16 iyul 2024 01:08
231

COP29-a maraq olduqca yüksəkdir

Son illər iqlim dəyişikliyi və onunla mübarizə tədbirləri getdikcə daha çox aktuallıq kəsb edir. Bu səbəbdən də mütəxəssislər, ekspert­lər, media işçiləri, eləcə də digər şəxslər iqlimlə bağlı keçirilən istə­nilən tədbiri diqqətlə izləyir, onun nəticələrini saf-çürük etməyə çalı­şırlar. Bu baxımdan cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a maraq olduqca yüksəkdir.

COP29-a evsahibliyinin Azərbaycana verilməsi ölkəmizin “yaşıl enerji” sahəsində atdığı addımlara verilən mükafatdır. Eyni zamanda, respublikamızın fəaliyyətini bütün dünyaya göstərmək üçün bu, bir fürsətdir. COP29 konfransına evsahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Hazırda ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfransı­nın 29-cu sessiyasına – COP29-a ciddi hazırlaşır, yaşıl, ədalətli, ink­lüziv və dayanıqlı dünya naminə həmrəy­liyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək səylə­rini əsirgəmir. COP29-a hazırlıq prosesi Prezi­dent İlham Əliyevin daimi nəzarəti altındadır. Dövlətimizin başçı­sı iyulun 4-də keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” for­matında tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Döv­lətləri Təşkilatının Dövlət başçıla­rının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29 zamanı inki­şaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səy­lərini əsirgəməyəcəyini vurğulayıb. Şuşa Zirvə görüşündə qəbul olun­muş “Qarabağ Bəyannaməsi”ndə qardaş türk dövlətləri tərəfindən isə COP29-da real nəticələrin əldə edil­məsi istiqamətində Azərbaycanın ardıcıl səyləri dəstəklənib. 

COP29-un paytaxtımızda keçiril­məsinə qərar verməsi respublika­mızın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. COP29-da da müzakirə ediləcək əsas məsələlər dünyada iqlim dəyişikliyinə qarşı mübarizə və ətraf mühitin qorunması olacaq. Hazırda ölkəmiz özünü ənənəvi enerji ilə təmin etməklə yanaşı, həm də ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" istehsalı üçün əməli addımlar atır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda su, günəş, külək- elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Ona görə də paytaxtda və regionlarda yeni "yaşıl enerji" stansiyalarının tikilməsi istiqamətində elmi-tədqiqat və layihələndirmə işləri sürətləndirilir.

Beynəlxalq birliyin belə bir qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar et­məsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda, BMT Təhlükəsizlik Şu­rasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatı­na sədrliyi zamanı isə 120 ölkənin dəstəyini qazanmasından və etima­dı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiy­yət tərəfindən daim rəğbətlə qar­şılanmasından, habelə dünya sə­viyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir. 

Azərbaycanın COP29-a evsa­hibliyi etməsinə etimad göstərilmə­sini bir sıra digər məqamlar da şərt­ləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsəd­yönlü siyasət nəticəsində Azərbay­canın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır. Vətən müha­ribəsində qazanılan parlaq qələbə­dən sonra ölkəmizin dünyada daha güclü dövlət kimi tanınması da bu məsələdə önəmli rol oynayır. 

Respublikamız  neft-qaz ölkəsi olmaqla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara da yüksək səviyyədə  reaksiya verir. Azərbaycanın COP29-a evsa­hibliyi etməsinə etimad göstərilmə­sini şərtləndirən amillərdən biri də respublikamızda müasir infrastruk­turun mövcudluğu və təhlükəsizli­yin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. Bütün bunlarla bərabər, ölkəmizin ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çə­kir. Bu, statistik göstəricilərdən də aydın gürünür. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının həcmini 35 faizə və 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşıya mühüm və­zifə kimi qoyur.  O cümlədən, sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl enerji” üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik diqqətdə saxlanılır. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələr davamlı olaraq  reallaşdırılır. Ölkəmizdə “yaşıl enerji” sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanır.  Azərbaycanda qlobal istiləşmə ilə mübarizədə respublikamızın etibarlı enerji tərəfdaşı və beynəlxalq birliyin məsul üzvü kimi rolunu nümayiş etdirən “yaşıl enerji” layihələri uğurla həyata keçirilir. 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Sammitinə sədrlik edəcək ölkəmiz bu nüfuzlu tədbiri iqlim dəyişikliyinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma olaraq dəyərləndirir.

Vurğulamaq yerinə düşər ki, erməni faşiz­minin işğal dövründə xarabalığa çe­virdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin baş­çısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfa­tı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslan­maqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilə­dək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

Mötəbər iqlim tədbiri ərəfəsində Azərbaycana turist axınının güclənməsi gözlənilir. Bu amil nəzərə alınaraq dünəndən ölkəmizdə COP29-da iştirak edəcək əcnəbilər üçün xüsusi viza müraciət sistemi işə salınıb. Bu barədə məlumat COP29-un rəsmi internet portalında dərc edilib. Qeyd edilib ki, əcnəbi iştirak­çılar Azərbaycana birdəfəlik giriş vizası əldə etmək üçün sözügedən sistemin xidmətlərindən istifadə edə bilərlər. Onlar ölkəmizi tərk etmək və COP29-un davam etdiyi günlərdə yenidən geri qayıtmaq istəyəcəkləri təqdirdə bir daha UNFCCC-nin təqdim etdiyi qeydiyyat nömrəsindən istifadə edərək viza müra­ciəti prosesini təkrarlamalıdır.

Bildirilib ki, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sis­temi vasitəsilə təsdiqləndikdən sonra onlara e-poçtla UNFCCC qeydiyyatı­nı təsdiqləyən viza üçün müraciət linki göndəriləcək. Portalın məlumatında, həmçinin diqqətə çatdırılıb ki, bu məqsədlə Azərbaycana gələcək əcnəbilərin pasportları aktiv olmalı, etibarlılıq müddəti ölkəmizin ərazisinə daxil olduqları tarixdən azı 6 ay sonrakı dövrü əhatə etməlidir.

Qeyd edək ki, iştirakçılara göndəriləcək xüsusi elektron viza formasında sözügedən sənədin verilmə müddəti qeyd olunacaq. Orada əks edilən mə­lumatlarda viza sənədinin 30 noyabr 2024-cü ilədək qüvvədə olması göstə­riləcək. “COP29 xüsusi vizasında sənədin verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaq. Viza sahibləri Azərbay­can Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar”, – deyə məlumatda bildirilib.

COP29-un rəsmi internet portalında vizanın əldə olunması üçün mü­raciət qaydası da açıqlanıb. Bildirilib ki, hər bir iştirakçı link vasitəsilə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədlərin elektron ver­siyalarını təsdiq məqsədilə portala yükləməlidirlər. Məlumata əsasən, müra­ciət təsdiq edildikdən sonra COP29 xüsusi vizasının vebsaytdan yüklənilməsi üçün iştirakçılara vizanı təsdiq edən e-poçtla link göndəriləcək. “İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UN­FCCC qeydiyyatını təsdiq edən e-poçtdakı viza portalı linkindən istifadə edil­məlidir”, – deyə sayt bildirib.

Qısa təhlil əsasında bu qənaətə gəlirik ki, neft və qaz dəhlizlərini yaradan və bununla bütün dünyaya uğur nümayiş etdirən Azərbay­can “yaşıl enerji”nin reallaşmasında da dünyada lider mövqedə olan ölkələrin sırasında yer alıb. COP29 konfransı Azərbaycanın beynəlxalq arenada ekoloji problemlərə qarşı mübarizədə daha fəal iştirak etməsinə birmənalı olaraq geniş imkan yaradacaq. Ölkəmizin  digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirərək, yeni texnologiyalar, investisiyalar və bilik mübadiləsi sahəsində imkanlar açacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”