16 iyul 2024 00:26
241

Fransadakı siyasi bürkü və yaxud Makronun birə düşmüş kürkü

“Yeni xalq cəbhəsi” solçu koalisiyasının Fransa Milli Assambleyasına növbədənkənar seçkilərdə qalib gəlməsindən, daha doğrusu, 182 mandat əldə etməsindən sonra bu ölkənin Prezidenti Emmanuel Makron çıxılmaz vəziyyətə düşüb. Çünki Avropa Parlamentinə seçkilərdə rüsvayçı məğlubiyyətin ardınca onun   rəhbərlik etdiyi “Birlikdə” koalisiyası 168, Jordan Bardellanın “Milli Birlik” partiyası 143 yer qazanıb. İki önəmli seçkini uduzan Emmanuel Makron verdiyi açıqlamalarda “heç kimin qalib gəlmədiyini” bəyan edib və “respublika qüvvələrini” ölkəni idarə etmək üçün “güclü çoxluq” yaratmağa səsləyib. Bir fransız siyasətçisi bildirib ki,  Makron vəziyyəti inkar etməkdən əl çəkməlidir: “O, seçkilərdə məğlub olub. Versal sarayına çəkilən XVI Lüdovik kimi davranır. O, ölkənin tələblərini dinləməli və özünü dünyadan bu qədər təcrid etməməlidir”.

İyulun 11-də Fransada həmkarlar ittifaqlarının liderlərindən biri isə  Emmanuel Makronu sol alyansın parlament seçkilərində qalib gəldikdən sonra ölkəni idarə etməsinə imkan verməyə çağırıb və istənilən alternativin Parisdə iyulun 26-dan avqustun 11-dək keçiriləcək 33-cü Yay Olimpiya Oyunları zamanı etirazlara səbəb olacağına işarə edib. Hətta son məlumata görə, Paris hava limanı işçilərinin həmkarlar ittifaqı Yay Olimpiya Oyunları ərəfəsində, yəni iyulun 18-də tətil edəcəkləri ilə bağlı xəbərdarlıq yayıb. Tətilin paytaxtın Şarl de Qoll, Orli və Bove hava limanlarını da əhatə edəcəyi istisna olunmur. Şübhəsiz, bu addım yüksək səviyyəli xarici qonaqların, o cümlədən dövlət və hökumət başçılarının, həmçinin  milyonlarla turistin qəbulunu ciddi şəkildə çətinləşdirə bilər. İlkin məlumata görə, Yay Olimpiya Oyun­larına tamaşa etmək üçün 15 milyon tu­ristin gələcəyi gözlənilir. Bu mənada Yay Olimpiya Oyunlarında Makron hakimiyyətinin çox ciddi sınaqlar­la üzləşəcəyini indidən söyləmək olar. Bəzi məlumatlara görə, olimpiadadan sonra ölkədə siyasi qeyri-sabitliyin daha da gərginləşməsi gözlənilir. Bu mənada Fransanın tezliklə daxili siyasi-iqtisadi böhrana düçar olma ehtimalı kifayət qədər yüksəkdir. Bununla da sözügedən ölkənin imicinə zərbələr vurulacaq. Artıq bu ölkənin siyasiləri də etiraf edir­lər ki, Emmanuel Makronun prezidentliyi “demokratiyanın beşiyi” sayılan Fransa tarixinin “qara səhifəsi” kimi yaddaşlara həkk olunacaq.  Bu mənada, əgər belə demək mümkünsə, Fransada hökm sürən bürkünün artıq Makronun kürkünə birə düşməsi ilə nəticələndiyini əminliklə söyləmək olar. Digər məlumata görə, Baş nazir Qabriel Attal və hökumətinin istefaya göndərilməsi gündəmdədir.

Şübhəsiz, siyasi nufuzunu və hörmətini tamamilə itirmiş Makronun belə vəziyyətə düşməsi  onun Azərbaycana qarşı atdığı qərəzli, böhtan dolu addımlarından qaynaqlanır.  Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan, bu niyyətlə təcavüzkar ölkəni silahlandırmaqda  israrlı olan, belə üsullarla  Azərbaycana təzyiq göstərə biləcəyinə ümid bəsləyən, ermənipərəst mövqeyi ilə seçilən Makron hakimiyyəti BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı kimi beynəlxalq platformalarda, həmçinin rəhbərlik etdiyi digər qurumlarda dəfələrlə ölkəmiz əleyhinə qərəzli çıxışlar edib, böhtan dolu qətnamələrin qəbuluna cəhdlər göstərib. Amma rəsmi Bakı Makronun təşkil etdiyi bütün bu hücumların qarşısını almağı, onun iç üzünü açmağı bacarıb və açmaqda davam edir. Bəli, hazırda  Makron əgər belə demək mümkünsə, öz sonunun ortalarındadır. Bu isə o deməkdir ki, indi prezident Emmanuel Makronun özünün ciddi şəkildə siyasi dəstəyə ehtiyacı var.

Şübhəsiz, bu məsələ Ermənistanı daha çox narahat edir.  Çünki bu ölkədə  baş verənlər Ermənistanın maraqlarına tamamilə zidd xarakter daşıyır. Haylar yaxşı dərk edirlər ki, Makronun hakimiyyətinin ciddi şəkildə zəifləməsi yaxın gələcəkdə Ermənistanı Fransanın intensiv hərbi-siyasi, həm də mənəvi  dəstəyindən məhrum edə bilər. Bütün bunlardan duyuq düşən rəsmi İrəvan elə bu kimi səbəblərdən son günlər daha çox sülh sazişinin imzalanması mövzusu ətrafında siyasi manipulyasiyaları artırır.  Şübhəsiz, nə qədər ki vəziyyət belədir, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmaqda davam edəcək.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona 14 iyul  - Fransa Milli Günü münasibətilə təbrik məktubu göndərib. Sözügedən təbriki analiz edəndə açıq-aydın görünür ki, Paşinyan da Makronun halına acıyır. Odur ki, Makronu bu ilin sentyabrında Ermənistana dövlət səfərinə dəvət etməklə ona təsəlli verməyə çalışıb. Bu yerdə deyiblər də, keçi can hayında, qəssab piy  axtarır. İmza yerinə isə Paşinyan nədənsə bu sözləri yazıb: “Qardaşın Nikol Paşinyan”. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini də xatırlatmaq yerinə düşərdi: “Onlar bir-birinə “bacı” deyirlər və mən görürəm, yoldaşlar da bunu xüsusi qeyd etdilər. Mən daha demədim ki, “qardaş” da deyə bilərdilər, amma nədənsə bunlar “bacı” deyirlər.”

Qvami Məhəbbətoğlu, “İki sahil”