16 iyul 2024 00:49
275

ABŞ-ın sui-qəsdlərlə müşahidə olunan "demokratiya"sı

Ağ Evin sabiq lideri, hazırda prezidentliyə namizəd   Donald Trampa   seçicilərlə  görüşü zamanı  edilən sui-qəsd  Birləşmiş Ştatlarda  insan hüquqlarının, təhlükəsizliyin qorunmasının sözdə deyil, həyatda  əsl göstəricisdir

Cari ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak üçün namizədliyini irəli sürən Birləşmiş Ştatların sabiq dövlət başçısı  Donald Trampa qarşı törədilən  sui-qəsd dünya siyasətinin əsas mövzusu kim gündəmdədir. Eks-prezident Trampın  Pensilvaniyada seçicilərlə  görüşü zamanı baş verən  hadisə əslində ABŞ-da insan hüquqlarının , təhlükəsizliyin qorunmasını təkzib edən görüntülərin  reallığıdır.
 Seçiciləri qarşısında çıxış edən  prezidentliyə namizəd Trampın  qulağından zədələndiyi barədə açıqlama  verən  sabiq prezidentin sözçüsü Stiven Çun  eks-prezidentin  vəziyyətinin yaxşı olduğunu açıqlayıb. ABŞ mətbuatının yazdığına görə  hadisə zamanı mitinq iştirakçılarından  həlak olan və yaralananlar olub. Trampa atəş açan 20 yaşlı Tomas Metyu Kruksun polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. Cinayəti törədən Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb. Hadisə barədə BBC-yə danışan və adının Qreq Smit (Greg Smith) olduğunu bildirən mitinq iştirakçısı cinayətkarın  cümə günü axşam saatlarında Butler qraflığında tədbirin yaxınlığındakı binanın zirvəsinə qalxdığını deyib. Bu barədə  Gizli Xidmət agentlərini xəbərdar etdiyini söyləyən  Smit heç bir tədbir görülmədiyinə təəccübləndiyini də bildirib.  Trampın təhlükəsizlik xidmətinin adı açıqlanmayan nümayəndəsinin  sözlərinə   görə eks-prezidentin mühafizəsini qorumaqla bağlı  təklif rədd edilib.

Prezident İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib: « Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.ABŞ-nin keçmiş prezidentinə və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa Pensilvaniyada seçki kampaniyası zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq.»

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında da eks- prezidentə qarşı təxribat pislənilir: «Sözügedən sui-qəsd həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə yolverilməzdir.Ümid edirik ki, ABŞ-də seçkilər dinc şəraitdə baş tutacaq.»

Dünya tarixində  dövlət başçılarına qarşı törədilən  bu cür sui-qəsdlərin siyahısında  ABŞ-ın adı  ilk sıralarda yer alır. Çox guman ki,  Pensilvaniya hadisəsi son olmayacaq. Amerikada ilk dəfə sui-qəsdə məruz qalan  dövlət başçısı  Endrü Cekson olub. Bu cür ağır taleyə məruz qalan sonrakı prezident Avraam Linkoln teatrda, tamaşaya baxarkən qətlə yetirilib.  ABŞ-nin 20-ci prezidenti seçilən Ceyms Abram Qarfild vəzifəsinin icrasına başladıqdan 4 ay sonra Vaşinqton vağzalında əsəb xəstəsi olan Çarls Gito tərəfindən güllələnib.   Sabiq prezident Franklin Ruzveltə edilən  sui-qəsd  xətərsiz ötüşüb. ABŞ-nin 35-ci prezidenti Con Kennedi Dallasa səfəri zamanı əyləşdiyi avtomobildə  snayperdən açılan  atəş nəticəsində həyatını itirib. ABŞ Prezidenti Corc Buş (ata Buş) Küveyt səfərində bombalı sui-qəsd cəhdinə hədəf seçilib. Oğul Corc Buş isə prezidentliyi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf olub.  Oğul Buşa qarşı ikinci sui-qəsd cəhdi isə 10 may 2005-ci ildə olub. Gürcüstan səfərində Tiflisdə xalqa müraciəti zamanı  Buşa əl bombası atılıb. Ancaq bomba partlamayıb və erməniəsilli cinayətkar uğursuz sui-qəsd cəhdinin ardından saxlanılıb. Demokratlar Partiyasının Denverdəki Konqresin işə başlamasına 1 gün qalmış 3 irqçi Barak Obamaya qarşı sui-qəsd planlaşdırdıqları üçün saxlanılıb. 2016-cı il iyunun 21-də  sabiq prezident  Trampa  avtoqraf istəmək adı ilə yaxınlaşan cinayətkar istəyinə nail ola bilməyib. Trampa qarşı ikinci sui-qəsd cəhdi isə  prezidentliyə namizədin  Pensilvaniyadakı çıxışı zamanı baş verib.  Nəticədə sabiq prezident qulağından yaralanıb. Havaya buraxılan mərmilərdən biri isə mitinqdə olan qadına dəyib. Həmin qadın aldığı xəsarətdən həlak olub.  Hadisə yerindən uzaqlaşdırılan Trampın uca səslə «Mübarizə davam edəcək! FİGHT!» söyləməsi, mitinq meydanlarında görünəcəyini bildirməsi  seçki qabağı prezidentliyə namizədlər arasında  aparılan debatda  Trampa məğlub olan Ağ Evin hazırkı  sahibi Sozef Baydenə açıq savaş mesajı hesab edilir. ABŞ-mətbuatında bu təxribat Trampın qələbəsinə əlavə divident kimi, dəyərləndirilir. 

 Göründüyü kimi, başqa ölkələrdə  öz maraqlarına uyğun «demokatiya» «insan hüquqlarının qorunması» ovuna çıxan  ABŞ əslində  bu istiqamətlər üzər son sırada yer alan  ölkə imiş. Dövlət başçılarına qarşı törədilən  sui-qəsdlərin  adi hala çevrildiyi  bu ölkədə  dinc sakinlərə, daha çox bu torpaqların əbədi sakinləri  qaradərililərə qarşı polis   zorakılıqlarının artması təəccüblü deyil.   Meyvə-tərəvəzlərin piştaxtalarda yer aldığı  marketlərlə müxtəlif təyinatlı silahların satıldığı ABŞ-da bu cür hadisələrin baş verməsi hər an pozulan insan hüquqlarına biganəlikdir.

Ştatlarda milli zəmində baş verən  Ferqyuson hadisələrini, Quantanamo həbsxanasında  saxlanılanları   yada salaq.  Ölümlə nəticələnən hadisələr zamanı   əsl mənada insan hüquqları pozulur, qara dərililər qətlə yetirilir,  bununla bağlı iğtişaşlar polisin müdaxiləsi ilə  yatırılır. Xəsarət alanlar olur.  Cinayət hadisələri adətən irqi ayrı-seçkilik zəminində baş verir.  Ötən illərdə Ştatların Baltimor şəhərində  həbs olunan 25 yaşlı Freddi Qreyin ölümü, Missuri ştatının Sent Luis şəhərində  23 yaşlı qaradərilinin, Oklahoma ştatının Tulsa şəhərində  44 yaşlı Erik Harrisin qətli ABŞ-da  irqi ayrı- seçkiliyin davamlı hal aldığının göstəricisidir. Görünür öldürülən  qaradərililərin  hüquqlarının qorunması ABŞ qanunvericiliyi üçün o qədər önəmli deyil. Ən ağır işgəncələrə məruz qalan mühacirlərə qarşı ədalətsizlik, zorakılıq da dünyada «yeni dəyərlər sistemi formalaşdırmağa çalışan» ABŞ sayaq «demokrtiyaya»  aid deyil.

Qloballaşan dünyamızda  superlərin  azsaylı xalqların  ümumi rifah ideyasına etinasızlığı, demokratiyanın geri çəkilərək yerini gücə verməsi və  bəzi  dövlətlərin milli münaqişə poliqonuna çevrilməsi  kütləvi qırğınlar, qanlı hadisələrlə nəticələnir. Taleyi,  mahiyyəti dəyişən dünya sivilizasiyasının tarixi proseslərdən asılı olduğu  müasir dövrümüzdə «demokratiyanın zəfər yürüşü» siyasi sui-qəsdlərlə üz-üzədir. Dünyada baş verən reallıqla bağlı ” perspektivlər barədə pıçıltı ilə danışılması, liberal demokratiyanın böhranı, «zorən demokratiya”nın formalaşması» «demokratiya işləyirmi» süalını aktuallaşdırır,  zorakı xarakterə çevrilir. Politoloqların qeyd etdikləri kimi, ayrı-ayrı ölkələr dünyanın siyasi meydanında  oyunçular kimi qalsalar da,  suverenliyini, dövlət funksiyalarını və hakimiyyəti itirirlər. ABŞ-ın, Qərb dövlətlərinin oyuncağına çevrilən Ermənistan kimi başqalarından asılı ölkələrdəki  qeyri- hökumət təşkilatlarını maliyyələşdirməklə  revanşist dairələri müharibələrə  şirnikləndirən ,  «rəngli inqilab»larla  məqsədlərinə nail olmağa çalışan ABŞ-ın , Fransanın Cənubi Qafqazda « demokratiya , «insan hüquqları» ilə bağlı «islahatlarının» əsas hədəfləri artıq bəllidir. 

 Ədalət, müstəqillik , suverenlik  uğrunda  mübarizəni öz maraqları baxımından,  silahın gücü , təxribatlarla yozan   ABŞ-ın və Qərbin  Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalı altında qaldığı müddətdə sadiq qaldıqları ikili standartların xalqımıza yaşatdığı  zülmlər, siyasi, mənəvi, ekoloji  terrorlar sözdə «demokratiya»tın  acı nəticəsidir. Daşnak faşizminin davamına çalışan, revanşistləri yeni müharibəyə  təhrik edən  qüvvələrin separatçıları silahlandırmasına başqa ad vermək qeyri-mümkündür.

Artıq bütün dünya xalqları «beynəlxalq siyasətin dəmir qanunu”» hesab edilən  demokratiyadan antidemokratik məqsədlərlə istifadənin törətdiyi ağrı-acıların müəlliflərini tanımaqla, törədilən  fəlakətlərin qanla yazılan  «gündəliyinin» qurbanlarının acı taleyini təəssüflə izləyirlər.  Məqsədlərini həyata keçirmək üçün istədikləri ölkələrdə formalaşdırdıqları  « beşinci kolon»lardan, vətəndaş cəmiyyətlərindən vasitə kimi istifadə edənlər niyyətlərini demokratiya pərdəsi altında  həyata keçirirlər. «Demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik»  çağırışları altında antidemokratik  bəyanatları ilə istədikləri dövlət haqqında  fikir formalaşdırmağa çalışanların əslində  terroru  dəstəklədikləri günümüzün reallıqlarındandır.  Dünyanın geosiyasi xəritəsini dəyişmək istəyən dairələrin 30 ildən artıq davam edən və artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı ikili standartların yaratdığı mənzərələr yaxın keçmişimizdə baş verən ədalətsizlikdir.

 2021-ci il dekabrın 9-10-da  keçirilən «Birinci Demokratiya Sammiti»ni  məramına uyğun təşkil edən, Ermənistanı  «demokratik ölkə hesab edərək» iki il sonra eyni adlı tədbirə dəvət edən ABŞ-ın Azərbaycanı , Türkiyə kimi, həqiqi mənada demokratik, qüdrətli dövlətləri «unutması» erməni separatizminə dəstək idi.     Halbuki  Qərbin etibarlı tərəfdaş adlandırdığı, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın çağırışlarına  ilk qoşulan  Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi gücü, demokrtik islahatları ilə fərqlənən qüdrətli dövlətdir. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin  yayılan, dünyada dini azadlıqların vəziyyətinə dair  illik hesabatlarında da anti-Azərbaycan ruhu diqqəti cəlb edir. Torpaqlarımızın Ermənistanın  işğalı altında qalıdığ 30 ildə  erməni quldurlarının törətdikləri cinayətlərin unudulması bağışlanılmaz haldır.
Məntiqi nəticə budur ki,  dünya siyasətini özlərinin maraqlarına uyğun «tənzimləyən», beynəlxalq hüquq normalarını istənilən məqamda  «korrektə edən» supergüclərin  yürütdükləri siyasətin təməlində  riyakarlığı, xəyanəti və satqınlığı tövsiyə edən anti-demokratik  amillər dayanır. İllərdən bəri müşahidə etdiyimiz bəzi məqamları  xatırladaq.   ABŞ-ın, Qərbin son zamanlarda  Ermənistanı açıq-aşkar dəstəkləməsi, birgə hərbi təlimlərin keçirilməsi illərdən bəri  ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkən ölkəmizə qarşı  qərəzli münasibətinin ifadəsidir. Düşünülmüş daxili və xarici siyasəti ölkə vətəndaşları tərəfindən, beynəlxalq ictimaiyyət tərəfəindən  dəstəklənən Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi ölkəmizi   «suriyalaşdırmaq» ”istəyən ABŞ-ın  cəhdlərinin qarşısını aldı. «Rəngli inqlilab»” planları iqtidar-xalq birliyi sayəsində baş tutmadı. Xankəndi separatçılarının  istəklərinə uyğun siyasət yeridən Ağ Evin  yaranan  qarşıdurmada Azərbaycanı günahlandırması ABŞ  Dövlət Departamentinin təmsilçilərinin tarix boyu heç olmayan  «Dağlıq Qarabağ xalqı»nın hüquqları”ndan danışması, Xankəndini könüllü tərk edən  ermənilərin Qarabağa qayıtması tələbi siyasi riyakarlıqdır.

 Prezidentliyə namizəd respublikaçı  Donald Trampa qarşı  sui-qəsd də sübut etdi ki, özünü «demokratiyanın anası» hesab edən  ABŞ, əslində bu dəyərlərə sadiqliyini hələ  tam  müəyyənləşdirməyən,  yol ayrıcında olan ikili standartların planlaşdırıldığı  ölkədir. Yeri gəlmişkən,  ABŞ kimi  Ermənistanda da  siyasi kampaniyaların təxribatlarla, namizədlərə qarşı təzyiqlərlə, həbslərlə keçirilməsi adi haldır.   ABŞ-dakı  Tramp sui-qəsdinin açıqlaması belədir:  «Su axıb,  çuxurunu tapıb.»

Xuraman İsmayıl,  «İki sahil»