10 iyul 2024 01:10
469

Makronun məğlubiyyəti Fransanın Cənubi Qafqaz siyasətində redaktələrə səbəb ola bilərmi?

“Yeni xalq cəbhəsi” solçu koalisiyasının Fransa Milli Assambleyasına növbədənkənar seçkilərdə qalib gəlməsindən, daha doğrusu, 182 mandat əldə etməsindən sonra bu ölkənin Prezidenti Emmanuel Makron Beşinci Respublika tarixində özünü ən yöndəmsiz vəziyyətə salıb. Belə ki, Avropa Parlamentinə seçkilərdə rüsvayçı məğlubiyyətin ardınca onun   rəhbərlik etdiyi “Birlikdə” koalisiyası 168, Jordan Bardellanın “Milli Birlik” partiyası 143 yer qazanıb. Elə bu səbəbdən siyasətçilər Fransada keçirilən növbədənkənar parlament seçkilərini Makronun siyasətinə daha bir etimadsızlıq səsverməsi  kimi dəyərləndirirlər. Yeri gəlmişkən qeyd edək ki, “Respublikaçılar” partiyası 45 yer qazanıb. Daha 39 yeri isə seçkinin digər iştirakçıları tutub. Seçkinin nəticələrini şərh edən siyasətçilər qeyd edirlər ki, bu, heç bir partiyanın mütləq səs çoxluğu (289 yer) qazana bilmədiyi mənasına gəlir.  Onların heç biri mütləq çoxluğu qazana bilmədiyi üçün baş nazirliyə namizəd irəli sürə bilmirlər. Qabriel Attal baş nazir postundan istefa vermək istəsə də, Prezident Makron onun xahişini nəzərə almayıb. Ona görə də qarşıda nələr olacağı və hansı vəziyyətin formalaşağı haqqında dəqiq nəsə demək mümkün deyil. Amma hökumətin formalaşdırılması üçün qızğın siyasi müzakirələrin, sövdələşmələrin aparılacağı, müxtəlif kombinasiyalar ilə bağlı təkliflərin olacağı şəksizdir. Bu mənada yaxın aylarda Fransanın bütün siyasi həyatının parlament seçkilərinin nəticələrinə uyğun olaraq yenidən qurulacağı da qaçılmazdır.

Bəli, hazırda Fransada hakimiyyət uğrunda gərgin mübarizə gedir. Qalib partiya hökumətin formalaşmasının ona təhvil verilməsini tələb edir. Bu mənada hazırda bu ölkədə siyasi gərginlik hökm sürür.  Hətta bir fransız jurnalist yazıb ki, mənim ölkəm və xalqım əvvəlki iki dünya müharibəsi­nin heç birinin ərəfəsində bu qədər hör­mətsiz və nüfuzsuz olmamışdı. Xatırladaq ki, Fransada növbədənkənar parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş tutub.

Şübhəsiz, Fransa tarixinin "ən uğursuz prezidenti" adlandırılan Makronun solçulara bu məğlubiyyəti onun apardığı uğursuz daxili və xarici siyasətlə bağlıdır. Belə ki, məhz Makron tərəfindən ölkədə dəfələrlə insan hüquqlarının kobud şəkildə pozulub, iğtişaşlar zamanı aksiyaçılar öldürülüb, antisemitizm geniş yayılıb, pensiya yaşı artırılıb, yanacağın qiyməti ilə yanaşı,  vergilər də artırılb. Makronun Afrikadakı xalqlara qarşı barışmaz münasibəti, dənizaşırı müstəmləkələrinə qarşı amansız davranışı  isə bütün dünyaya, o cümlədən fransız xalqına da yaxşı məlumdur. Bəli, bütün bunlar Makronun nəzərəçarpacaq şəkildə mövqe itirməsinə səbəb olub. Bu yerdə deyiblər, nə tökərsən aşına, o da çıxar qaşığına. Buraya daha bir səbəb də əlavə etmək olar. Belə ki,  Makronun erməni lobbisinin təsiri altında anti-Azərbaycan siyasətinin həyata keçirilməsi, həmçinin ölkəmizə qarşı qarayaxma kampaniyasına rəhbərlik etməsi, Ermənistanı açıq şəkildə dəstəkləməsi, təcavüzkarı silahlandırması, Cənubi Qafqazda sabitliyi pozması, eləcə də Azərbaycanın Fransanın iç üzünü açması da seçimə öz təsirini göstərib. Elə bu kimi səbəblərdən  seçkilərdə digər nümayəndələrə üstünlük verilib. Bu yolla da əgər belə demək mümkünsə, çox haqlı olaraq Makronu cəzalandırılıb. Bu aspektdən çıxış etsək, demək olar ki,  liderləri suveren dövlətlərin işlərinə qarışmağa çalışan digər Avropa ölkələrini də oxşar aqibət gözləyir.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın siyasi elitası və politoloqları Güney Azərbaycan vilayətlərində azərbaycanca çıxış edən və millətçilərin ciddi şəkildə dəstəklədikləri Məsud Pezeşkianın İrandakı seçkilərdə qalib gəlməsi və prezident seçilməsinin ardınca Fransada baş verənlərdən də narahatlıqlarını gizlətmirlər. Hətta demək olar ki, İrəvanı həmişə dəstəkləməyi qarşısına prinsipial məqsəd olaraq qoyan Makronun 7 iyulda Fransadakı parlament seçkilərinin ikinci turunda məğlubiyyəti Ermənistanda həyəcanı daha da artırıb. Bəzi erməni politoloqlar hesab edirlər ki, Makronun məğlubiyyəti və solçularla hakimiyyəti bölüşməyə məcbur olması Fransanın Cənubi Qafqaz siyasətində redaktələrə səbəb ola bilər.

Fransada ikili hakimiyyət yarana biləcəyini, daha doğrusu, prezident və baş nazirin müxtəlif siyasi qüvvələri təmsil ediləcəyini istisna etməyən erməni politoloq Qarik Keryan bildirib ki, seçkilərdən sonra Ermənistan-Fransa münasibətlərində elə bir kəskin dəyişiklik olmayacaq: ”Sadəcə, bütün Avropa İttifaqı dövlətləri üçün eyni olan kontekst var: daha müstəqil və ya daha çox anti-Rusiya mövqeyinə malik olan bütün ölkələrin hakimiyyətini dəstəkləmək”. O, həmçinin vurğulayıb ki, Jan-Lük Melenşonun rəhbərliyi ilə solçu hökumət qurulsa belə, Fransa Ermənistanı əlinin içində saxlayacaq. Bu isə o deməkdir ki, ölkədə yeni fraksiyaların hakimiyyətə gəlməsi Fransanını Azərbaycana olan münasibətini dəyişdirməyəcək. Amma güman etmək olar ki, hakimiyyətə gələn hər halda  Makron kimi ermənidən betər erməni olmayacaq.

Buna görə də Ermənistanın sabahını düşünənlər Azərbaycanla sülh sazişinin ən münasib şərtlərlə bağlanmasının vacibliyini vurğulayırlar. Onların fikrincə, əks halda sonra şərtlər daha fərqli ola bilər. Xatırladaq ki, Azərbaycanın xari­ci siyasətinin təməl prinsiplərini hamı ilə qarşılıqlı inam və etimada əsaslanan sə­mimi əməkdaşlıq və səmərəli tərəfdaşlıq münasibətləri təşkil edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”