Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilən dövlətdir. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dini irsə ehtiram və İslam həmrəyliyinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu yanaşma Konstitusiyanın prinsiplərinə, qanunun aliliyinə və hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsinə əsaslanır. Azərbaycanın dövlətçilik modeli milli-mənəvi irsin qorunmasını dünyəvilik, dini etiqad azadlığını isə ictimai həmrəylik və qarşılıqlı hörmətlə uzlaşdırır.
Milli-mənəvi dəyərlər xalqımızın tarixi yaddaşını, milli kimliyini və mənəvi bütövlüyünü yaşadan əsas amillərdəndir. Bu dəyərlərin qorunması keçmişə bağlılıqla yanaşı, gələcək nəsillərin milli kimliyini dərk etməsi və öz xalqının tarixinə sahib çıxması baxımından da vacibdir.
Dünyəvi dövlət olmaq dini dəyərlərdən uzaqlaşmaq demək deyil. Dünyəvilik hər kəsin inancına hörmət göstərildiyi, insan hüquqlarının qanunla qorunduğu və müxtəlif dünyagörüşlərinin dinc yanaşı yaşadığı mühitin təmin edilməsidir. Azərbaycanda məscidlərin bərpası, yeni ibadət ocaqlarının tikilməsi, dini-mədəni irsin qorunması və dini bayramların dövlət səviyyəsində qeyd olunması bu siyasətin konkret təzahürləridir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası da xalqımızın tarixi yaddaşına və mənəvi irsinə göstərilən ehtiramın ifadəsidir.
Ölkəmizin tolerantlıq ənənələri müxtəlif dini icmaların birgəyaşayışında özünü göstərir. Dini və mədəni müxtəlifliyin qarşıdurma mənbəyinə deyil, qarşılıqlı anlaşma amilinə çevrilməsi Azərbaycanın dövlətçilik modelinin mühüm xüsusiyyətlərindəndir. Bu mühitin qorunması dövlət siyasəti ilə yanaşı, cəmiyyətin məsuliyyətli mövqeyindən, qarşılıqlı hörmətdən və milli həmrəylikdən də asılıdır.
Müasir dövrdə ideoloji təhlükəsizlik məsələsi xüsusi aktuallıq daşıyır. Sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə yayılan dezinformasiya, dini amildən siyasi məqsədlərlə istifadə cəhdləri və cəmiyyətdə süni qarşıdurma yaratmağa yönələn təbliğat milli həmrəyliyə zərər vurmağa hesablanır. Ayrı-ayrı məsələlərin reallıqdan uzaq şəkildə təqdim edilməsi, xüsusilə təhsil sahəsindəki yeniliklərin dini azadlıqlara müdaxilə kimi qələmə verilməsi də bu xüsusda ayrıca qeyd edilməlidir. Belə halların qarşısının alınmasında hüquqi normaların düzgün izahı, ictimai maarifləndirmə və obyektiv məlumatlandırma mühüm rol oynayır.
Təhsil sahəsi milli dəyərlərin və dünyəvilik prinsiplərinin uzlaşdırıldığı mühüm istiqamətlərdəndir. Məktəb yalnız bilik verilən məkan deyil, həm də şagirdlərin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və qarşılıqlı hörmət mədəniyyətinin formalaşdığı mühitdir. Buna görə də təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın və sağlam mənəvi-psixoloji şəraitin qorunması vacibdir. Uşaqların ideoloji təsirlər vasitəsilə təzyiq altında saxlanmasına yol verilmir, onların azad düşünməsi və hərtərəfli inkişafı üçün şərait yaradılır.
Dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim tələblərinin tətbiqi təhsil mühitində nizam-intizamın, bərabərliyin və vahid məktəb mədəniyyətinin təmin edilməsinə xidmət edir. Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini gücləndirməyə kömək edir. Təhsilverənlər üçün müəyyənləşdirilən işgüzar geyim tələbləri isə peşəkar mühitin və müəllim nüfuzunun qorunmasına yönəlib.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alır. Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli qərarı ilə şagirdlərin geyim formalarına dair tələblərə dəyişiklik edilməsi, oktyabrın 6-da qəbul olunmuş qərarla isə təhsilverənlərin geyiminə dair tələblərin təsdiqlənməsi bu sahənin hüquqi çərçivədə tənzimlənməsi ilə bağlıdır. Bu qaydaların məqsədi dini etiqad azadlığını inkar etmək deyil, qanunvericiliyin müəyyən etdiyi normaları və dünyəvi təhsil prinsipini qorumaqdır.
Heç bir ideoloji mövqe qanunun tələblərindən üstün tutula bilməz. Dini dəyərlərə hörmət, uşaqların hüquqlarının müdafiəsi, təhsilin dünyəvi xarakterinin qorunması və cəmiyyətdə bərabərliyin təmin edilməsi bir-birini tamamlayan prinsiplərdir. Bu məsələlərin qarşı-qarşıya qoyulması əvəzinə, hüquqi çərçivədə uzlaşdırılması sağlam ictimai mühitin formalaşmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Gənc nəslin milli köklərinə bağlı, savadlı, vətənpərvər və müstəqil düşüncəli yetişməsi ölkəmizin gələcəyi üçün mühüm şərtdir. Bu istiqamətdə ailənin, məktəbin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Milli dəyərlərə hörmət, qanunlara riayət, fərqli düşüncələrə dözümlü münasibət və ictimai məsuliyyət gənclərə həm sözlə, həm də şəxsi nümunə ilə aşılanmalıdır.
Nəticə etibarilə, Azərbaycanın dövlətçilik modeli milli-mənəvi irsin qorunmasını, dünyəvilik prinsiplərinin möhkəmləndirilməsini və hər bir vətəndaşın hüquqlarına hörmət edilməsini vahid məqsəd ətrafında birləşdirir. Milli dəyərlərinə sahib çıxan, dünyəvilik prinsipinə sadiq qalan və qanunun aliliyini əsas tutan Azərbaycan gələcək inkişafını sağlam mənəvi əsaslar üzərində qurur.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı