11 iyul 2024 00:31
263

Dalanda qalan Ermənistanın havadar seçimi

Qərbin, ABŞ rəsmilərinin Cənubi Qafqaza  mütəmadi səfərlərinin  məramı bölgədə sülhə pəncərə açmaq deyil,  görünən işığın qabağını kəsməkdir 

Müdriklərin sözünə baxmayanın ulaya-ulaya qalmağının real təsdiqi Ermənistanın düşdüyü indiki  vəziyyətdir.  Həmişə kimlərdənsə asılı olan, sovetlər birliyi dağılandan  sonra digər ittifaq dövlətlərindən fərqli olaraq müstəqilliyinə rəsmi deyil, sözdə qovuşan   Ermənistanın başsız başçılarının əli tez-tez dəyişən ağalarının ciblərində olub. Bu gün də eyni vəziyyət davam edir.   Bu ölkənin iqtisadiyyatına, enerji təminatına, yol-nəqliyyat infrastrukturuna,  sərhədlərinin qorunmasına nəzarət edən Rusiya Ermənistanı forpostu kimi maraqlarına uyğun  idarə edib. Rəsmi Moskva ilə hərbi sahəni də əhatə edən geniş əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik sənədlərinin  imzalanması ilə  bu asılılıq pik həddə olub. Lakin Qərbyönümlü siyasi kurs seçən Nikol Paşinyanın 2018-ci ildə məxməri inqilabla hakimiyyətə gəlişi ilə  Ermənistanın strateji seçimi səmum yeli kimi səmtini tez-tez dəyişib.  İkinci Qarabağ müharibəsində qüdrətli Azərbaycanın Silahlı Qüvvələrinin apardığı «dəmir yümruq» əməliyyatı nəticəsində   «ağ bayraq» qaldıran, kapitulyasiya aktı imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətini Rusiya amili ilə bağlayaraq  Tıq-tıq xanım kimi rəsmi Kremlə  mesaj göndərdi: «Mən səndən küstərəcik!» 

  Hələ də  Rusiya ilə umu-küsüsünü davam etdirən  Nikol   üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da arxa çevirməklə də əbədi ağası  Kremlə dərs vermək istədi. Ötən ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi  lokal xarakterli antiterror tədbirindən, respublikamızın  təhlükəsizlik orqanlarının keçirdikləri əməliyyat zamanı separatçı tör-töküntülərin həbsindən   sonra əsəbləri tarıma çəkilən  Paşinyan  Moskvaya arxa çevirərək Qərbə üz tutdu.

 Amma nə qədər çalışsa da, ağası ilə olan iplərini qıra bilmir. Rusiyanın 3 mindən çox  hərbçisinin xidmət etdiyi Gümrüdəki 102-ci  bazası və onun Zəngəzurdakı filialı hələ də fəaliyyətdədir. Hayastanın  Türkiyə və İranla dövlət sərhədini, eləcə də İrəvandakı hava limanındakı təhlükəsizliyi Rusiya hərbçiləri qoruyur.  Bazanın şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində xidməti vəzifəsini yerinə yetirir. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası ilə  Ermənistan arasında həmin bazanın yerləşdirilməsi haqqında sazişin müddətinin  2044-cü ilə qədər uzadılması tərəflərin  qarşılıqlı razılığı əsasında baş tutub. Diqqətə çatdıraq ki, Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiaları hələ də qüvvədə olan  Ermənistan Rusiyanın özündən başqa digər ölkədə  hərbi baza yerləşdirdiyi yeganə ölkədir.  Sadalananların məntiqi nəticəsi odur ki, tarixən  Rusiyanın forpostu, imperiyanın maraqlarının yerinə yetirilməsi üçün vasitə olan  Ermənistanın rəsmi Kremlin strateji maraqlarına tabe olmaqdan başqa yolu yoxdur. Vətən müharibəsindəki məğlubiyyətindən sonra özünə  yeni tərəfdaş axtaran Ermənistanın Qərbə, ABŞ-a üz tutması Paşinyana qısa müddətli  əminlik yaratsa da istənilən niyyət baş tutmur.

Qərbə  inteqrasiya, Avropa İttifaqına  üzvlük vədlərinə aldanan Nikol Paşinyan bu yolla nəyəsə nail olacağını umsa da  əvvəlki şərait, Rusiyanın bu ölkədəki bağlantıları hələ də mövcudluğunu saxlayır.  Cənubi Qafqazda sabitliyi pozmaq niyyətlərinə çatmaq, Hayastanla  Rusiyanın əlaqələrini pozmaq üçün müxtəlif variantlara əl atan Paşinyanın  Avropadakı dəstəkçiləri, xüsusilə Fransa Prezidenti Emmanuel Makronun himayədarlığı da  özünü doğrultmur. Eyni niyyətdə olan ABŞ-ın Ermənistana  yardımlar göstərməsi, birgə hərbi təlimlər barədə razılıq əldə  edilməsi də əvvəlki saxta vədlərin tərkib hissəsidir.

Hazırda dünyada , regionda baş verən hadisələr səbəbindən  rəsmi İrəvan mövcud vəziyyətlə barışmaq məcburiyyətindədir.    Daim arxalandığı İranda keçirilən prezident seçkilərində də islahatçı Məsud Pezeşkianın qalib gəlməsi Ermənistanı əməlli- başlı silkələyib. Əslən azərbaycanlı olan yeni prezidentin açqlamaları Paşinyan iqtidarını, revanşistləri təlimatlandıran Serjik Sarkisyan, Robert Koçaryan kimi  sabiq prezidentləri, işğalçı ölkənin Fransa kimi havadarlarını da əndişələndirib.

 2024-cü ildə  bir çox dövlətlərdə prezident seçkiləri  keçirildi və bu proses davam etdirilir. Son günlərdə  Fransa Prezidentinin üzləşdiyi çətinliklər,  Avropa Parlamentinə seçkilərdə Makronun  partiyasının məğlub olması Ermənistanı da narahat edib. Rəsmi İrəvanı öldürücü silahla təmin edəcəyini bildirən Makronun bu vədi özü kimi  hələ ki, havadan asılı qalıb.  Yelisey Sarayının gələcək  hakim dairələrinin Ermənistan –Fransa əlaqələrinə  münasibətlərinin hansı səviyyədə olacağı bəlli deyil. 

Payızda  prezident seçkiləri keçiriləcək ABŞ-ın    rəsmi İrəvana son günlərdə intensivləşən  «isti münasibəti» də səbəbsiz deyil.  Vaşinqton rəsmilərinin Cənubi Qafqazla bağlı  siyasətlərində diqqət çəkən korrektələr, Zəngəzur dəhlizinin açılmasının « vacibliyinin» məhz seçkilər ərəfəsində xatırlanması müəmmalıdır. Son günlərdə  keçirilən debatlarda prezidentliyə namizəd, ABŞ-ın sabiq dövlət başçısı  Donald Trampa  məğlub olan  Ağ Evin indiki  lideri  Cozef Baydenin,  ABŞ Dövlət Departamenti rəsmilərinin düyünə düşən  Zəngəzur dəhlizinin tezliklə açılması ilə bağlı hərəkətlərinin intensivləşməsi  səbəbsiz deyil.  Prezident seçkilərində daha çox səs toplamaq istəyən Baydenin məqsədi tamam başqadır. ABŞ-ın gedişlərinin əsl məqsədi guya Cənubi Qafqazda sabitlik yaranmasında, 30 il həllini gözləyən Zəngəzur dəhlizinin açılmasında Ag Evin xidmətlərini  önə çəkməkdir. Regional məsələlərin həllində  üstünlüyünü  göstərməklə seçicilərin səsini qazanmaqdır. Ancaq Vaşinqton rəsmiləri unudurlar ki, Cənubi Qafqazda  sabitliyin yaranması, Azərbaycanla rəsmi İrəvan arasında  sülh müqaviləsinin imzalanması üçün başlıca şərt Ermənistanın Konstitusiyasında dəyişiklik edilməsi, Hayastanın qonşu ölkələrə ərazi iddialarının bu ölkənin digər  hüquqi sənədlərindən də  çıxarılmasıdır. Bu başlıca amili «unudan» Ağ Ev kimi  Yelisey Sarayının da Ermənistana dəstəklərini ifadə etmələri torbada pişik məsəlinə bənzəyir. Ehtimal etmək olar ki, payız ayında ABŞ-da hakimiyyət dəyişə bilər. Keçirilən sorğular, debatlar, rəylər onu göstərir ki, hazırkı Prezident Baydenin mövqeləri namizəd, eks-prezident Trampın nüfuzundan  xeyli aşağıdır.  Baydenin respublikaçı Trampa məğlub olması Paşinyanın payız aylarında siyasi cəhətdən tam yetim qalması ilə nəticələnə bilər. Çünki Donald Tramp tamamilə başqa səpkidə xarici siyasət yürüdəcək. Digər Avropa ölkəsi olan Böyük Britaniyanın dəstəyi ilə  Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin yaradılması, bu ölkədə yeni hökumətin  formalaşmaq ərəfəsində olması faktı da   nəzərə alınsa kapitansız qalan gəmi olan Ermənistanla bağlı   yaranan mənzərənin izahına ehtiyac qalmır.

 Başqa sözlə deyilsə Nikolun ərköyünlüyü ilə hesablaşacaq dəstək zəifləyir. Hadisələrin burulğanında çabalayan Ermənistan  hakim dairələri yenə  «ya bundadır, ya onda» oyununun açıqlaması ilə məşğuldur. Yən,  Rusiya ilə münasibətlərə yenidən baxmaq zərurətinə inananların sayı artıb. Bu dəyişiklik   Paşinyanın  sətiraltı açıqlamalarında da hiss olunur.  Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın  Belqoroda səfər etməsi, Ukrayna ərazisində həlak olan rus əsgərlərinin abidəsi önünə gül dəstələri qoyması, Ermənistan spikerinin müavini  Akop Arşakyanın  nümayəndə heyəti ilə Moskvada rusiyalı həmkarı ilə görüşündə iki ölkə arasındakı münasibətlərlə bağlı danışıqlar aparması görünən dağa bələdçinin lazım olmadığının  təzahürüdür. Amma  daşnak ideologiyasını dövlət siyasətinin əsas xətti kimi illərdən bəri davam etdirən Ermənistanın təkmil  xarici siyasətinin olmadığı faktını da  unutmaq olmaz.

Yeri gəlmişkən: Çayın kənarında dayanan əqrəb o biri sahilə üzən tısbağadan xahiş edir ki, onu da özü ilə aparsın. Çayın kənarına çatmağa az qalmış xasiyyətinə uyğun   tısbağanı  sancan   əqrəbin nankorluğuna qəzəblənən canaqlı bağanın  iradına əqrəbin cavabı belə olur: «Allah kəssin, nə edim mənim də xasiyyətim belədir.»   Xain, haqq itrən, məkrli  ermənilər də əqrəb kimi nankordurlar. Əsrlərdən bəri  Azərbaycan xalqına qarşı soyqırımlar törədən daşnakların əqrəbsayaq xasiyyətlərinə  sadiq qalmaları ermənilərə etibarı sarsıdır. Paşinyanın Rusiyaya isti münasibəti də müvəqqəti xarakter daşıya bilər. Qərb ölkələrində vəziyyət axarına düşdükdən sonra Paşinyanın hansı səmtə üz tutacağı bəlli deyil.  Keşiş Baqrat Qalstanyanın şoularını da unutmaq olmaz. Qarşıdakı aylarda daha güclü aksiyaların anonsunu verən  keşiş xarici dairələrdə planlaşdırılan  göstərişlərə uyğun aksiyaları gücləndirəcəyini bildirib. Hazırda  Paşinyanın seçimi  ABŞ-da keçiriləcək prezident seçkiləri,  Fransada  Makronun üzləşəcəyi vəziyyətlə birbaşa bağlıdır.

 Belə ki, Ermənistan yenə dalanda qalıb. Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəlincə , bütün dünya ictimaiyyəti də bilir ki, Azərbaycan digər əraziləri kimi, tarixi torpaqları olan Zəngəzuru də beynəlxalq hüquq normaları əsasında  azad edəcək. Yəni bəzi dairələrin bu amili özlərinin maraqları, siyasi  divident qazanmaq naminə gündəmə gətirmələri dəryada balıq tutmaq sevdasıdır. Bu baxımdan  Qərbin, ABŞ rəsmilərinin  Cənubi Qafqaza  mütəmadi səfərlərinin  məramı bölgədə sülhə pəncərə açmaq deyil,  görünən işığın qabağını kəsməkdir.  ABŞ  Dövlət Departamenti rəsmilərinin  dəhlizlə bağlı « Zəngəzur yolu ya Ermənistandan keçəcək,  ya da ki, biz imkan verməyəcəyik» açıqlamaları  hazır işə  şərik çıxmaqdır. «Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və «biz buna imkan verməyəcəyik”» deyəndə, - mən artıq bunu demişəm, - Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda Astaraçay üzərində körpünün açılışı olmuşdur. Nə üçün? Çünki Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir» söyləyən Prezident İlham Əliyevin Ermənistana məsləhəti budur ki,  manipulyasiyalarla məşğul olmasın.   Ən düzgün variant Mehri ərazisindəndir. Xatırladaq ki,  sovetlərin  vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir və  avtomobil yolları əvvəl olduğ kimi, yenə də  oradan keçməlidir. Azərbaycandan Azərbaycana heç bir  yoxlama aparılmadan insanların və yüklərin hərəkəti təmin edilməlidir. Prezident İlham Əliyevin  «Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir»  sözləri  ABŞ və Qərb dairələrinin rəsmilərinə  diplomatik örnəkdir.

Xuraman İsmayılqızı, «İki sahil»