13 iyul 2024 11:30
548

Nəyi ediriksə, dəqiqliklə edirik! - ŞƏRH

İyulun 10-da Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində görüş keçirildi. Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi vurğulayaraq, bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Amma bu görüşlə bağlı  diqqət çəkən maraqlar da var. Belə ki, görüş başa çatar-çatmaz Vaşinqton rəsmiləri nikbin notlara köklənmiş açıqlamalar verməyə başladılar. Məsələn, ABŞ Dövlət katibi Entoni Blinken özünün “X” mikrobloqunda yazdı: “Mən bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iki ölkə arasında tezliklə sülh sazişinin imzalanmasına ABŞ-nin güclü dəstəyini ifadə etmək üçün səmərəli söhbət etdim”. Bu “tezlik” məsələsini hazırda seçkiqabağı mərhələdə Ağ ev üçün ermənilərin səsinin vacibliyini yaxşı dərk edən  Vaşinqtonun digər rəsmiləri də səsləndirdilər.  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da onları dəstəkləyərək, guya ölkəsinin Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün siyasi iradəsi  olduğunu bildirdi.

Amma nədənsə 10 iyul görüşündə ən önəmli məsələdən - Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarının sülhə başlıca əngəl olduğundan danışılmadı. Halbuki, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalaması üçün hazırda irəli sürdüyü ən mühüm  şərtlərdən biri təcavüzkar ölkənin konstitusiyasından və digər qanunvericilik aktlarından bu kimi ərazi iddialarının çıxarılmasıdır. Bu fikir  Prezident İlham Əliyev tərəfindən ən yüksək tribunalardan dəfələrlə səsləndirilib. Amma Ermənistan hələ də bu istiqamətdə əməli addımlar atmır. Ermənistan rəsmiləri sadəcə bu məsələdə  gülüş doğuran iddiaları ilə nala-mıxa vurmaqdadırlar.  Qərb dövlətləri, o cümlədən ABŞ da bununla bağlı bir fikir səsləndirmir, narahatlıqlarını belə bildirmirlər. Şübhəsiz, bu da onların ənənəvi  ermənipərəst siyasətləridən bir daha xəbər verir.

Digər tərəfdən də Qərbin, xüsusilə iki ölkə arasında  sülh müqaviləsinin imzalanmasına maneə törətməkdə davam edən Fransanın diktəsi ilə oturub-duran Ermənistan açıq-aşkar silahlanmaqda davam edir.  Prezident İlham Əliyev bildirib ki, bu, Ermənistanın konstitusiyaya dəyişiklik edəcəyi  təqdirdə sülh müqaviləsi baş tutacaq. Çünki həmin sənədin tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu da o deməkdir ki, rəsmi Bakı Qərbin “tələskənlik toruna” düşməyəcək, beynəlxalq hüquqa, mövcud beynəlxalq norma və qaydalara uyğun şəkildə addımlar atmaqda davam edəcək. Yəni, rəsmi Bakı tələm-tələsik hansısa sənədin imzalanmasına zərurət görmür.
Yeri gəlmişkən qeyd edək ki, “artıq regionda sülh istiqamətində bütün “yelkənlər” açılmalıdır” deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı ilə bağlı fikirlərini bildirərkən  vurğulayıb ki, İrəvanla saziş imzalanması qərarını Azərbaycan Prezidenti İlham Əliyev verəcək: “Qərarı mən yox, İlham bəy verəcək. Ümidvarıq ki, saziş imzalanacaq və Ermənistanla Azərbaycan arasında sülh təmin ediləcək”. O, həmçinin bildirib ki, Türkiyə rəhbərliyi Cənubi Qafqazda sülhə dair mövqeyini Ermənistanın baş naziri Nikol Paşinyana çatdırıb. 

Fikrimizcə, yazının sonunda Prezident İlham Əliyevin aşağıdakı fikirlərini də xatırlatmaq yerinə düşərdi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. 

Qvami Məhəbbətoğlu, “İki sahil”