07 iyul 2024 21:18
93

ŞƏT ölkəmizlə əməkdaşlığa böyük önəm verir

Hazırda Azərbaycan  müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşmasına, Avropa dövlətlərinin enerji təhlükəsizliyinə  töhfə verən qüdrətli  güclü aktor, regional güc mərkəzi kimi qəbul edilir, sivilizasiyalararası körpü rolunu uğurla davam etdirir. Beynəlxalq əlaqələrini genişləndirən   ölkəmizin dünya birliyinə  uğurlu inteqrasiyası  Azərbaycanın geniş coğrafiyanı əhatə edən  diplomatiyasının dəstəklənməsidir.

Dünyada sürətlə dəyişməkdə olan geosiyasi şərait sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın gücləndirilməsində , ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə  daha böyük vəzifələr düşdüyü müasir dünyamızda  Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son illərdə beynəlxalq arenada nüfuzunun artması  quruma maraqdan qaynaqlanır. Əsas fəaliyyət istiqamətlərindən olan regional təhlükəsizliyin təmin edilməsi, terrorizmə, separatizmə və ekstremizmə qarşı mübarizədə fəal rol oynayan təşkilat  "Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında" 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyasının tələblərindən irəli gələn prinsiplər əsasında  fəaliyyətini uğurla davam etdirir. İqtisadi güc mərkəzinə çevrilmək naminə   səylərini artıran ŞƏT-in  «Böyük yeddiliyin” alternativi» adlandırılması da təsadüfi deyil.

2001-ci ildə  Şanxayda təsis olunan qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra  təşkilat üzvlərinin sayı 9-a çatdırılıb. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər sırasındadırlar. Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı isə təşkilatın dialoq tərəfdaşlarıdır. Dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli  əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin möhkəmləndirilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması kimi prinsiplərə sadiqlik   təşkilatın nüfuzunu daha da artırır. 

ŞƏT-in iki daimi orqanı fəaliyyət göstərir ki, bunlardan biri Pekində yerləşən Katiblik, digəri Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturdur.  Müşahidəçi və dialoq tərəfdaşları olan ölkələr də nəzərə alınsa, onda dünya iqtisadiyyatının yarısının  payına sahiblik edən  ŞƏT  demoqrafik baxımdan bir çox beynəlxalq təşkilatlardan üstünlüyünü qoruyur.

ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır.   Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Orta Dəhliz layihəsinin əsas tərəfdaşlarından olması, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu  əlverişli nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.

Təranə Paşayeva,
YAP Xətai rayon təşkilatında məsləhətçi