14 iyul 2024 17:28
236

55 il əvvəl başlayan şərəfli missiya

14 iyul 1969-cu il… Məhz bu tarix yaddaşlara Azərbaycanın yeni  inkişaf mərhələsinin başlanğıc günü kimi həkk olunub. Həmin gün siyasi hakimiyyətə gələn, daha doğrusu, Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçilən Ulu Öndər Heydər Əliyev, sözün həqiqi mənasında,  republikamızın dirçəlişinin, yüksəliş erasının əsasını qoyub. Bəli, məhz onun siyasəti nəticəsində elə həmin ildən Azərbaycan  sosial-iqtisadi göstəricilərə görə SSRİ-nin qabaqcıl respublikalardan birinə çevrilib. Bir neçə fakta müraciət edək: 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib. 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərib. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Ümummilli Lider Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaratmaqla  milli hərbçi kadrların hazırlanması sahəsində də olduqca önəmli addımlar atıb. Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması Ulu Öndərin misilsiz tarixi xidmətlərindəndir. 

Ümummilli Liderin gördüyü işlər o zamankı  sovet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Hətta Ulu Öndər Moskvaya dəvət olunub, ona  SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsi həvalə olunub. Prezident İlham Əliyev çıxışlarının birində həmin illəri belə xatırlayıb: “Mən yaxşı xatırlayıram, atam bir neçə gün tərəddüd edirdi, Azərbaycandan getmək istəmirdi. Onun gördüyü işlər, əlbəttə ki, Azərbaycanı böyük dərəcədə inkişaf etdirmişdi və Azərbaycanın gələcək inkişafı ilə bağlı böyük planları var idi. Ancaq o vaxt, təbii ki, güclü nizamintizam var idi, eyni zamanda, sovet dövləti qarşısında yeni vəzifələr durmuşdu və o, bu yüksək məsuliyyəti öz üzərinə götürmüşdü. 1982-1987-ci illərdə o, bir çox önəmli sahələrə rəhbərlik edərək, sovet dövlətinin uğurlu inkişafına öz töhfəsini vermişdir. Onun bilavasitə rəhbərliyi ilə böyük infrastruktur layihəsi olan Baykal-Amur dəmir yolu uğurla inşa edilmiş, tikintisi tamamlanmışdır. Eyni zamanda, daim Azərbaycana böyük diqqət, kömək göstərirdi. Əlbəttə, onun burada gördüyü işlər və fəaliyyəti imkan verirdi ki, o, Azərbaycanı tərk edəndən sonra da Azərbaycan inkişaf etsin...” 
Ulu Öndərin  böyük nüfuz sahibi olması SSRİ-nin o vaxtkı rəhbərliyini, yəni Mixail Qorbaçovu və onun ətrafını  çox narahat edirdi. Odur ki, o, Ulu Öndəri “zərərsizləşdirməyə” çalışırdı. 1987-ci ildə heç bir əsas olmadan ovaxtkı sovet rəhbərliyi tərəfindən Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldı. 
1990-cı ilin yanvarında sovet ordusu ölkəmizdə misli görünməmiş faciə törədəndə Ulu Öndər bütün çətinliklərə baxmayaraq, Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında çıxış edərək buna qarşı öz etiraz səsini ucaltdı və bu qanlı faciənin təşkilatçılarını kəskin tənqid etdi. Şübhəsiz,  bu, böyük cəsarət tələb edirdi. Bununla da Ümummilli lider Azərbaycana qəlbdən bağlı olan, xalqını ürəkdən sevən bir şəxs olduğunu bir daha sübut etdi.


1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan böyük fəlakətlərdən, vətəndaş qarşıdurmasından, dünya xəritəsindən silinməkdən azad oldu. İmzaladığı “Əsrin müqaviləsi” ilə  Azərbaycan iqtisadiyyatına elə bir töhfə verdi ki… Üstəlik, öz düşünülmüş siyasəti ilə ölkəmizi dünya miqyasına çıxardı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir və ölkəmizi böyük zirvələrə doğru aparır. Hətta dövlətimizin başçısı Ulu Öndərin vəziyyətlərini də yerinə yetirib. Bu məqamda 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin xalqımıza müraciəti zamanı söylədiyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Ulu Öndər Heydər Əliyev olmasaydı, Azərbaycan heç zaman bugünkü qüdrəli, dünyada söz sahib olan Azərbaycan olmazdı.

Qvami Məhəbbətoğlu, “İki sahil”