19 oktyabr 2024 11:50
80

Fransa nüfuzunu qorumaq üçün Ukraynanı müdafiə edir

Fransa Ukraynanın NATO-ya daxil olması üçün rəsmi dəvətin razılaşdırılmasını prioritet hesab edir, baxmayaraq ki, alyansa qoşulma prosesinin özünün kifayət qədər uzun çəkə biləcəyini etiraf edir.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamin Addad “Le Parisien” qəzetinə müsahibəsində bildirib.

“Dəvət birinci mərhələdir, siyasi siqnaldır, biz bunu indi edə bilərik, hətta üzvlük prosesinin uzun və tələbkar olduğunu nəzərə alaraq, tərəfdaşlarımızı inandırmağa çalışırıq”.

O, Parisin Ukraynanı Aİ və NATO-ya gedən yolda “müşayiət etmək” istəyini də bəyan edib və əlavə edib ki, bu da Avropanın təhlükəsizliyini təmin edəcək.

Daha əvvəl “Le Journal du Dimanche”ə verdiyi müsahibədə Addad bildirmişdi ki, Fransa Ukraynanı “altruizmdən” deyil, Avropada öz nüfuzunu qorumaq naminə dəstəkləyir. O, iddia edib ki, məhz Fransa tərəfdaşlarını Kiyevə hərbi dəstəyi genişləndirməyə, o cümlədən tanklar, uzaq mənzilli silahlar və hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə sövq edib. Onun sözlərinə görə, Ukraynanın məğlubiyyəti Fransanın Avropadakı “müdafiə nüfuzuna” təsir edəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”