11 iyul 2024 00:58
285

Oskanyanın sayıqlamaları

Zəngəzur dəhlizinin çox böyük regional  və beynəlxalq əhəmiyyəti var. Amma hələ ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində bu, hələ  reallaşmasa da, gündəmdən də düşməyib. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatın işlək olmadığını bildirir. Amma  faktiki olaraq o, mövcuddur və Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməlidir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan rəsmiləri, politoloqları Zəngəzur dəhlizi ifadəsini işlətmir, onlar daha çox kommunikasiyaların açılması kimi alternativ söz birləşməsindən istifadə edirlər. Amma bu, məsələnin mahiyyətini dəyişmir.

Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də: “İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik... Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Bir məsələni də vurğulayaq, Zəngəzur dəhlizinin açılması bir sıra xarici dövlətlərin də diqqət mərkəzindədir. Bu dövlətlər arasında Çin, Rusiya kimi ölkələrlə yanaşı, ABŞ-da aktivlik nümayiş etdirir. Hətta bu  yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn bildirib ki,
ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin: “Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyacımız var”. Hətta amerikalı diplomat Ermənistanın baş naziri Nikol Paşinyana məsləhət görüb ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək. Bu, həm ABŞ-ın maraqlarına ziddir, həm də Ermənistanı Orta dəhliz layihəsindən kənarda qoyacaq... 

Artıq bu gün haylar da bu adi həqiqəti  etiraf etməkdədirlər. Hətta bir neçə gün öncə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da deyib ki, artıq beynəlxalq gündəmdə Qarabağ münaqişəsi yox, Zəngəzur dəhlizinin açılması məsələsidir. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllindən sonra Zəngəzurun dərhal gündəmə gəlməsi təsadüfi deyil: “Bu, ABŞ-a lazımdır, Rusiyaya lazımdır, Türkiyəyə lazımdır, İrana lazımdır, Çin və Hindistana lazımdır”. Bəli, cənab Oskanyan bu, həmin dövlətlərə lazımdır. Amma unutma ki, bu, həm də özünün ən ağır günlərini yaşayan, bölgədəki beynəlxalq layihələrdən kənarda qalan Ermənistana daha çox lazımdır. Özü də adlarını çəkdiyiniz ölkələrdən daha çox. Bu mənada bu, tək Azərbaycan üçün önəm kəsb etmir, odur ki, Ermənistanın özü tənəzzülə uğramış iqtisadiyyatını vəziyyətdən çıxarmaq üçün bu yolun açılmasında maraqlı olmalıdır.

Yeri gəlmişkən, Oskanyan belə bir fikir də səsləndirib: “Əgər bu gün Ermənistanın xarici işlər naziri mən olsaydım, beş dəqiqəyə bu məsələni gündəmdən çıxarardım”. Bu yerdə deyiblər də, Allah dəvəyə qanad versəydi, dağıtmadığı dam qalmazdı. Təəssüf, bu bədbəxt hələ də anlamır ki, dəhlizin açılması Ermənistanın da iqtisadiyyatına müsbət təsirini göstərəcək. Əks halda onlar tranzit ölkə olmaq imkanını itirəcəklər.  Nə yazıq ki, hələ də başa düşmür ki, məhz onun kimilərinin yarıtmaz siyasəti nəticəsində Ermənistan bu günə düşüb. Yəni, beynəlxalq layihələrdən kənarda qalıb. Hə, bir də Oskanyana baxanda onun yuxusunun ərşə çəkilməsi açıq-aydın görünür. Görünür, uğurlarımızı həzm edə bilməyən bu avantüristin artıq gözünə yuxu getmir. Elə onun son dönəmlərdə çəkdirdiy fotolardan da bu, açıq-aydın görünür. Müxtəsəri, Oskanyan, sən gecələr yat. Yat ki, beynin yaxşı dincəlsin, fikirlərin bulanmasın.

Qeyd edək ki, bu dəhlizinin açılmasının hüquqi bazasını 10 noyabr 2020-ci tarixində  Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik Bəyanat təşkil edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”