09 iyul 2024 02:49
375

Avrasiyanın nəqliyyat və logistika qovşağı...

Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti 5 milyon tona qədər artıb

Orta Dəhliz vasitəsilə göndərilən Çinin ilk yük avtomobilləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmisi ilə Azərbaycana çatdırılıb. 26 yük avtomobilindən ibarət ilk konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanında ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Merkuri-1” gəmi-bərəsinə yüklənərək yola salınıb. Artıq Azərbaycana çatan avtomobillər buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə göndəriləcək. Bundan əvvəl mayda Çin Avropaya Kurıkdan Orta Dəhliz ilə sınaq rejimində üç yük maşının 80 ton ağırlığında yük göndərib.

Hazırda Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinin inkişaf hədəflərinə uyğun olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünü 25-30 milyon tona qədər artırmaq istiqamətində aramsız addımlar atmaqdadır. Azərbaycanın Yeni İpək Yolunun ən strateji xətti olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı iradəli addımları və təşəbbüskarlığı Pekinin də strateji maraqları ilə üst-üstə düşdüyündən bölgədəki kommunikasiyaların birləşməsinə xüsusi dəstək verir.

Bildiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Birgə Bəyannamədə də qeyd olunduğu kimi “Orta Dəhliz” tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əks istiqamətdə Cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazırdır.

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Dünya Bankının proqnozlarına görə, əgər uyğun logistika və nəqliyyat şərtləri təmin olunarsa, 2030-cu ilə qədər Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 30 faiz artacaq. Amma bunun üçün tələblərə cavab verən nəqliyyat dəhlizinin olması vacibdir. Çin və Avropa dünyanın ayrı-ayrı nöqtələrində yerləşir. Bu coğrafi məkanların  aralarında təxminən 9 min kilometr məsafə var. Ona görə də hazırda bu iki coğrafi məkanın arasında malların daşınması üçün yeni marşrutun seçilməsi bütün dünyanın diqqət mərkəzindədir. Orta Dəhliz marşrut bu layihəyə əsas namizəddir.

2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm şəkildə konteynerlərin daşınması həyata keçirilir. Orta Dəhlizin ən işlək və rentabelli seqmenti kimi Zəngəzur qovşağı xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Orta Dəhlizin ən strateji xətlərindən biri kimi Zəngəzur dəhlizinin yaradılması həm də Naxçıvan ilə quru əlaqələrin bərpası və Naxçıvanın Xəzər- Aralıq dənizini birləşdirən körpüyə çevrilməsinə səbəb olacaq. Regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsi olan Orta Dəhliz iqtisadi baxımdan səmərəli olduğu kimi, onun siyasi əhəmiyyəti də az deyil. Belə ki, Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb. Azərbaycan şanlı Zəfəri ilə 30 ilə yaxın işğal altında qalan torpaqları azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda, bu Zəfər Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir.

Göründüyü kimi, son illərdə Azərbaycan Orta Dəhlizin ən yüksək səviyyədə reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib və yetirməkdədir. Bu gün Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Bir sözlə, Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün Azərbaycanda tələb olunan bütün faktorlar mövcuddur.

Nigar Orucova, “İki sahil”