09 iyul 2024 14:00
512

Türk dünyası birləşir

Müasir qloballaşan dünyada heç bir ölkə təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Sosial-iqtisadi inkişafın ilkin şərti dünya dövlətləri ilə inteqrasiya etmək və qarşılıqlı faydalı əlaqələr formalaşdırmaqdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər uğurlu xarici siyasət kursu formalaşdıran Azərbaycan Respublikası beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bu sırada türk dövlətləri ilə qurduğumuz əlaqələr demək olar ki, ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin Mərkəzi Asiyanın türkdilli ölkələrinə səfərləri, həmin ölkələrin də dövlət başçılarının Azərbaycana rəsmi səfərləri bu əlaqələri daha da sarsılmaz edir.

6 iyul 2024-cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün təşkili Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü idi. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan Respublikası Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir və göstərəcək.

Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.

Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub.

Hal-hazırda xalqımızın iradəsi və Cənab İlham Əliyevin qətiyyəti ilə Qarabağa və Şərqi Zəngəzura “Böyük Qayıdış” Proqramı müvəffəqiyyətlə icra olunur. Cari ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə qayıdıb. Qeyd etmək yerinə düşər ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.

6 iyul 2024-cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün təşkili qardaş ölkələr arasında yeni əməkdaşlıq perspektivlərinin olduğunu bir daha əyani şəkildə göstərdi. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi