10 iyul 2024 00:45
305

Sülhə “yaşıl işıq”, yoxsa?..

Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması istiqamətində qətiyyətli mövqeyə və iradəyə sahibdir

Azərbaycan 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində əldə etdiyi tarixi Zəfərlə bölgədə yeni siyasi vəziyyət formalaşdırıb, sülh prosesində mənzərəni aydınladıb. Nəhayət ki, artıq Ermənistan anlayır ki, regional təhdidə çevrilməklə heç nə əldə etməyəcək - əksinə, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək regional inkişafın bir hissəsinə çevrilmək, bu inkişafdan yararlanmaq imkanını yaxınlaşdırır.

 İki ölkə arasındakı danışıqların əsas mahiyyəti sərhəd məsələsi ilə bağlı detallar üzərində fokuslanıb. Həllini gözləyən ən əsas məsələ kimi Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, sülhün əldə edilməsi və sərhədlərin müəyyənləşdirilməsi məsələləri önə çəkilir - burada uğur vəd edən şərtlərdən biri və birincisi isə bu kimi məsələlərin iki dövlət arasında həll edilməsi, vasitəçisiz təmaslara üstünlük verilməsidir. 

Ötən ilin payızından etibarən iki dövlətin müvafiq delimitasiya komissiyaları arasında baş tutan görüşlər, aparılan müzakirələr və əldə edilən razılaşmalar bir faktı önə çıxarıb - bu fakt göstərdi ki, üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistan öz aralarında vacib məsələlərlə bağlı razılıq əldə etmək imkanındadırlar. Xüsusilə, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat bu mənada xüsusi əhəmiyyət daşıyır. Həmin sənəddə sülh üçün tarixi imkanların olduğu vurğulanır, Azərbaycanın və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəkləri ifadə edilirdi. Ermənistan öz namizədliyini geri götürərək COP29-un Azərbaycanda keçirilməsinə dəstəyini ifadə etməklə ikitərəfli kontekstdə razılıqların mümkünlüyünü ortaya qoymuşdu. Bu razılaşmanın məntiqi nəticəsi olaraq bu ilin aprelində Azərbaycanın və Ermənistanın müvafiq delimitasiya komissiyalarının səkkizinci görüşündə olduqca mühüm uğurlar əldə edildi - delimitasiya prosesinin ilkin mərhələsi həyata keçirildi. Sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırıldı. Son məlumatda yer alan birgə fəaliyyət haqqında” Əsasnamə layihəsi ilə bağlı razılıq da məhz səkkizinci görüşün nəticələrindəndir - qeyd edək ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanılacağı bildirilmişdi. 

Bu kimi görüşlər növbəti mərhələlərdə görüləcək işlərlə bağlı yeni perspektivlər formalaşdırır. Bu isə öz növbəsində sülhü daha da yaxınlaşdırır - dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi qarşıdakı dövrdə münasibətlərin normallaşması üçün də stimul yaradır - xüsusilə, hazırki sülhlə bağlı açıq mətnli fikirlərin səsləndirildiyi bir dövrdə bu kimi proseslər mövqelərin yaxınlaşmasına yol aça bilər.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin yaydığı son məlumatda da bildirilir ki, müvafiq razılaşmalara əsasən, komissiyalar “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər. 2024-cü il iyulun 1-nə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar. Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır.

Danışıqların əsas müzakirə predmetinə çevrilmiş bu məsələ ilə bağlı Ermənistan tərəfinin mövqeyi ziddiyyətlidir. Paşinyan komandası bir tərəfdən yeni konstitusiya layihəsi üzərində işlədiyini bəyan edir, digər tərəfdən isə bu mövzunun danışıq­ların predmeti olmadığını, Ermənistanın daxili işi olduğunu bildirir. Bəli, Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütöv­lüyünü tanıdığını bəyan edən rəsmi İrə­vanın sərgilədiyi bu cür qeyri-müəyyənlik qətiyyən yolverilməzdir. 

Ermənistan siyasi iradə nümayiş etdirməlidir. Yəni, hələ 2022-ci ildə Azərbaycanın irəli sürdüyü 5 şərtdə göstərildiyi kimi, sülhün davamlı və əbədi xarakter daşıması təmin olunmalıdır. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Bunun üçün isə ilkin şərt Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən bildirib ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.

Prezident qeyd etdi ki, bununla yanaşı, hesab edir ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik:“Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”. Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.

Qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirdi ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını vurğuladı.

Sülhün yaxında olması məsələsi beynəlxalq aləm tərəfindən də təsdiqlənir. Qeyd olunmalıdır ki, proses qlobal aləm tərəfindən diqqətlə izlənir - əldə olunacaq sülhün Şərq-Qərb, Şimal-Cənub istiqamətli yeni ticari imkanlar yaradacağını nəzərə alsaq, bu, normal hal sayılmalıdır. Bu da təsadüfi deyil - artıq bütün dünya etiraf edir ki, Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla mühüm bir coğrafiyada siyasi-iqtisadi aktor kimi mühüm yer tutur. 

Yaqut Ağaşahqızı, “İki sahil”