14 yanvar 2025 13:51
146

Fransanın mənfi obrazı Makronun səriştəsiz siyasətinin məhsuludur - EKSPERT

Fransanın tarixi müstəmləkə zülmü bu günə qədər davam edir. Məhvetmə siyasəti fiziki baxımından soyqırımı vasitəsilə, nüvə sınaqları zamanı tətbiq edilsə də əsas istək müstəmləkə xalqlarının öz identikliyindən, etiqadından imtina edərək fransızlaşdırılmasıdır. Minlərlə günahsız insanların qətlə yetirilməsi, həmin bu qətllərlə bağlı arxiv sənədlərinin məhvi Fransanın saysız-hesabsız  özbaşınalıqları sırasında dayanır.

Əlcəzairlilərin, xüsusilə də gənc nəslin yaddaşlarından bu qanlı əməllər silinməyə çalışılsa da, Fransa buna nail ola bilmədi. Fransa prezidenti Emmanuel Makronun 75 yaşlı yazıçı Buəlam Sansalın həbs edilməsinə dair bəyanatı Fransa-Əlcəzair münasibətlərini bu günlərdə yenidən gərginləşdirib. Makronun mövcud bəyanatını qınayan isə sadəcə Əlcəzairin Xarici İşlər Nazirliyi olmasa da, zənnimcə, bu cılız hərəkət cılız Emmanuel Makronun həddini bilməməsinin nəticəsidir. Ölkələrin, xalqların daxili işlərinə qəbuledilməz müdaxilə Makronun alışdığı adəti olsa da, onun alışqanını söndürmək sadəcə əlcəzairlilərin, müstəmləkə xalqlarının deyil, bu yanlış siyasətin təsirinə bu və ya digər şəkildə məruz qalan, ondan mənfi təsirlənən hər kəsin vahid amalı olmalıdır.

Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində şəxsiyyət amili və ölkə arasında müqayisəli təhlil edərək çox düzgün bir fikir bildirdi ki, “Əgər hər hansı ölkə həqiqətən böyükdürsə, prezident də ona bənzəməlidir. Əgər ölkə geridə qalıbsa, prezident isə sanki mütərəqqidirsə, o, ölkəni də həmin səviyyəyə çatdırmalıdır.” Yəni, bu gün əgər özünü böyük dövlət, bu böyük dövlətin görkəmli lideri kimi təqdim edən Makronun siyasətinə Əlcəzair qarşı gəlirsə, zamanında alçaldıldıqları kimi alçaldırsa, deməli, böyük mütəffəkirlər, tarixi şəxsiyyətlər yetişdirmiş Fransanın və fransız xalqının mənfi obrazı həmin o Makronun səriştəsiz siyasətinin məhsuludur. 

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq