19 oktyabr 2024 11:26
72

Ərəb Liqası müstəmləkəçi dövlətlər tərəfindən talanmış arxivlərini geri qaytarmağa çalışır

Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının təşkilatçılığı ilə "Ərəb Sənədi Günü-2024" münasibətilə iclas keçirilib.

“İki sahil” xəbər verir ki, “Yaşıl arxivlər: davamlı ərəb arxivlərinə doğru” mövzusunda təşkil olunan tədbirdə Ərəb Liqasına üzv dövlətlərin daimi nümayəndələri, qurumun Təhsil, Mədəniyyət və Elm Təşkilatı - ALECSO-nun üzvləri, arxivşünaslar və ərəb sənəd mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə Ərəb Liqasının baş katibi Əhməd Əbul-Ğeytin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə Beynəlxalq Arxivlər Şurasının Ərəb regional bölməsinin dünya yaddaşını nadir və zəruri arxiv sənədləri ilə zənginləşdirməyə kömək etməyə hazır olduğu bildirilib. Həmçinin ərəb dünyasına aid qiymətli əlyazmaların, arxivlərin, fotoşəkillərin və xəritələrin ənənəvi üsullarla yanaşı, müasir rəqəmsal texnologiyalardan, o cümlədən süni zəkadan istifadə edilməklə qorunub saxlanmasına dəstək verilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə, həmçinin rəqəmsal transformasiyanı təşviq etməklə yaşıl arxivlər konsepsiyasının tətbiqinin zəruriliyi və onun ətraf mühitin qorunmasında rolu qeyd edilib, müstəmləkəçi dövlətlər tərəfindən talan edilərək ölkədən çıxarılmış ərəb arxiv sənədlərinin geri qaytarılmasına yönəlmiş vahid ərəb strategiyasından danışılıb. Qeyd edilib ki, bu strategiya, eyni zamanda, ərəb kimliyinin sütunlarından biri hesab edilən arxivləri məhv olmaqdan və qaçaqmalçılıqdan qorumaq, onlardan sui-istifadənin qarşısını almaq üçün hüquqi baza yaratmaq məqsədi daşıyır.

İclas çərçivəsində Ərəb Dövlətləri Liqasının Baş Katibliyi, Misirin Nazirlər Şurasının nəzdində İnformasiya və Qərarlara Dəstək Mərkəzi və İordaniyanın Kral Sənədləri Mərkəzi arasında əməkdaşlıq sazişləri imzalanıb.