23 yanvar 2025 15:59
161

Azərbaycanla Gürcüstanı tarixi dostluq, strateji tərəfdaşlıq əlaqələri birləşdirir

Azərbaycanın  xarici siyasətinin  prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri bir daha iki dost, qardaş ölkənin tarixi koklərə söykənən əlaqələrinin geniş təhlilinə imkanlar yaratdı. Bu səfərin özəlliyi, münasibətlərimizin inkişafında rolu daha çox diqqət çəkdi. Belə ki, bu, Gürcüstanın Baş nazirinin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfəri idi. Məhz ilk səfərin Azərbaycana həyata keçirilməsi iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq saldı.  

Yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdilər. Görüşdə hər iki dövlət arasındakı siyasi-iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Həmin bəyanatlar iki qonşu dövlət arasında inkişaf prespektivləri baxımından çox mühüm əhəmiyyət kəsb edirdi. Dövlətimizin başçısı İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin gələcək inkişafını özündə əks etdirən gündəliyə diqqət yönəltdi və hədəfləri açıqladılar. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Cənab İlham Əliyevin “Biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür” fikirlərinin davamı olaraq Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirdi ki, Prezident İlham Əliyev  bağlantı layihələrini qeyd etdi. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq. İrakli Kobaxidze onu da qeyd etdi ki, iqtisadi-ticari sahə də çox vacibdir. Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır.  Tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var: “Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək”.

Ümumilikdə iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirdikdə hər iki tərəfin əməkdaşlıqda nə qədər maraqlı olduğunu görərik. İndiyə qədər iki ölkə arasında 123 sənəd imzalanıb. Hər bir sənəd münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişaf etməklə yeni yeni uğurlara imza atmaqdadır.

Hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malikdir. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və əhəmiyyəti istər regional, istərsə də beynəlxalq miqyasda günbəgün artmaqdadır.Hər bir sahədə əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı hörmətə və etimada söykənən bu əlaqələr nümunədir. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatnın sədri