19 sentyabr 2024 00:41
252

Niderland Krallığı niyə beynəlxalq normalara əməl etmir?

Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bunu rəsmi Bakı dəfələrlə beynəlxalq tribunalardan səsləndirib. Hətta dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı demişdi ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Prezident İlham Əliyev 2023-cü il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Qafqazda təhlükəsizliyin qurulması” mövsuzunda keçirilən plenar iclasda da bu məsələyə toxunmuşdu. Amma Ermənistanın havadarları, himayədarları hələ bu reallıqla barışa bilmir, öz bəyanatlarında, çıxışlarında belə bir ifadəni işlədirlər. Bununla da Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirirlər.

Belə ölkələrdən biri də Azərbaycanın uğurlarını həzm edə bilməyən Niderland Krallığıdır. Belə ki, sözügedən ölkə   tərəfindən sentyabrın 13-də dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində “Dağlıq Qarabağ” ifadəsi yer alıb. Halbuki, hər bir dövlət və təşkilat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində ölkəmizin müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul olunmuş coğrafi adlara istinad etməlidir. Bu isə o deməkdir ki, artıq beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ ifadəsi yoxdur. Görünür, erməni təəssübkeşliyi Niderland Krallığının gözünü elə yumub ki, beynəlxalaq normalara məhəl qoymağa özündə cəsarət tapmır.  Digər tərəfdən, Niderland Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi təqdim edib. Bu isə, ümumiyyətlə, qəbuledilməzdir. Halbuki, ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Amma Niderland Krallığının sözügedən sənəddə bu məsələdən, ümumiyyətlə, söz açılmır. Şübhəsiz, Niderland Krallığının Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması da təəssüf doğurur. Elə bu səbəblərdən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bununla bağlı yerli medianın sualını cavablandırarkən bildirib ki, biz Niderland tərəfini Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan, regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq.

Yeri gəlmişkən qeyd edək ki, Vətən müharibəsindən, eləcə də bir günlük lokal antiterror əməliyyatından sonra Niderland Parlamenti dəfələrlə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirib. Hətta bu ölkənin xarici işlər naziri Hanka Bruins Slot guya Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlı əsassız ifadələr də səsləndirib. Şübhəsiz, bütün bunlar Avropa İttifaqındakı “böyük qardaşı”, özünü Qərbin lider dövləti kimi göstərməyə çalışan Makron Fransasından göstərişlər alan Niderlandın xristian təəssübkeşliyindən və erməni lobbisinin təzyiqindən  irəli gəlir.

Qvami Məhəbbətoğlu, “İki sahil”