12 oktyabr 2026 17:42
186

Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin müştərək vəzifəsidir - TƏHLİL

Prezident İlham Əliyevin çıxışlarında daim bu reallıq önə çəkilir ki, Xəzərdə fəaliyyətimizi dostluq və əməkdaşlıq nöqteyi-nəzərindən gerçəkləşdiririk. Xəzəryanı ölkələrin uğurlu inkişafı, eyni zamanda, bu bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir.  Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən  Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında da hazırkı dövrün çağırışlarına uyğun olaraq geniş müzakirələr aparıldı, qarşıda dayanan hədəflərə nail olmağın icra mexanizmləri müəyyənləşdirildi. Qeyd edək ki, Sammit sahilyanı dövlətlərin ekoloji böhranlara qarşı regional əməkdaşlığını strateji müstəviyə qaldırdı. Tədbir çərçivəsində dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin qorunması kimi təhdidlər beştərəfli formatda müzakirə olundu.

Reallıq budur ki, bu gün Xəzər dənizi yalnız beş sahilyanı dövlətin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın coğrafi sərhədləri daxilində yerləşən unikal su hövzəsi deyil, eyni zamanda, regionun ekoloji, iqtisadi və sosial gələcəyinə təsir göstərən strateji məkandır. Son illər Xəzərin səviyyəsinin sürətlə aşağı düşməsi, sahil xəttinin geri çəkilməsi, biomüxtəlifliyə yaranan təhdidlər və iqlim dəyişmələrinin təsirlərinin güclənməsi dənizin gələcəyi ilə bağlı məsələləri əvvəlki dövrlərlə müqayisədə daha aktual edib. 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Azərbaycanın ev sahibliyi etdiyi, dünyanı Bakıya toplayan COP29 iqlim konfransında da əsas müzakirə mövzularından biri iqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması oldu. Belə ki, tədbirdə iqlim dəyişmələri nəticəsində son illərdə Xəzər dənizinin səviyyəsində baş verən azalmalara diqqət yönəldilərək  bu unikal ekosistemin qorunması üçün regional əməkdaşlığın vacibliyi vurğulandı. Səviyyə dəyişikliklərinin hərtərəfli öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyəti qeyd edildi. Xəzər dənizinin qarşılaşdığı ciddi ekoloji və humanitar böhranlar, o cümlədən iqlim dəyişikliyinin mənfi təsirləri, biomüxtəlifliyin itirilməsi, torpaq deqradasiyası və çirklənmənin nəticələri geniş müzakirə edildi.

Qarşıdakı onilliklərdə Xəzərdə suyun səviyyəsinin enməsi ehtimalının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Həmin vəziyyət ekosistemləri məhv edə, əhalinin yaşayış yerlərini tərk etməsinə gətirib çıxara və iqtisadiyyatları təhdid edə bilər. Balıqçılığın azalması, suyun duzluluğunun artması və Xəzər suitisi kimi unikal növlərin təhlükə altında olması kimi məsələlər də hazırda müzakirə olunan məsələlər sırasındadır. Böhran təkcə ekoloji deyil, həm də humanitar xarakter daşıyır.

     Məhz bu baxımdan Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən Xəzər Ekoloji Sammiti xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində sammitdə iştirakı və çıxışı  Azərbaycanın Xəzərin qorunması məsələsinə verdiyi əhəmiyyətin növbəti göstəricisidir. Xəzər Ekoloji Sammiti gündəlikdə  dayanan əsas məsələləri, Xəzər dənizinin səviyyəsinin azalmasının ekoloji, iqtisadi və sosial nəticələrini, eləcə də sahilyanı dövlətlərin bu çağırışların aradan qaldırılması istiqamətində birgə fəaliyyətinin əhəmiyyətini təhlil etdi. Əvvəldə də qeyd etdiyimiz kimi, Xəzər dənizində baş verən dəyişikliklərin miqyası problemin yalnız ayrı-ayrı sahilyanı dövlətlərin milli siyasəti çərçivəsində həll edilə bilməyəcəyini göstərir. Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərin su balansı əsasən çay axınları, yağıntı və buxarlanma kimi təbii amillərin təsiri altında formalaşır. Bununla yanaşı, son elmi araşdırmalar göstərib ki, insan fəaliyyəti və iqlim dəyişmələri bu balansın pozulmasını sürətləndirən amillər sırasındadır. Prosesin nəticələri isə yalnız ekoloji xarakter daşımır. Suyun səviyyəsinin azalması, ilk növbədə, sahil ekosistemlərinin strukturunu dəyişir, dayaz ərazilərin və bataqlıq sahələrin itirilməsinə, balıqların, su quşlarının və digər canlıların yaşayış mühitlərinin daralmasına səbəb olur. Dövlət başçısı İlham Əliyev Xəzər Ekoloji Sammitindəki çıxışında bildirdi ki,  Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahilyanı infrastrukturun işində problemlərin yarandığını görürük. Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə dənizin Azərbaycan hissəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib.

     Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın sahilyanı dövlətlər kimi Xəzərin ümumi ekosisteminə təsir edən proseslər üzərində fərqli imkanları və məsuliyyətləri var. Bu baxımdan Xəzər Ekoloji Sammitinin ən mühüm xüsusiyyətlərindən biri ekoloji gündəmin dövlət başçıları səviyyəsinə çıxarılmasıdır. Türkmənistanın təşəbbüsü ilə keçirilən görüş Xəzərin ekoloji problemlərini yalnız ekspert və nazirliklər səviyyəsində deyil, siyasi qərarların qəbul edildiyi ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradır. Sammitdəki çıxışında  təşəbbüsünə görə Türkmənistan Prezidentinə təşəkkür edən Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, sammit Xəzər dənizinin ekoloji problemlərinin həllində bizim qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə kömək edəcək. Xəzər dənizi əsrlər boyu ölkələrimizi və xalqlarımızı birləşdirir. Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr reallaşdırılır. Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması prinsipial dərəcədə vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır.

   Bu mühüm reallığı da qeyd edək ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin son illər sürətlə inkişaf etməsi Xəzər dənizinin yalnız ekoloji deyil, həm də nəqliyyat və iqtisadi əlaqələndirici rolunu artırıb. Orta Dəhliz, limanlar və logistika infrastrukturu Xəzər üzərindən keçən bağlantıların əhəmiyyətini yüksəldir. Bu baxımdan dənizdə su səviyyəsinin azalması gələcəkdə nəqliyyat marşrutlarının dayanıqlılığı məsələsini də gündəmə gətirə bilər. Deməli, Xəzərin ekoloji təhlükəsizliyi ilə iqtisadi təhlükəsizlik arasında getdikcə daha sıx əlaqə yaranır. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlər üçün müştərək vəzifədir. Ötən illər ərzində ölkələrimiz tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 2026-cı ildə Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində də Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimuma yaxınlaşması problemin ciddiliyinin göstəricisi kimi qeyd edildi. Müraciətdə su qıtlığının yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün ciddi narahatlıq doğurduğu bildirildi. Eyni zamanda, ətraf mühitin mühafizəsi və yaşıl artım Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının əsas milli prioritetlərindən biri kimi müəyyənləşdirildi. Xəzər Ekoloji Sammitində Prezident İlham Əliyev vurğuladı ki, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verəcək. Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Bugünkü sammit bu yolda mühüm addım olacaq.

  Reallıq budur ki, Azərbaycan problemi yalnız müşahidə və qiymətləndirmə səviyyəsində saxlamır, onun səbəblərinin öyrənilməsi və mümkün nəticələrə uyğunlaşma istiqamətində regional əməkdaşlığı genişləndirir. Bu istiqamətdə mühüm addımlardan biri Azərbaycan-Qazaxıstan İşçi Qrupunun yaradılmasıdır. İşçi Qrupunun 2026-cı il aprelin 24-də Astanada keçirilən ilk iclasında Xəzər dənizində su səviyyəsinin azalmasına təsir edən iqlim və antropogen amillər, bunun ekosistemlərə və sahilyanı ərazilərə mümkün təsirləri müzakirə olundu. Tərəflər birgə tədqiqatların aparılması, məlumat mübadiləsinin genişləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi barədə razılığa gəldilər. Dövlət başçısı İlham Əliyev Xəzər Ekoloji Sammitində bu çağırışı etdi ki, hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində bunun səbəblərini müəyyən etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim:  “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi. Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməliyik. Hər şeydən əvvəl Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə təsir edən amillərin bütün kompleksini müəyyənləşdirməliyik və vəziyyətin gələcək inkişafının obyektiv elmi qiymətləndirilməsinə malik olmalıyıq”.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan üçün Avazada keçirilən Xəzər Ekoloji Sammiti artıq görülən ikitərəfli və çoxtərəfli işlərin daha yüksək siyasi səviyyədə əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin sammitdə çıxışı Xəzərin gələcəyinin beştərəfli əməkdaşlıq, elmi əsaslandırılmış qərarlar və uzunmüddətli regional strategiya əsasında qorunmasının vacibliyinə verilən mühüm mesaj kimi qiymətləndirilir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısı İlham Əliyevə  dərinməzmunlu çıxışına görə təşəkkür etdi. Bildirdi ki,  Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması qardaş Azərbaycan kimi Türkmənistanın da daxili və xarici siyasətinin prioritetləri sırasındadır. Xəzərin ekoloji gündəliyinin bütün spektri üzrə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyə hazırıq.

Yeganə Əliyeva, "İki sahil"