09 iyul 2024 12:12
310

Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu daha da  möhkəmləndirir

Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, tarixi Zəfərimizdən sonrakı dövrün reallıqları bir daha bu birliyin, həmrəyliyin  təqdimatıdır. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu çağırışı edir ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Hər zaman qeyd etdiyimiz kimi, dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının nümunəsində bütün türk dünyasının birliyini, həmrəyliyini görürdü. Şanlı Qələbəmizdən sonra türk dövlətlərinin hər biri bu birliyin möhkəmləndirilməsində nə qədər maraqlı olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Həm ikitərəfli, həm də onları bir araya gətirən Türk Dövlətləri Təşkilatında əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, münasibətlərin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması, Türk Dövlətləri Təşkilatının müxtəlif mövzularda keçirdiyi tədbirlər, Zirvə görüşləri hədəflərə doğru inamlı addımların atılmasında stimulverici amillərdir.

Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır.  İyulun 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi  Zirvə görüşü bir daha bu reallıqlara işıq saldı. Cənab İlham Əliyev günümüzün əsas çağırışlarını Qarabağın tacı Şuşadan çatdırdı:  “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.” Dövlətimizin başçısı, həmçinin hədəfə çatmaq üçün görüləcək işlərdən, atılan və atılacaq addımlardan da bəhs etdi. Vurğuladı ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu  birlikdə nəzərdə tutulan  hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon  dollar məbləğində vəsait köçürüb.

Azərbaycanın türk dünyasının birliyi istiqamətində atdığı addımlar türk dövlətlərinin liderləri tərəfindən yüksək dəyərləndirildi. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi görüşünün keçirilməsi təşəbbüsünə görə cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edən Prezidentlər, həmçinin ilk görüşün  Azərbaycanın Qarabağ bölgəsinin rəmzi və incisi, türk xalqlarının birliyinin və həmrəyliyinin yeni rəmzi olan tarixi Şuşa şəhərində keçirilməsindən böyük qürur hissi keçirdiklərini bildirdilər. Özbəkistan  Prezidenti Şavkat Mirziyoyev  qeyd etdi ki,  türk dünyasının mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Hazırda tarixi ədalətin bərpa olunduğu bir zamanda və Azərbaycanın azad etdiyi Qarabağda cənab  İlham Əliyevin rəhbərliyi ilə aparılan nəhəng quruculuq işlərinin, memarlıq və mədəni abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin əyani şahidi oluruq: “Sizin kimi dəyərli qardaşımızın belə möhtəşəm işləri yaxın dostlarınız olaraq bizləri sonsuz dərəcə sevindirir və qürurlandırır. Birgə səylərimiz və xüsusi marağımızla bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağın gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcəyinə inanıram.”

Zirvə görüşü çərçivəsində qəbul edilən qərarlar, sonda imzalanan Qarabağ Bəyannaməsi türk dünyasının gələcəyi barədə aydın təsəvvür yaradır. Bu addımlar birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsi istiqamətində yol xəritəsi kimi təqdim edildi.

Azərbaycanın beynəlxalq nüfuzunun artması dövlət başçısı İlham Əliyevin bu günlərdə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qonaq kimi dəvətindən də aydın göründü. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak etmişdir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan qurumda  müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır. Ən əvvəl onu qeyd edək ki,  Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Hər iki Zirvə görüşündə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 əsas diqqət göstərilən mövzulardan oldu.

Qısa təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki,  günümüzün reallıqları ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə  körpü rolunu möhkəmləndirməsinin təsdiqidir.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi