16 iyul 2024 01:30
288

2024-cü ilin sülh ili olmasına böyük ümidlər bəslənir, amma...

Ermənistan yetkililəri  sözdə bunu arzuladıqlarını desələr də sülhə əngəl olan amilləri aradan qaldırmırlar

Artıq rəsmi İrəvan tərəflər arasında sülh sazişinin imzalanmasının vaxtının çatdığını anlamağa başlayıb. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyanın  fikirlərindən də görmək mümkündür. Belə ki, bu günlərdə Simonyan parlamentin növbədənkənar iclasında çıxışı zamanı Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olunacağına, onilliklərlə davam edən düşmənçiliyə son qoyulacağına ümid etdiyini deyib. O bildirib ki, “Alma-Ata Bəyannaməsi”nin prinsiplərinə uyğun olaraq Azərbaycan ilə sərhədlərin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da iki dağıdıcı müharibəyə səbəb olan, onilliklərlə davam edən düşmənçiliyə son qoyulmalıdır.

Hazırda tərəflər sülh sazişi layihəsinin qarşılıqlı mübadiləsini davam etdirirlər. Rəsmi Bakı da layihədə müsbət irəliləyişin olduğunu bəyan edib. Belə ki, iyunun 27-də Ceyhun Bayramov Gürcüstanda səfərdə olarkən də belə bir açıqlama vermişdi ki, Ermənistan ilə davamlı sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan əvvəl Azərbaycan sülh sazişi ilə bağlı son layihəni Ermənistana təqdim edib. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət irəliləyişlər əldə edilib. Sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında da təmaslar davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlər eşidəcəyik.

Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da sülh prosesi ilə bağlı  bildirib ki, Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalanması üçün real imkan var: “Bir daha təsdiqləmək istərdim ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə sadiqdir. Sülh sazişinin layihəsini başa çatdırmaq üçün real imkan, tarixi şans var. Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”. O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.

Burada vacib məqamlardan biri Mirzoyanın regional kommunikasiyaların açılmasına diqqət çəkməsidir. Baş nazir Paşinyan hələ ötən ay  parlamentdə jurnalistlərə açıqlamasında sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasını mümkün hesab etdiyini də demişdi. Bu, o deməkdir ki, artıq rəsmi İrəvan kommunikasiyaların açılmasının özü üçün nə qədər faydalı olduğunu dərk etməyə başlayır.

Aydındır ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan, Türkiyə üçün deyil, Ermənistanın özü üçün daha sərfəli yoldur. Təbii ki, bu gün Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə bağlantıları yoxdur.  Bu baxımdan Zəngəzur dəhlizinin açılması  Ermənistan üçün  daha vacibdir. Belə ki,  təklif və tələblərində beynəlxalq hüquqa əsaslanan, tarixi ərazisində yerləşən Zəngəzur dəhlizinin bərpasına çalışan Azərbaycanın bu niyyəti bölgədə sabitlik yaradacaq. Bu əminliyi yaradan amil isə  Qarabağın və Zəngəzurun yenidən qurulması, işğaldan azad edilən ərazilərdə  bərpa-quruculuq işlərinin sürətlənməsi, həmçinin Zəngilanda, Füzulidə açılan və Laçında tikintisi gələn il başa çatdırılması planlaşdırılan Beynəlxalq Hava limanlarıdır. Bu günün əsas sualı isə budur ki, Ermənistan Zəngəzur dəhlizinin açılması kimi aktual prosesə həqiqətən də töhfə vermək istəyirmi? Azərbaycan tərəfi dəfələrlə sərt şəkildə bəyan edib ki, rəsmi İrəvan cılız iddialarından əl çəkməli və qazana biləcəyi iqtisadi dividendtlərdən özünü məhrum etməməlidir.

Lakin indiyə qədər erməni tərəfi bunun reallaşmasına əngəl törədib. Son vaxtlar isə Ermənistan rəsmilərinin  verdiyi açıqlamalar rəsmi İrəvanın Azərbaycanın şərtləri əsasında kommunikasiyaları açmaqdan başqa çarəsinin olmadığını göstərir. Lakin rəsmi İrəvan sülhə maraqlı olduğunu təsdiqləmək üçün Konstitusiyaya dəyişiklik etməli və bununla da Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır.

Lakin fakt ondan ibarətdir ki, Ermənistan sülhə əngəl olan amilləri aradan qaldırmır, təcavüzkarlıq, işğalçılıq əks olunan  konstitusiyasını dəyişmir. Eyni zamanda, Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Əvvəllər Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş aparatları satan Hindistan indi isə snayper tüfəngləri satmağı planlaşdırır. Artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb. “Indian Defence”-də yer alan məlumata görə, rəsmi Dehli ilk dəfədir ki, tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.

Beləliklə, sülh ləngiyir. Bir tərəfdən sülh sazişi üçün tarixi şəraitin çatdığından danışan rəsmi İrəvanın o biri tərəfdən qərb tərəfindən silahlandırılır və sülh sazişinin imzalanmasına konstitusiyasının mane olmadığını bəyan edir. Bu ölkənin konstitusiyasının dəyişdirilməsi isə Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa əsas qanunundan ərazi iddiaları olan müddəaları çıxarmalıdır. Lakin rəsmi İrəvan hələ də prosesi uzatmaqla məşğuldur. Amma gec-tez buna getməyə məcburdur. Paşinyanın konstitusiyaya dəyişikliklə bağlı layihənin 2026-cı ilə qədər hazırlanması barədə tapşırığı da bunun göstəricisidir.

Nigar Orucova, “İki sahil”