18 sentyabr 2024 15:46
977

Azərbaycan COP29-un ev sahibi kimi qlobal iqlim təşəbbüslərinə liderlik etmək fürsəti qazanıb

Bu platformada ekologiya və iqtisadiyyata “yaşıl baxış”dan tutmuş sülh quruculuğuna, qlobal geosiyasi proseslərə qədər ən mühüm məsələlər müzakirəyə çıxarılacaq

COP29-un ev sahibi olan Azərbaycan, bu mötəbər beynəlxalq tədbir vasitəsilə qlobal iqlim təşəbbüslərinə liderlik etmə və öz reallıqlarını dünyaya çatdırmaq üçün nadir bir fürsət qazanır. Azərbaycanın ev sahibliyi, ölkənin iqlim dəyişikliyinə qarşı mübarizədəki öhdəliyini gücləndirmək və davamlı inkişaf sahəsində liderlik göstərə biləcəyi nüfuzlu bir platforma yaradır. COP29 çərçivəsində Azərbaycan enerji keçidi, ətraf mühitin mühafizəsi, ekosistemlərin qorunması və təmiz texnologiyalar sahəsindəki nailiyyətlərini qlobal auditoriyaya təqdim edərək beynəlxalq əməkdaşlığı gücləndirə bilər.

Bu fikirləri COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva, “İki sahil”ə özəl açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan COP29 çərçivəsində bir sıra vacib 14 təşəbbüslə çıxış edir. COP29 təşəbbüsləri çərçivəsində İqlim Maliyyəsi Fəaliyyət Fondunu istifadəyə verildi. Bu fond iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə dəstək olmaq məqsədi daşıyır. Fond əsasən qrantlar və güzəştli maliyyələşdirmə vasitəsilə iqlim davamlılığı və yaşıl enerji layihələrinə sərmayə qoyacaq. Fondun ilkin maliyyə mənbələri enerji sektorundakı ölkələr və şirkətlər olacaq, idarəetmə isə Bakıda yerləşən bir nümayəndə heyəti tərəfindən həyata keçiriləcək. Azərbaycan COP29 çərçivəsində bir çox genişmiqyaslı təşəbbüslər həyata keçirir. İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu, mədən yanacağı istehsal edən ölkələrin və şirkətlərin könüllü ianələri ilə təsis edilib və iqlim dəyişiklikləri ilə mübarizə üçün dövlət və özəl sektoru maliyyələşdirəcək.

Onun sözlərinə görə, COP29 çərçivəsində Azərbaycan bir sıra texnologiyaları vurğulayır: “Bunlar arasında yaşıl enerji texnologiyaları, təmiz hidrogen istehsalı və enerji səmərəliliyi üçün infrastrukturun yaradılması yer alır. Ölkə həmçinin rəqəmsal texnologiyaların və İKT sektorunun istixana qazlarının azaldılmasında rolunu gücləndirməyi hədəfləyir. Bundan əlavə, yaşıl enerjinin saxlanılması və enerji şəbəkələrinin inkişafı üzrə qlobal hədəfləri önə çıxarır. Bakı Təşəbbüsü (BICFIT Dialoqu) iqlim maliyyəsi, investisiya və ticarət sahələrində əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir. Bundan əlavə, yaşıl enerji və təmiz hidrogen layihələri, həmçinin kənd təsərrüfatı və su resurslarının qorunması üzrə təşəbbüslər də təqdim edilib. Bakı Təşəbbüsü COP29 çərçivəsində iqlim maliyyəsi, investisiya və ticarət üzrə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə uzunmüddətli bir dialoq platformasıdır. Təşəbbüs iqlim dəyişikliyinə uyğunlaşma və iqlim maliyyələşdirilməsinin gücləndirilməsi üçün qlobal səviyyədə dövlətlər, özəl sektor və digər maraqlı tərəflər arasında sıx əməkdaşlığı təşviq etməyi hədəfləyir. Bu təşəbbüs, iqlim fəaliyyətinə yatırımların artmasına və davamlı inkişafın dəstəklənməsinə şərait yaradan mühüm bir platforma kimi nəzərdə tutulur”.

Pərvanə Vəliyeva bərpa olunan enerjiyə keçidlə bağlı məsələyə toxunaraq qeyd edib ki, qalıq yanacaqlardan tədricən günəş, külək, hidro və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinə keçid planetar miqyasda tükənməkdə olan yanacaqlara əsaslanan enerjini əvəz etməklə, qlobal   enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. “Yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir.

Qeyd olunan təşəbbüslər bir neçə istiqamətdə icra olunacaqdır. Əsas təşəbbüslərdən biri olan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu könüllü ianələrlə maliyyələşdirilərək, iqlim dəyişikliyi ilə mübarizə və uyğunlaşma layihələrini dəstəkləyəcək. Bakı Təşəbbüsü vasitəsilə qlobal səviyyədə iqlim maliyyəsi, investisiya və ticarət əlaqələrinin gücləndirilməsi üçün uzunmüddətli dialoqlar yaradılacaq. Yaşıl enerji və təmiz hidrogen kimi digər təşəbbüslər texnoloji, maliyyə və hüquqi çərçivələrin təsis edilməsi və əməkdaşlıqların inkişafı ilə icra ediləcək.

İqlim-münaqişələrin qarşılıqlı əlaqəsi istiqamətində COP29 sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır. İqlim və ekologiya məsələlərinə qlobal diqqətin artırılması, sülh prosesinin daha da irəli aparılması üçün də bir fürsətdir.

Beləliklə, burada ekologiya və iqtisadiyyata “yaşıl baxış”dan tutmuş sülh quruculuğuna, qlobal geosiyasi proseslərə qədər ən mühüm məsələlər müzakirəyə çıxarılacaq.

Yaqut Ağaşahqızı, "İki sahil"