16 iyul 2024 01:56
454

Yeni layihələr üçün real imkanlar yaranır

Prezident İlham Əliyevin daim qeyd etdiyi kimi, Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər  ixrac imkanlarımızı təmin edəcək, ölkəmiz etibarlı tərəfdaş kimi  gələcəkdə də öz müsbət rolunu oynayacaq

İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır 

Azərbaycanın neft-qaz layihələrini uğurla  reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Nəzərə alsaq ki, bugünümüzün əsas hədəflərindən biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır, Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un əhəmiyyəti daha aydın şəkildə görünür. Cənab İlham Əliyev çıxışlarında bu çağırışı da edir ki,  neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. İşimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəldilib. İnklüziv cəmiyyət qurulub. Yoxsulluğun səviyyəsi  50 faizdən 5 faizə enib. Xarici borcumuz təxminən 100 faizdən 7,7 faizə enib. Təbii ki, qiymətləndirmə zaman  bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərinə götürərkən Azərbaycan  bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə bilirdi.

O da qeyd edilir ki, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə  dənizin geri çəkildiyi müşahidə olunur. Bunun səbəbi iqlim dəyişikliyidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, böyük bir fəlakətlə üzləşəcəyik: “Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil. İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır.” 

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasına çevrilir

 Bu gün böyük qürur hissi ilə qeyd etdiyimiz məqamlardan biri  Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsidir. Azərbaycan bu sahədə böyük potensiala malikdir. Rəqəmlərə nəzər salsaq, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə, ölkəmizə  kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki,  bütün bu layihələr mərhələli şəkildə icra edilir. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın  Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” imzaladıqları  Sazişi xüsusi qeyd etmək istərdik.  Məqsəd Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda bu əminliyi ifadə etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir: “Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.”

Qarşısına qoyduğu hədəflərə nail olunur

Göründüyü kimi, Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olmaq üçün imkanların mövcudluğunu qeyd etməklə yanaşı, səylərini də artırır. Ölkəmizin tezliklə bərpaolunan enerji mərkəzi kimi tanınacağı şübhəsizdir. Əsas olan hədəf və ona nail olmaq üçün birgə səylərin göstərilməsi, yeni tərəfdaşların qazanılması, əməkdaşlıqda etimad mühitinin daha da möhkəmləndirilməsidir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazanıb. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasından sonra 2017-ci ildə Yeni əsrin müqaviləsinin imzalanması da bunun bariz nümunəsidir. Bu il Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin  qoyulması da özündə mühüm məqamları ehtiva edir.

Bütün bu uğurlar Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Reallıq budur ki, əgər 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən o qətiyyətli addımlar atılmasaydı və “Əsrin kontraktı” imzalanmasaydı, bəlkə də Azərbaycanın inkişafı tam başqa istiqamətdə davam edərdi. “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, Azərbaycanın uzunmüddətli və uğurlu inkişafını təmin etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını yüksək dərəcədə əks etdirir.

Yeni layihələr üçün real imkanlar yaranır. Azərbaycan enerji sahəsində regional mərkəzə çevrilib. Beynəlxalq əhəmiyyətə malik və Avropanın enerji təhlükəsizliyinə zəmanət verən, Azərbaycanın əsas iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr ölkələr arasında əməkdaşlıqda körpü rolunu oynayır. Azərbaycanın kifayət qədər potensialı var ki, Avropanın enerji təhlükəsizliyini təmin etsin.  Prezident İlham Əliyevin daim qeyd etdiyi kimi, Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaq.

Onu da qeyd edək ki, cari ilin yanvar-iyun aylarında neft-qaz sektoruna 2996,2 milyon manatlıq vəsait yönəldilib. Dövlət Statistika Komitəsin məlumatına görə,  yanvarda ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 4,5 faiz artıb. 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 809 milyon manat səviyyəsində olub.  Ümumi daxili məhsul (ÜDM) neft-qaz sektorunda cari ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq, 20 milyard 722,4 milyon manat olub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz artıb.

Azərbaycan inkişaf yolunda inamla irəliləyir

Azərbaycan hazırda dayanıqlı iqtisadi inkişafı ilə diqqətdədir. Prezident İlham Əliyev bildirir ki, iqtisadi imkanlar məhdud olan yerdə siyasi təşəbbüsləri irəli sürmək, öz milli maraqlarını maksimum dərəcədə müdafiə etmək və prinsipial müstəqil siyasət aparmaq çox çətin olur. İqtisadi müstəqilliyimiz, böyük valyuta ehtiyatlarımız, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyini təsdiqləyir. Bu statistik rəqəmi də xüsusi qeyd etməliyik ki, hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın investisiya cəlbediciliyini qoruması etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirir. O da məlumdur ki, hazırda səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı adlandırır və bu, həqiqətdir. Çünki Azərbaycandan  təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyasının  genişlənəcəyi qaçılmazdır. Hazırda  enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə  ölkə ilə danışıqlar aparılır. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays “Azərbaycan,  Bakı şəhəri, bildiyiniz kimi, müasir neft sənayesinin beşiyi hesab olunur. Neft sənayesində bir çox inqilablar, inkişaflar burada baş verib. İlklərə imza atan bir ölkə olaraq burada böyük dühalar, dahi insanlar yetişmişdir və dünyanın inkişafına böyük töhfə vermişdir. Bütün bunlara şahid olmaq üçün, sadəcə, Bakıda gəzmək məncə, kifayət edir. Azərbaycan neftin qədrini bilir, dəyərini bilir və eyni zamanda, dünyaya indiyədək verdiyi faydaları yaxşı başa düşür” fikirləri ilə Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini şərtləndirən amilləri diqqətə çatdırır.

Yeganə Əliyeva, “İki sahil”