19 oktyabr 2024 09:28
77

Banqladeşdə son sutkada 441 nəfər denge virusuna yoluxub

Banqladeşdə ötən sutka denge virusuna 441 yoluxma qeydə alınıb, 3 nəfər bu virusun səbəb olduğu qızdırmadan ölüb.

“İki sahil” Banqladeş mediasına istinadla xəbər verir ki, ölkənin Baş Səhiyyə Xidmətləri Direktorluğu ən çox yoluxmanın paytaxt Dəkkədə qeydə alındığını açıqlayıb. Bütün yoluxanlar xəstəxanalara yeləşdiriliblər.

Qurum cari il ərzində 47 min 461 nəfərin bu virusa yoluxduğunu, 237 nəfərin isə virusun qurbanı olduğunu bəyan edib. Hazırda xəstəxanalarda təxminən 3800 nəfər müalicə alır.

Banqladeşdə denge virusuna yoluxmalara dair statistika 2000-ci ildən aparılır. Ötən il 321 min 179 nəfər denge qızdırması ilə əlaqədar xəstəxanalara müraciət edib, 1705 nəfər bu xəstəlikdən ölüb. Bunlar rekord göstəricilər olub.

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır.

Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Xəstəliyin XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində aydınlaşdırılıb.