22 sentyabr 2024 13:05
110

Bayden administrasiyasının bölgəni qan çanağına çevirmək PLANI - ŞƏRH

ABŞ və Fransanın anti-Azərbaycan siyasətinin pərdəarxası məqamları

ABŞ Konqresindəki bəzi qrupların ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdikləri təəssüf doğurur. Həmçinin ABŞ və Fransa Qarabağ problemini canlandırmaq üçün sistemli addımlar atır. Separatçı rejimin nümayəndələrinin ABŞ Konqresinə dəvəti, orada “Dağlıq Qarabağın süqutu”na həsr olunan, həmçinin ABŞ və Fransanın aparıcı qurumlarının (hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyəsində) ləğv edilmiş “Dağlıq Qarabağ erməniləri”nə dəstək verən çoxsaylı təşəbbüslərinə həsr olunmuş tədbirlər bir zəncirin halqaları kimi Qərb dairələrinin məkrli niyyətlərindən xəbər verir. 

Qərb dairələrinin Cənubi Qafqazla bağlı siyasətləri iflasa məhkumdur

Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib. Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur.

Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistanda fundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olardı. Dinləmələrdə istinad edilən qondarma “Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və ölkəmizin keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının “Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulmasıdır.

Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Qərb dairələri, o cümlədən ABŞ və Fransa neokolonial siyasətinin nəzərlərini Cənubi Qafqaza, konkret olaraq Ermənistana yönəldib. Rəsmi Paris 44 günlük Vətən müharibəsi və onun ardınca Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnən hadisələr zəncirini heç cür qəbul etmək istəmir, eyni zamanda, vəziyyətdən istifadə edərək Rusiyanın Cənubi Qafqaz regionundan çıxarılmasına maraq göstərir.

Məhz buna görə regionun qan çanağına dönməsi, qeyri-stabil vəziyyətdə qalması üçün rəsmi Paris Ermənistanın əli ilə regionda yeni silahlanma yarışına başlayıb, erməni cəmiyyətində revanşist əhval-ruhiyyənin artırılmasına və İrəvan-Bakı normallaşma prosesinin dalana dirənməsinə xidmət edən addımlar atır. Fransa rəsmilərinin açıqlamaları da Parisin regionda “parçala və hökmranlıq et” prinsipi ilə hərəkət etdiyini göstərir. Fransanın Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə ittiham etməklə mənfur qonşumuzun əslində regionda yeni hərbi təxribatlara əl atması üçün şərait yaradır, bir növ qabaqcadan hərəkət azadlığı qazanmaq üçün dezinformasiya yayır.

Azərbaycana qarşı hazırlanan ssenarilərdə Fransa ilə yanaşı, ABŞ da aktiv rol alıb. Fransa Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı revanşa hazırlayır, ABŞ isə bu prosesə açıq dəstək verir. ABŞ-ın son addımları onun dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi neoimperialist siyasəti indi də Cənubi Qafqazda reallaşdırmağa çalışmasının göstəricisidir. Şübhəsiz ki, ABŞ-da anti-Azərbaycan fəaliyyət  Bayden administrasiyasının təlimatları əsasında həyata keçirilir. Bu fəaliyyətdə yer alan ermənipərəst konqresmenlər irəli sürdükləri və beynəlxalq hüquqa zidd olan təşəbbüslərin təlimatlarının birbaşa Ağ Evdən,  Bayden administrasiyasından alıblar.

Reallıq budur ki, Qərb Ermənistanı ölkəmizə qarşı müharibəyə hazırlayır. Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Ermənistana Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların verilməsi bunun bir daha təsdiqidir. Bu fəaliyyət ABŞ-nin Ermənistan vasitəsiylə Cənubi Qafqazda yeni bir yeni bir gərginlik mərkəzinin yaradılması məqsədi ilə həyata keçirilir. Məsələn, cari il avqustun əvvəllərində ABŞ Hərbi Hava Qüvvələrinin iki hərbi təyyarəsinin İrəvanın Zvartnots hava limanına enişi heç bir halda Cənubi Qafqazla bağlı xoş niyyətdən xəbər vermir. Təyyarələrdə Ermənistana hərbi yük və ABŞ ordusunun şəxsi heyəti göndərilib. Artıq sosial şəbəkələrdə bunun görüntüləri də yayılıb. Hərbi yük əsasən snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, xüsusi təyinatlılar üçün zirehli gödəkçələr, hücum mini-dronları, kiçik ölçülü minalardan və ABŞ ordusunda istifadə olunan digər döyüş sursatlarından ibarətdir. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər. Məsələ ilə bağlı sualı cavablandıran Ermənistandakı ABŞ səfirliyi bu ölkəyə hərbçilərin və hərbi yükün göndərilməsini ABŞ və Ermənistan arasında keçirilmiş hərbi təlimlə əlaqələndirməyə çalışıb. “İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib” - deyə məlumatda bildirilib. Əlbəttə, iyulun 24-də başa çatmış təlimin iştirakçılarının Ermənistana 9-10 gün sonra qayıdışı inandırıcı görünə bilməz və bu bir daha ondan xəbər verir ki, ABŞ Ermənistanı silahlandırmaqla regionda gərginliyin qalmasında maraqlıdır.

Hindistanın ilk “Akash-1S” zenit-raket kompleksləri (ZRK) bu ilin sonuna qədər Ermənistana çatdırılacaq. Bu barədə “Indian Defence Research Wing” nəşri məlumat yayıb. Qeyd olunur ki, İrəvan 720 milyon dollar dəyərində bu hava hücumundan müdafiə sistemlərindən 15 ədəd sifariş verib. Ermənistan Hindistanın bu ZRK-larının ilk xarici alıcısı olacaq.

2024-cü ildə Ermənistan və Hindistan iki ölkənin Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı imzalayıb. Bu görüş iki ölkənin müdafiə nazirlikləri arasında “ilk rəsmi məsləhətləşmə görüşü” olub. Görüş zamanı Ermənistan və Hindistan arasında hərbi texnologiyalar və kadr hazırlığı sahəsində mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə edilib. Birgə işçi qrupunun yaradılması da qərara alınıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin də anti-Azərbaycan prosesinə qoşulması Avropa İttifaqının bu məsələdə hansı mövqedə olmasına güzgü tutur. Avropa İttifaqının, Avropa Parlamentinin atdığı son addımlar Azərbaycana münasibətdə kollektiv Qərbin ikili standartlara, qərəzə, qeyri-obyektivliyə üstünlük verdiyini göstərir. Maraqlı suallar yaranır. Ermənistan ordusunun potensialı kimə qarşı gücləndirilir? ABŞ, Aİ, Fransa Ermənistan ordusunun güclənməsində niyə maraqlıdır?

Görünən budur ki, ABŞ, eləcə də kollektiv Qərb Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmir, Azərbaycana qarşı birlikdə planlar hazırlayıb reallaşdırmaq məqsədi güdür. Lakin Azərbaycan kənar qüvvələrin bölgəni yenidən silah poliqonuna, hərb meydanına çevirməsini önləmək gücündədir.

Odur ki, imperialistlərin uzun illər planetin fərqli yerlərində həyata keçirdiyi “parçala və hökmranlıq et” prinsipi Cənubi Qafqazda uğursuzluğa düçar olmağa məhkumdur.

Cavid Əkbər, “İki sahil”