hissiyyatın enməsi, üzdə asimmetriya, nitq və ya udma aktının pozuntusu, görmə pozuntuları, müvazinətsizlik, başgicəllənmə, kəskin başağrısı, huşun pozulması və s. Kəskin insult kəskin miokard infarktı qədər təcili patologiyadır. Hər ikisində vaxt itirmək olmaz- pasiyenti ən tez zamanda təcili tibbi yardım xidməti vasitəsi ilə xəstəxanaya çatdırmaq və zamanında müvafiq müalicəyə başlamaq vacibdir.  

Məhz buna görə də dünyada əhalini maarifləndirmək məqsədi ilə  insult əlamətləri “BEFAST” (“tələs”) akronimi vasitəsi ilə öyrədilir.

   B (balance) – müvazinət/yerişin pozulması, baş gicəllənməsi;

    E (eyes) – görmənin pozulması;

    F (face) – üzdə asimmetriyanın yaranması;

    A (arms) – xəstənin qolunda və/və ya ayağında  zəifliyinin yaranması;

    S (speech) – nitqin pozulması;

    T (time) – dərhal, vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək.

- İnsultun diaqnostikası necə aparılır?

-Müalicə üsulu insultun növündən asılıdır. Optimal müalicəni seçmək üçün xəstənin işemik və ya hemorragik insult keçirdiyini mümkün qədər tez müəyyən etmək çox vacibdir. Bu, yalnız xəstəxana şəraitində mümkündür. Kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) insultun diaqnostikasında vacib instrumental müayinələrdir. Əksər hallarda KT  beyin qanamasını digər insult növlərindən aydın şəkildə ayırmağa imkan verir. Xəstəliyin ilk saatlarında xüsusən kiçik işemik insult оcağı çox vaxt KT ilə görüntülənmir. Maqnit rezonans tomoqrafiyası KT ilə müqayisədə işemik insultun erkən və kiçik ocaqlarını aşkar etmək üçün daha həssas üsuldur. Kəskin insultun diaqnostikasında yalnız beyni deyil, beyin damarlarını da görüntüləmək çox vacibdir. Bu məqsədlə ən çox istifadə edilən üsullar KT-angioqrafiya və MR-angioqrafiyadır.  

İnsult keçirən xəstə yalnız uzanıqlı vəziyyətdə daşınmalıdır

 

 

 

- İnsult pasiyenti üçün ilk yardım nədən ibarətdir?

-İlk növbədə, xəstə çarpayıya rahat şəkildə uzanmalı, nəfəs almağı çətinləşdirən istənilən paltarın düymələri açılmalı, kifayət qədər təmiz hava təmin edilməlidir. Protezləri və qusuntu kütlələrini ağız boşluğundan çıxarmaq vacibdir. Boyun əyilməsinin və nəticədə damarlar vasitəsilə qan axınının pozulmasının qarşısını almaq üçün baş və çiyinlər yastığa söykənməlidir. İnsult inkişaf etdikdə, xəstəliyin ilk dəqiqələri və saatları ən önəmlidir. Bu zaman xəstəxanada göstərilən tibbi yardım ən təsirli ola bilər. Odur ki, insultа ilk şübhə yarandıqda dərhal 103-ə zəng edib, insult növünü müəyyən etmək və operativ şəkildə xəstə üçün optimal müalicəyə başlamaq üçün xəstəni mümkün qədər tez təcili tibbi yardım xidməti vasitəsi ilə müvafiq xəstəxanaya çatdırmaq lazımdır. İnsult keçirən xəstə yalnız uzanıqlı vəziyyətdə daşınmalıdır.

-Bəs, insultun müalicəsi necə aparılır?

-İnsultun müalicəsi metodunun seçimi, ilk növbədə, insultun işemik və ya hemorragik olmasından asılıdır. Artıq dediyimiz kimi, düzgün yanaşma- neyrogörüntüləmə ( KT, MRT) üsullarından istifadə edərək xəstəxana şəraitində insult növünü  müəyyən etməkdir.  KT-angioqrafiya və ya MR-angioqrafiya üsullarından istifadə edərək beyin damarları haqqında da mütləq məlumat alınmalıdır ki, optimal müalicə strategiyası seçilsin.
Müasir tibdə insultun təbii gedişini dəyişə biləcək müalicə üsulları mövcuddur.  Əsas odur ki, bu  müalicə zamanında, yəni təcili olaraq edilsin. Kəskin işemik insultun müasir müalicəsi “Zaman beyindir” şüarı altında aparılır, çünki bu xəstəlik zamanı hər dəqiqə beyində 2 million  neyron məhv olur. Damar tıxanması mövcuddursa, pasiyent zamanında gələrsə beyin qan dövranı reperfuziya müalicəsi (intravenoz trombolizis,  endovaskulyar trombektomiya) vasitəsi ilə operativ bərpa olunduğu halda, xəstə üçün optimal funksional nəticə əldə etmək mümkündür. Kəskin insult xəstələrinin müalicəsi ixtisaslaşmış xəstəxanalarda nevroloq tərəfindən aparılmalıdır. Azərbaycanın səhiyyə sistemində insultun profilaktikası və müalicəsi istiqamətində əhəmiyyətli addımlar atılıb.  2021-ci ildə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Bakı Sağlamlıq Mərkəzində ixtisaslaşmış mütəşəkkil İnsult Mərkəzi yaradılıb. Bu mərkəz pilot layihə kimi təsis olunub və artıq 3 ildir ki, “24 saat/gün, 7 gün/həftə, 365 gün /il” prinsipi ilə nevrologiya, radiologiya, təcili tibb, neyrocərrahiyə, reanimasiya, reabilitasiya, kardiologiya, endokrinologiya, hematologiya, revmatologiya sahələrinin həkim-mütəxəssisləri və insult üzrə ixtisaslaşmış  tibb bacıları ilə multidissiplinar yanaşmanı əsas tutaraq fəaliyyət göstərir.
Bu ilk Səhiyyə Nazirliyinin ixtisaslaşmış İnsult Mərkəzində insultdan əziyyət çəkən xəstələrin müasir tibbin standartlarına uyğun olaraq  intravenoz trombolizis və endovaskulyar trombektomiya kimi reperfuziya müalicəsi, habelə  reabilitasiyası,  insultun patogenetik növünə uyğun  ikincili profilaktikasının təyin edilməsi sübutlu təbabətin prinsiplərinə əsaslanan multidissiplinar yanaşma şəklində həyata keçirilir. Mərkəzdə, həmçinin suabaraxnoidal və beyindaxili qansızmanın endovaskulyar və neyrocərrahi, kəskin venoz insult və  digər insult növlərinin müalicəsi də aparılır. İnsult Mərkəzində kəskin dövr pasiyentlərinin müalicəsi xüsusi ixtisaslaşmış intensiv insult palatasında- yəni İnsult Ünitində (Stroke  Unit)- aparılır. Çünki  bu yanaşma optimal nəticələri əldə etmək üçün kəskin insult xidmətinin müasir tibdə təsdiqlənmiş  “qızıl standartı” sayılır.

Qeyd etmək vacibdir ki, Səhiyyə Nazirliyinin insult xidməti layihəsinin icrasına dünya miqyasında tanınmış nevroloqlar olan iki beynəlxalq mütəxəssis-ekspertlər cəlb olunub. Ekspertlərdən biri- nevroloq, insult üzrə mütəxəssis Zaza Katsarava- Almaniyanın Duisburq-Essen Universitetinin nevrologiya üzrə professorudur.  Layihənin digər beynəlxalq eksperti- nevroloq Məsud Aşina- Danimarkanın Kopenhagen Universitetinin nevrologiya üzrə professorudur. 

Sağlam qidalanma, çəkiyə nəzarət, aktiv həyat tərzi, zərərli vərdişlərdən uzaq olmaq

Mütəxəssislər qeyd edirlər ki,  insan yaşını, cinsini, irsiyyətini dəyişə bilmədiyinə görə özünü nə qədər qorusa da, insulta tutulma ehtimalı var. Lakin həyat tərzinə diqqət edilsə, bu ehtimal minimuma qədər endirilə bilər. Belə ki, insan sağlam qidalanmalı, çəkiyə diqqət etməli, aktiv həyat tərzi aparmalı, zərərli vərdişlərdən uzaq olmalıdır. Xəstəliyin risk faktorları (təzyiq, şəkər, qanda xolesterin səviyyəsi, laxtalanma, ürək-damar xəstəlikləri) varsa, onları mütləq şəkildə kontrol altında saxlamalı, vaxtlı-vaxtında müayinələrdən keçməlidir.

Bununla yanaşı, insult xəstələri təkrarlana biləcək insultdan qorunmalıdır, yaşam tərzində dəyişiklik etməlidir. Xəstəxanada yatarkən baş verən fiziki müalicə proqramı xəstə evə getdikdən sonra nizamlı olaraq davam etdirilməlidir. Xəstə inamsızlaşmamalıdır. Unutmaq olmaz ki, xəstənin sağalacağına inamı və onun bu müalicədə fəal iştirakı, mənəvi dəstəyi xəstəliyin gedişinə müsbət təsir göstərəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”