13 iyul 2024 00:05
345

14 iyul 1969-cu il: Yaddaşlarda yaşanan tarix

Bu tarixdə  Azərbaycana rəhbərliyə başlayan Ulu Öndər Heydər Əliyev respublikamızı dünyada tanıtmaqla müstəqilliyimizin toxunulmazlığına əbədi möhür vurdu, xalqımızda milli  təfəkkürü formalaşdırdı, fədakarlığı ilə qazandığı Ümummilli Lider adını doğrultdu

Hər insanın, dövlətin həyatında baş verənləri səhifələrinə yazan tarix bütünlükdə xalqların taleyini yaşadan salnaməsidir   Hər bir qəhrəman, hər bir dövlət xadimi öz xalqının varlığını əks etdirən şəcərədir. Tarix isə insanları  hansı hərəkətverici qüvvənin idarə etdiyinin təcəssümüdür. Məntiqə görə  tarix yola salınanlarla qarşılananlar arasındakı fərqliliyi  əks etdirən reallıqdır. Elə bir fərq  ki, millətin mədəni təşəkkülü də ola bilər, qarşıdurma yaradan səbəb də. Seçimi  hakimiyyətə gəlmiş siyasi rejim edir. Bu məqamda  tarixin siyasətdən nə ilə fərqləndiyini ayırd edə biləcək ağıl, zəka öz sözünü deyir. Nə qədər qadağalar qoyulsa da,  düzəlişə və   təkzibə ehtiyac duyulmayan,  alimlərin sifariş əsasında yazılanı «tarixin» əksinə olaraq xalqın həqiqi tarixini  insanların şüurundan çıxarmaq, zombiləşdirmək qeyri-mümkündür. Buna görə də əsrlər ötsə də   əbədiyaşarlıq  qazanan xalqın yaddaşında iz salan milli dəyərlərə bağlılıq həqiqətini  məhv etmək qeyri-mümkündür. Azərbaycan xalqı belə fərqlilikləri əsrlərdən bəri yaşasa da, daim əziz tutulan, varlığını müəyyənləşdirən  tarixi anlar da çoxdur.

…1969-cu ilin martında Kreml kabinetlərində Azərbaycana rəhbərlik etmiş Vəli Axundovu kimin əvəz edəcəyi məsələsi müzakirə olunanda  təkcə  İttifaq rəhbərlərini deyil, Azərbaycanda hər kəsi bir məsələ düşündürürdü: Xələf kim olacaq?   1969-cu il  iyulun 14-də  bu məsələyə aydınlıq gətirildi.  Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə namizədlər çox olsa da,    bütün sahələrdə ensklopedik biliklərə, dərin zəkaya,  hərtərəfli biliyə malik, siyasi hazırlıqlı, milli  təhlükəsizlik orqanında  zəngin təcrübə qazanmış   Heydər Əliyevə üstünlük verildi.   Bununla da Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsi başlandı.   Gənc yaşlarında tarixçi ixtisasını seçən  müdrik siyasətçi Heydər Əliyev Azərbaycan dövlətçiliyinin  salnaməsinə  düşünülmüş siyasəti ilə yeni səhifələr yazdı. « Dünya siyasətində  öz sözünü demiş, ən çətin məqamlarda  ağlının, zəkasının  gücü ilə qələbə qazanan  müdrik  siyasətçi Heydər Əliyevin ömür yolu  hər zaman  öyrənilməyə ehtiyac duyulan həyat məktəbidir» sözləri təsadüfən deyilməyib. Azərbaycanı inkişaf etmiş respublikalar səviyyəsinə qaldıran Ulu Öndərin canından artıq sevdiyi xalqına xidməti, fədakarlıqları müasirləri kimi, sonrakı nəsillərə də  nümunə göstərilir.
 Azərbaycan xalqının qismətinə düşən yetmişillik sovet dövrünün 14 ilində respublikaya rəhbərlik etmiş böyük şəxsiyyət Heydər Əliyev düşünülmüş siyasəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin nail ola bilmədiyi ideyalara «yaşıl işıq» yandırdı.

 1969-1982-ci,  1993- 2003 illərdə  Azərbaycanın qüdrətlənməsi naminə xalqına bələdçilik edən dahi Heydər Əliyev milyonları arxasınca aparan bacarıqlı Lider olduğunu iki mərhələni əhatə edən   tarixi xidmətləri ilə  sübut etdi. On dörd il və on il. Birinci mərhələdə  SSRİ-in tərkibində Azərbaycana rəhbərlik edən,   «ümumi evimiz»in bir üzvü kimi, imperiya rejiminin  planlaşdırdığı  qaydalar əsasında idarə olunan  müttəfiq respublikaya başçılıq edən müdrik şəxsiyyət Heydər Əliyev ikinci müddətdə  müstəqil  Azərbaycan Respublikasının Prezidenti kimi xalqımızın milli təfəkkürünü formalaşdırdı, azərbaycançılıq ideyalarını dövlət siyasətinin əsas atributları kimi  aktuallaşdırdı, müstəqilliyimizi əbədiləşdirdi, xilaskar adına əbədilik  möhür vurdu.   Elinə-obasına, yurduna, torpağına bağlılığını  tarixə iyul plenumu kimi yazılan iclasda  canından artıq sevdiyi Azərbaycan dilində söylədiyi və gələcəyə hesablanan nitqi ilə bildirdi. Həmin  çıxışda Azərbaycan xalqının nicat yolu, müstəqillik arzusunun işartıları  əks olunurdu ki, bu yolun çətinliyini   yeganə olaraq dərk edən də elə dahi şəxsiyyət   Heydər Əliyevin özü idi.  Planlı iqtisadiyyatın tələbləri əsasında idarə edilən Sovet İttifaqının  dünya siyasətinə təsir imkanlarının artdığı,   Kremldən xəbərsiz heç bir dəyişikliyə yol verilmədiyi,  mərkəzləşdirilmiş sərt üsul-idarənin mövcud olduğu    imperiya dövründə  hakimiyyətə gələn Heydər Əliyev  bürokratik əngəllərə baxmayaraq Azərbaycan üçün çox iş gördü.

…Ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Ulu Öndər Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, tərəqqi,  milli ruhun, mənəviyyatın dirçəliş  dövrü başlandı.  Respublikanın sosial-iqtisadi  inkişafının, xalqımızın milli özünüdərkinin,  təfəkkürünün,  özünəqayıdışın təməli qoyuldu .   Təcrübəli dövlət xadimi kimi, 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxışı ilə  imperiya rəhbərliyini təşvişə salan, respublikanın  gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirən, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarına qarşı  elliklə mübarizə aparan  Mərkəzi Komitəsinin yeni birinci katibi Heydər Əliyev ölkənin inkişafı üçün yeni yol xəritəsi hazırladı. Ölkədəki acınacaqlı vəziyyətin, əhalinin məmurlar tərəfindən əsassız incidilməsinin, bürokratçılığın  qarşısının alınması üçün ciddi addımlar atıldı. Əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Strateji proqrama əsasən respublika  əzəmətli tikinti meydanına çevrildi,  infrastruktur yeniləndi, nəhəng layihələr, milli maraqlara uyğun bərpa-quruculuq  işlərinə start verildi.  Bu həqiqəti adicə bir misalla göstərək. 1960-cı illərdə  milli gəlirin artım sürətinə görə  guya bərabər hüquqlara malik müttəfiq respublikalar arasında  axırıncı yeri tutan Azərbaycan  1982-ci ildə, Heydər Əliyev Moskvaya  işləməyə dəvət edildikdə  bu statistikanın  inkişaf təsnifatına görə  SSRİ-də birinci yeri tuturdu.  Respublikamız haqqında deyilən  «Şirako şaqayet Azerbaydjan»  deyimi digər  müttəfiq respublika başçılarına nümunə göstərilirdi.

Milli ideyanın  formalaşmadığı o dövrdə  iqtisadi, mədəni tənəzzülə aparan mənfi hallar ədalətin qoruyucusu Heydər Əliyevin siyasi iradəsi ilə aradan qaldırıldı. Sosial-iqtisadi  sahələrin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı  bir dövrdə rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev ilk növbədə iqtisadi potensialın dağıdılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün, xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərən amillərin qarşısını aldı. Milli kadrların hazırlanması, Azərbaycan  dilinin dövlət dili kimi inkişaf etdirilməsi və istifadə olunması, dövlət strukturlarında çalışan məmurların milli kadrlar hesabına formalaşdırılması  ön plana çəkildi.  Milli  düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların hazırlanmasına  diqqət artırıldı.

Hakimiyyətə  başladığı ilk gündən haqqın, ədalətin qarantı olan dahi şəxsiyyət  tarixən yaşadılan mənəvi dəyərləri xalqın özünə qaytarmaqla milli təfəkkürü formalaşdırdı.  Keçmiş sovetlər birliyində aqrar, geridə qalmış respublika hesab olunan Azərbaycana iqtisadi cəhətdən inkişaf etmiş sənaye ölkəsi  şöhrəti qazandırdı. Sənayenin inkişaf səviyyəsinə, əmək və xammal potensialına və profilinə uyğun  bölgələrdə fabrik və zavodların təməli qoyuldu. Elmi nailiyyətləri, mütərəqqi texnologiyaları  istehsalata  tətbiq etməklə  iqtisadiyyatda  keyfiyyət dəyişikliyinə xüsusi diqqət yetirilən Azərbaycanın keçmiş SSRİ respublikaları ilə iqtisadi, mədəni əlaqələri genişləndi.  Azərbaycanı  xammal istehsalçısından  ən müasir texnika və texnologiya ilə  təchiz olunmuş sənaye bazasına çevirən təcrübəli dövlət xadimi Heydər Əliyevin idarəçilik metodundan bəhrələnməyə çalışanlar arasında rəqabət açıq-aydın hiss olunurdu.   

 Üzaqgörən  dövlət xadiminin gələcəyə, müstəqilliyə hesablanmış siyasəti nəticəsində ölkədə  neft, neft-kimya sənayesi inkişaf etdirildi, elektron hesablama mərkəzləri yaradıldı, energetika, nəqliyyat sahələrində kompleks tərəqqinin təməli qoyuldu.  Xalqın ümumi sərvəti olan neft sənayesinin inkişafı, yeni yataqların kəşfi,  müasir qazma metod və üsulların  Azərbaycanda tətbiqi  Ümummilli Lider Heydər Əliyevin təşəbbüskarlığı  və müəllifliyi ilə  tərtib olunan « Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması» planı əsasında  həyata keçirildi. ONUN xidmətləri sayəsində   Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, «Şelf» seriyalı dəniz qazma qurğularınnın quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Etiraf olunmalıdır ki, sərt  sovetlər rejimində  planlaşdırılmış iqtisadiyyatdan kənarda  mütətffiq respublikaların mənafeyinə, milli maraqların yönəlmiş  kiçik bir addımın atılması üçün cəsarət , milli qürur, vətəndaşlıq yanğısı tələb olunduğu zamanda bu  cür işlərin icrası üçün xalqa bağlılıq ruhu başlıca şərt idi.  Ən kiçik detallara belə dövlətçiliyin qorunması  nəzərindən dəyər verən Heydər Əliyevin özü bu məqama toxunaraq bildirirdi ki,  sovetlərin « qardaşlıq birliyi»  çərçivəsindən kənarda  hansısa işi görmək mümkün olmadığı hallarda belə  ən kiçik imkandan  xalqın mənafeyi naminə  istifadənin özü böyük uğurlara aparan cığır kimi ümid  yaradırdı.

     Bu gün Azərbaycanın  dünya birliyində  möhkəmlənən mövqeyindən, ayrı-ayrı ölkələrlə siyasi, iqtisadi əməkdaşlığından  fəxrlə danışırıqsa,  bu əlaqələrin təməli müdrik siyasətçi   Heydər Əliyev xidməti nəticəsində formalaşıb. 1970-1985 –ci illərdə  250-dən çox sənaye müəssisəsində  istehsal olunan 350 adda  müxtəlif ünvanlı  sənaye və  məişət malları dünyanın 65 ölkəsinə ixrac olunurdu.  Ölkəmizdə  istehsal olunan kondisionerlər Azərbaycanın  adını bütün ölkələrdə  tanıtdırdı.    «Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq olacağıma, onları ümumbəşəri dəyərlərlə zənginləşdirəcəyimə və inkişaf etdirəcəyimə and içirəm» söyləyən Ulu Öndərin İttifaqın  cənub bölgələri üçün həyati əhəmiyyətli məişət  kondisionerləri zavodunun Azərbaycanda yaradılması üçün göstərdiyi fədakarlıq, çəkdiyi zəhmət onun  xalqının gələcəyi üçün gördüyü işlərdən yalnız bir nümunədir.
Ulu Öndər bu məsələ ilə bağlı göstərdiyi qətiyyəti  sonrakı illərdə  qürurla  xatırlayırdı:  «Bilirsiniz, mən xoşbəxtəm ki, bu zavodun tikintisində əməyim olub… Bir dəfə Afrikanın lap cənubuna, Mozambikə səfər etmişdim və orada Azərbaycan kondisionerlərini gördüm. Sonralar Bakı markası ilə  kondisionerlər planetimizin ən müxtəlif nöqtələrində- Koreyada, Vyetnamda, Anqolada rastıma çıxdı və mən gördüyümüz işə görə , həqiqətən iftixar hissi duyurdum.»

70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu baza Azərbaycanı tərəqqinin növbəti mərhələsi kimi  zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdı. Totalitar sistemin çətinliyinə baxmayaraq qorxmaz, cəsur, möhkəm iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək imkanı yaratdı. ONUN hakimiyyəti illərində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının sənət nümunələri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük intibah olan bir sıra memarlıq ansamblları, inzibati mərkəzlər, saraylar, ali məktəblər, nəşriyyat, tədris korpusları, idman kompleksləri, görkəmi ilə paytaxtın və bölgələrin simasını dəyişən  binalar istifadəyə verilmişdi. Tarixi şəxsiyyətlərimizə hörmət əlaməti olaraq mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdı.  Əməkdə fərqlənənlər, elm adamları, incəsənət xadimləri dövlət mükafatları, fəxri adlarla təltif olundular.

 Fenomen dövlət xadimi Heydər Əliyevin xalqımızın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri də SSRİ çərçivəsində də olsa, Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi  səylər idi. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur,  xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaranırdı. Müdrik şəxsiyyət Heydər Əliyevin qətiyyəti sayəsində Milli  Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.  Ana dilimizin idarəçilikdə  tətbiqi müstəqilliyimizin ilk addımları kimi, xalq tərəfindən dəstəkləndi. Azərbaycanlı  gənclərin  təhsil almaları, ixtisaslı kadrlar kimi hazırlanmaları  dövlət səviyyəsində təmin olundu. İttifaq miqyasında ilk olaraq milli kadarların hazırlanması üçün Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. Azərbaycanlı gənclərin İttifaqın ən tanınmış ali məktəblərində proqram əsasında  təhsil almaları üçün  şərait yaradıldı. «Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, milli mənəvi- dəyərlərə bağlılığın, ictimai şüurun  formalaşmasının qərinədən artıq bir dövru  dünya siyasətinin parlaq simalarından olan Heydər Əliyevin adı ilə bağlıdır» sözləri Ulu Öndərin   parlaq  zəkasının, xalqımız üçün göstərdiyi fədakarlıqların   gerçəkliyidir.
Harada,  hansı vəzifədə işləməsindən asılı olmayaraq hər zaman, ilk növbədə,  Vətənini düşünən,  hadisələrə ümumxalq mənafeyindən yanaşan müdrik şəxsiyyət Heydər Əliyev həyatının mənasını millətinə xidmətdə görən dahilərdən idi.  Azərbaycan KP MK-nın birinci katibi olanda da,  İttifaq əhəmiyyətli fərdi  pensiyaçı statusunu alanda da  ona edilən təzyiqlərdən qorxmayaraq ancaq doğma Azərbaycanın  mənafeyini düşünürdü.   Dünya təcrübəsi göstərir ki,    rəhbərlik etdiyi xalqını inkişaf yolu ilə xoşbəxt gələcəyə aparan liderlər, siyasi xadimlər  təkcə yaşadıqları  cəmiyyətə deyil, dünya hadisələrinə təsir imkanları böyük olan şəxsiyyətlər  kimi, əməlləri ilə  əbədi yaşam, ölməzlik hüququ qazanırlar. Dövrünün ən bacarıqlı, təcrübəli siyasi xadimini, liderini yetirən, hazırda dünyanın düşüncə tərzinə təsir imkanları genişlənən Azərbaycan xalqı  adı tarixi şəxsiyyətlərlə eyni sırada çəkilən  övladı  Heydər Əliyevlə fəxr etməkdə  haqlıdır.

 Müstəqilliyə aparan yolun çətin, lakin şərəfli olduğunu  müdrikliyi  ilə  təsdiqləyən Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə   Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı.  1994-1995-ci illərdə  dövlətçiliyimizə qarşı törədilən cəhdlərin qarşısını almaqla xilaskarlıq missiyasını yerinə yetirdi.  Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi ən böyük xidmət isə  özü qədər inandığı  Prezident İlham Əliyev kimi, təcrübəli dövlət başçısını, siyasi xadimi  yetirməsidir. Heydər Əliyev siyasətini layiqincə davam etdirməklə  Ulu Öndərin ideyalarını gerçəkləşdirən Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir ki, bu gün ölkəmiz dünya birliyində  super  ölkələrlə eyni sırada addımlayır. İqtisadi qüdrəti, Ulu Öndərin müəyyənləşdirdiyi neft strategiyasının tətbiqi, enerji bazarında tutduğu önəmli yeri, milli-mənəvi dəyərləri, qüdrətli ordusu ilə  fərqlənən Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunması müdrik şəxsiyyətin  « Azərbaycan dünyaya günəş kimi doğacaq» sözlərinin məntiqi nəticəsidir. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın  azad edilməsi  Ulu Öndərin  sınaqlardan çıxmış siyasətinə varislik sədaqətinin ifadəsidir.   Dünya birliyində ölkəmizin siyasi, iqtisadi uğurlarından, heyranedici  möhtəşəmliyindən söz açılırsa, ölkəmiz sivilizasiyalararası dialoq, siyasi sabitlik məkanı kimi tanınırsa  bu, o deməkdir ki, Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar arzuları  gerçəkləşib. 

Vətən müharibəsində qazandığımız  böyük Zəfərin qürur və sevincini yaşadığımız günlərdə Ümummilli Liderin vaxtilə məcburi köçkünlər qarşısında böyük inamla dediyi sözləri hamı xatırlayır: «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.» Artıq  Ulu Öndərin arzuları reallaşıb. Xalqımızın 30 illik yurd həsrətinə son qoyulub. Biz artıq doğma Qarabağımıza, Şərqi Zəngəzura qovuşmuşuq.  Azərbaycanın böyük oğlu dahi Heydər Əliyevin ölməz ideyalarının gerçəkləşməsinin məntiqi nəticəsi Türk Dövlətləri Təşkilatının yaranmasıdır. Qonaqlı –qaralı Şuşanın hər kəsi heyran edən büsatıdır, Cıdır düzündə keçirilən  möhtəşəm tədbirlərdir. İşğaldan azad olunan ərazilərdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləridir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına- Şuşaya, Xocalıya, Laçına qayıtmalarıdır. Dövlət Bayrağımızın Xankəndidə  dalğalanmasıdır. Azərbaycanın dünya birliyində artan önəmi,  möhkəmlənən nüfuzudur. Ölkəmizin  təşəbbüsü ilə reallaşan,  dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən qlobal layihələrə artan maraqdır.  COP29 kimi, digər mühüm tədbirlərə ev sahibliyimizə göstərilən dəstəkdir.   Ən başlıcası isə «Dəmir yumruq» əməliyyatının  məntiqi nəticəsi olan dövlət başçımızın  «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» raportudur. 

Xuraman İsmayılqızı, «İki sahil»