11 iyul 2024 23:50
307

NATO-Azərbaycan əməkdaşlığı: Sülhə, sabitliyə dəstək missiyası

Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində  ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanla Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla  Ararat Mirzoyan arasında keçirilən görüş Cənubi Qafqazda sabitliyin təminatına, tərəflər  arasında sülh sazişinin imzalanmasına inamı artırır

Dünyanın ən qüdrətli 50 ordusu arasında   yer alan  Azərbaycan  Silahlı Qüvvələrinin  etibarlı müdafiə qüdrətinə malik olduğu  İkinci Qarabağ müharibəsində təsdiqləndi. Bu baxımdan  ən güclü, siyasi –hərbi təşkilat olan  NATO-nun (North Atlantic Treaty Organization)  Cənubi Qafqazın siyasi, iqtisadi qüdrəti ilə seçilən  ölkəmizlə əməkdaşlıqda maraqlı olması təbiidir.  NATO ilə Azərbaycan arasında uğurla davam etdirilən əməkdaşlığın əsas prinsipləri dünyada və regionda sabitliyin təminatı, beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsidir.  ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton Zirvə görüşlərində,  nüvə təhlükəsizliyi  məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında təmsil olunan Azərbaycanın təşkilatla əməkdaşlığı qarşılıqlı anlaşma şəraitində inkişaf edir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hərbi qüdrətimizin artması və xarici siyasətimizin möhkəmləndirilməsi məqsədi ilə atdığı uzaqgörən addımlardan biri məhz Şimali Atlantika Alyansı ilə əlaqələri dərinləşdirmək oldu. 1994-cü il mayın 4-də Belçika Krallığının Brüssel şəhərində NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramının Çərçivə Sazişinin imzalanması ilə Azərbaycan-NATO münasibətlərinin beynəlxalq müstəvidə təməli qoyuldu.

 NATO PA-nın «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən   xüsusi dəyər idi.   Şimali Atlantika  Alyansına daxil olan  ölkələrlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olan Azərbaycan NATO-nun  tədbirlərində  iştirak edərək ordu quruculuğu sahəsində  mühüm nailiyyətlər qazanır. Hərbçilərimiz münaqişə bölgələrində,  sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfələr verir. Azərbaycan sülhməramlıları NATO-nun «Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası» çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirib. «Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir» sözləri ilə Şimali Atlantika  Alyansı ilə əməkdaşlığa  böyük önəm verdiyini bildirən Prezident İlham Əliyev ölkəmizin bundan sonra da  qurumla birgə fəaliyyət prinsipinə  sadiq qalacağını diqqtə çatdırıb.

.NATO-ya üzv dövlətlərin iştirakı ilə keçirilən   zirvə görüşlərində  artıq tarixə qovuşmuş « Dağlıq Qarağağ münaqişəsinin» davam etdiyi 30 ildə   Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini və müstəqilliyini dəstəkləyən,  kommunike, bəyanatlar qəbul edən təşkilatla əməkdaşlıq daim sağlam münasibətlər əsasında inkişaf edir.  Dünyada sülhün , əmin-amanlığın  təminatına  xidmət edən, qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycan  NATO ilə əməkdaşlığı  çərçivəsində  vədinə sadiqliyini  terrora qarşı birgə mübarizə sahəsində də  doğruldur. Qurumun təmsilçiləri dəfələrlə  bildirmişlər ki,   XXI əsrdə  qloballaşan dünyada   təhlükəsizlik çağırışlarına dəstək göstərən rəsmi Bakı ilə əməkdaşlıqda israrlıyıq, dialoqumuzun və əlaqələrimizin güclü çərçivəsi vardır.

 NATO-nun ən güclü  üzvü olan ABŞ Dövlət Departamentinin açıqlamalarında qeyd edildiyi kimi,  Azərbaycan ölkənin quru və  dəniz yolları ilə  insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin, orqan mafiyasının çirkli əməllərinin aşkar edilməsində və qarşısının alınmasında  fəallığını artırır. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, kiber cinayət törədənlərin izlənməsi və həbsi ilə bağlı  əməliyyatları  müvəffəqiyyətlə davam etdirir.

Ötən illər ərzində Azərbaycan Ordusu NATO-nun müvafiq proqramına əsasən təhlil, təhsil, təlim, sülhyaratma missiyaları sferasında müvəffəqiyyətlə iştirak etmiş və böyük hazırlıq nümayiş etdirmişdir. Ümumiyyətlə, ölkəmiz NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal şəkildə istifadə edir və mühüm sənədlərdə öz əksini tapmış məqsəd və prinsiplərin yerinə yetirilməsində məqsəd və məramını açıq şəkildə bəyan edir. Sülhü dəstəkləmə missiyalarına öz töhfəsini verir.

Dünya dövlətləri və xalqları ilə sülh, əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verən, beynəlxalq hüquq subyekti kimi qonşu dövlətlərlə birlik və bərabərlik, sadiqlik prinsipinə hər zaman hörmətlə yanaşan ölkəmiz regionda sabitliyin qorunub saxlanmasında, təhlükəsizliyin təmin olunmasında və bunun üçün nüfuzlu ölkə və beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulub möhkəmlənməsində maraqlı olduğunu əməli ilə  sübut edir. Çoxşaxəli xarici strategiya prinsiplərinə uyğun fəaliyyətini uğurla davam etdirən Azərbaycan hər zaman beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri, o cümlədən, əməkdaşlıq və tərəfdaşlıq missiyalarını layiqincə yerinə yetirir.

 İkinci Qarabağ müharibəsində  Ermənistan üzərində Qələbə çalaraq torpaqlarımızı  işğaldan azad edən, hərbi hazırlığı, müdafiə qüdrəti NATO standartlarına cavab verən Silahlı Qüvvələrimizin rəşadətinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək dəyərləndirilməsi,  Milli Ordumuzun döyüş taktikasının və bacarığının dünyanın tanınmış hərbi məktəblərində tədris edilməsi  NATO- Azərbaycan əməkdaşlığının  məntiqi nəticəsidir.
 Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində  ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanınla Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla  Ararat Mirzoyan arasında keçirilən görüş Cənubi Qafqazda sabitliyin təminatına, tərəflər  arasında sülh sazişinin imzalanmasına  inamı artıtır. Görüşdə  Azərbaycanla Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyiş diqqətə çatdırılaraq  bu istiqamətdə fəaliyyətin davam etdirilməsi tövsiyə olunub. Görüşün təşəbbüskarı ABŞ Dövlət katibi Antoni Blinkenin «Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam» sözləri tərəfləri sülhə çağırış mesajı kimi  sülhə etimadı artırır. Dövlət katibi  bildirib ki, Azərbaycanla Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər: «ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq.»

ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda sülh sazişinin imzalanması ilə bağlı razılaşmanı yekunlaşdırmaq üçün inamlı  addımlar atmağı tövsiyə edib.  Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyi qeyd edilib.

Türkiyənin aparıcı elektron və çap mediasında, eləcə də, telekanallarında  Vaşinqton görüşü,  Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində irəliləyişlərə siyasi gündəmin əsas , aktual mövzusu kimi, diqqət yetirilib. Xarici işlər nazirlərinin görüşünün yekunlarına dair Bəyanatdan gətirilən sitatlar  Cənubi Qafqazda «sülhə doğru tarixi addım”» adlandırılır.

Beynəlxalq ictimaiyyətin diqqətində olan Vaşinqton görüşü ilə bağlı Almaniyanın xarici işlər naziri Annalena Berbokla  müzakirə aparan  ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişləri  tərəflər arasında etimad kimi dəyərləndirərək,  razılaşmanın tez bir zamanda yekunlaşmasını  Cənubi Qazqaz regionu üçün önəmli adlandırıb. «Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq» sözləri ilə bölgədə sabitliyə doğru atılan addımları,   irəli sürülən  təşəbbüsləri yüksək dəyərləndirən  Prezident İlham Əliyevin  sülhə əminlik ifadə edən sözlərini reallaşdıracaq Vaşinqton görüşünün müsbət nəticələrinə inam artmaqdadır.

Xuraman İsmayılqızı, «İki sahil»