12 iyul 2024 23:17
277

Mənəvi kasadlığın göstəricisi - OĞURLUQ

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi uzunmüddətli işğalçılıq siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb. Cənubi Qafqaza gəlmə xalq olan ermənilər özlərinə mədəniyyət yaratmaq üçün azərbaycanlılara məxsus coğrafi yer adlarını, xalq yaradıcılığı nümunələrini, musiqi, mahnı və rəqsləri mənimsəyib, milli xörəklərimizi, abidələrimizi özününküləşdirməyə çalışıb. Buna “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), milli mətbəximizin yeməklərini (dolma, xaş, və s.) misal göstərmək olar.  Hətta haylar bir zamanlar “lavaşın ənənəvi erməni çörəyi” kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması üçün UNESCO-ya müraciət etmişdilər. Lakin Azərbaycan nümayəndə heyəti əsaslandırılmış şəkildə etirazını bildirərər izah etdi ki, lavaşı bir sıra səbəblərdən heç cür “erməni çörəyi” adlandırmaq olmaz. Onlar yalnız Azərbaycan yeməklərinin qarşısına “erməni” kəlməsi əlavə etməklə özününküləşdirməyə çalışırlar. Nəticədə UNESCO lavaşın “erməni çörəyi” olması barədə iddianı rədd etdi və bildirdi ki, lavaşı Ermənistanda yeyirlər.  Yeri gəlmişkən bu məsələdə birinci xanım Merhriban Əliyevanın xidmətləri danılmazdır.

Bu gün də Azərbaycana məxsus müəllif əsərlərinin və folklorun ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsi halları davam etməkdədir. Növbəti belə hal sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan  və 1972-ci ildə Xalq artisti Arif Babayev tərəfindən ilk dəfə ifa edilən “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsərin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa edilərək “Sirun jan” adı altında, videonun təsvirində “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilməsidir.

Bununla bağlı Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatında bildirilir ki, Bəhram Nəsibovun ən məşhur mahnılarından biri olan bu əsər  2 iyun 1972-ci il tarixində SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Şöbəsində qeydə alınıb. ”Qarabağ” dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilib, həmin kütləvi ifaların çoxlu sayda video və audio yazıları mövcuddur.   Əsərin qeydiyyat sənədlərindən və kütləvi ifa tarixçəsindən çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu halı birmənalı olaraq əsərin tərkib hissəsi olan musiqinin plagiatı kimi qiymətləndirib. Bəyanatın sonunda müvafiq qurumlara müraciətlə deyilir: “Bununla əlaqədar, Ermənistan Respublikasından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə “Sirun jan” adı altında erməni xalq mahnısı kimi kütləvi ifa və təqdim edilməsi və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyinə uyğun olaraq pozuntunu törətmiş şəxsləri məsuliyyətə cəlb etməyi və görülmüş tədbirlər barədə məlumat verməyi tələb edirik”.

Şübhəsiz, Ermənistanın mədəni sərvətlərimizi mənimsəmək cəhdi mənəvi kəsadlığının göstəricisidir. Haylar bilməlidirlər ki, Azərbaycanın mədəni sərvətlərini talamaq, bu sərvətləri mənimsəmək yolu ilə özünü dünyaya mədəni xalq kimi sırımaq cəhdləri iflasa uğrayacaq. Yeri gəlmişkən qeyd edək ki,  bu kimi hallara qarşı  Müəllif Hüquqları Agentliyi tərəfindən daim mübarizə aparılıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılıb, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Dünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib

Qvami Məhəbbətoğlu, “İki sahil”