13 iyul 2024 01:09
337

Fransanın Frankofoniya aləti

Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası “Ermənistan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağ erməniləri haqqında” qətnamə qəbul edib. Qətnamədə Azərbaycanın “işğal”ı nəti­cəsində onların, guya, etnik təmizləməyə məruz qaldıqları, həmçinin erməni mədə­ni və dini irsininin məhvə düçar olduğu vurğulanıb. Bu isə o deməkdir ki, Frankofoniya  yenə köhnə ampluasındadır. Şübhəsiz, bu məsələdə erməni diasporunun, eləcə də təcavüzkar ölkənin himayədarı kimi cıxış edən Fransanın əli vardır. Halbuki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir zaman etnik təmizləmə siyasəti həyata keçirməyib.

 O ki qaldı onların iddia etdikləri “etnik təmizləməyə”, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun ötən ilin sentyabr ayında keçirdiyi lokal antiterror tədbirindən sonra erməni əsilli şəxslər heç bir səbəb olmadan Qarabağı tərk ediblər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, onların təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı. Bunun üçün onlardan yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq tələb olunurdu. Amma haylar separatçıların və  onların havadarlarının təhriki ilə Ermənistana üz tutmağa üstünlük verdilər. Belə bir sual ortaya çıxır: Görəsən bu qurum hansı mənbələr əsasən belə iddia ilə çıxış edir? Şübhəsiz, onların informasiya mənbəyi radikal erməni funksionerlərinin, eləcə də ermənin diasporunun bu məsələ ilə bağlı uydurduqları reallıqlardan uzaq nağıllardır. Bu mənada bu qurumun erməni əsilli şəxslərin “etnik təmizləmə”yə məruz qaldıqlarını, yaxud hüquqlarının pozulduğunu iddia etmək heç bir məntiqə sığmır.

Təşkilatın digər iddiasına gəldikdə isə, heç kimə sirr deyil ki, Ermənistan hər zaman Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Təkcə bir faktı xatırladaq ki,  Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Azərbaycan isə erməni mədəni irsinə həmişə hörmətlə yanaşıb. Bakının mərkəzindəki Müqəddəs Qriqori kilsəsini buna misal göstərmək olar.  

Yeri gəlmişkən, Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı kimi beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə qərəzli çıxışlar edib, böhtan dolu qətnamələrin qəbuluna cəhdlər göstərib. Azərbaycan Fransaya təhdid və təzyiq dili ilə danışmağın, həmçinin ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən  qətnamələrin qəbul etməsinin  heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görüb və görməkdə davam edir.

Bütün bunlardan bir nəticə hasil olmadığını görən Fransa öz əlinin altında olduğu təşkilatlardan da faydalanmağa çalışmaqdadır. Beynəlxalq Frankofoniya Təşkilatı belə qurumlardan biridir. Özü da neçənci dəfədir ki, Fransa bu təşkilatla üzərimizə hücum çəkir. Bu isə o deməkdir ki,  1970-ci ildə fransız dilini öyrənmək və bu dili kütləvi danışıq dilinə çevirmək, fransız dilli əhalinin sayını artırmaq, fransız mədəniyyətini təbliğ etmək üçün qurulan təşkilat öz işi ilə deyil, əsassız siyasi iddialarla məşğuldur. Bu da Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın əlində digər dövlətlərə təzyiq etmək üçün siyasi alət olduğunu göstərir. Özü də son illər bu alətdən Azərbaycana qarşı daha çox istifədə edilir. Bu da təsadüfi deyildir. Çünki  Ermənistanın əli ilə  Cənubi Qafqazda möhkəmlənmək istəyən Fransa son illər Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həzm edə bilmir. Elə bu səbəbdən hər vəchlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur. Hətta təcavüzkar ölkəni nümayişkəranə şəkildə silahlandırmaqda davam edir. Amma bu bir faktdır ki, Fransa anti-Azərbaycan mövqeyi ilə ölkəmizin nüfuzuna, qüdrətinə xələl gətirə bilmir. Çünki dövlətimiz uğurlu xarici siyasətində bütün ölkələrlə əmin-amanlıq, dostluq şəraitində yaşamağı hər zaman prioritet olaraq müəyyənləşdirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”